“BQXK-nın biganəliyinin nəticəsidir ki, minlərlə soydaşımızdan indiyə qədər xəbər yoxdur”-Mübariz Göyüşlü Siyasət

“BQXK-nın biganəliyinin nəticəsidir ki, minlərlə soydaşımızdan indiyə qədər xəbər yoxdur”-Mübariz Göyüşlü

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı fəaliyyəti onun qarşısında olan prinsiplərlə üst-üstə düşmür. Komitənin Azərbaycanda fəaliyyəti, xankəndində rəsmi Bakı ilə razılaşdırılmamış çalışmaları heç cür təqdir oluna bilməz”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib. M. Göyüşlü bildirib ki, Azərbaycan və azərbaycanlılara lazımi diqqəti göstərməyən BQXK ermənilərlə bağlı məsələyə çox həssaslıq göstərirdi: “1990-cı illərdə itkin düşən azərbaycanlıların tapılmasında lazımi şəkildə fəallıq göstərməyən Komitənin biganəliyinin, susqunluğunun nəticəsidir ki, minlərlə soydaşımızdan, ermənilərin əsir, girov götürdüyü azərbaycanlılardan indiyə qədər də xəbər yoxdur.
BQXK onların əksəriyyəti ilə bağlı məlumatlı idi, lakin nə qaytarılmasına dəstək oldu, nə də barələrindəki informasiyaları Azərbaycanla bölüşmədi.
Çox təəccüblüdür ki, BQXK II Qarabağ müharibəsində daha çox fəallıq göstərdi. Hətta 30 il ərzində göstərmədiyi fəallığı göstərdi. Əlbəttə ki, ermənilərin xeyrinə. Xankəndi ofisindən ermənilərin qorunması, sağlığı, hətta öz maşınlarında ermənilər üçün qaçaqmal daşımağa qədər ən müxtəlif fəaliyyətlərdə gördük Komitəni və onun nümayəndələrini.
Müharibədən sonra BQXK xankəndi ofisini bağladı və Bərdəyə köçdü. Ermənistanda bəyəm BQXK-nın iki ofisi var? Bakıda ofis fəaliyyət göstərdiyi halda Bərdədəki qərargah nə işə yarayır? Suallara cavab verilməlidir. Bəlli olan isə budur ki, BQXK-nın və onun rəhbərliyinin hələ də başında erməni sevgisi qalıb. Bu məsələlərin sonlandırılması və Komitənin öz fəaliyyətini Bakıdan, rəsmi Bakı ilə razılaşdırılmış formatda həyata keçirməsi lazımdır”.

Əli