“Qərbin Ukraynaya verdiyi “dəstək” insanları çaşdırmamalıdır” Siyasət

“Qərbin Ukraynaya verdiyi “dəstək” insanları çaşdırmamalıdır”

Qüdrət Həsənquliyev: “Kənardan çoxları İranı “ürəkli” olmağa təhrik etsə də, İranda başa düşürlər ki, İsraillə müharibə kollektiv Qərblə müharibə deməkdir və belə bir müharibə İranın dağılmasına yol aça bilər, çünki hərbi-siyasi məğlubiyyət qaçılmazdır”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:

- Qüdrət bəy, İsrail və İran arasında müharibənin baş verməsi nə qədər realdır və Azərbaycan üçün hansı nəticələrə səbəb ola bilər?

- İsrail Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Qərb ölkələri bizə torpaqlarımızı işğaldan azad etmək üçün silah satmayanda İsrail bizə müasir silahlar satıb, yəhudi diasporası bizə siyasi-diplomatik dəstək verib və biz torpaqlarımızı işğaldan azad etmişik. Bunu heç vaxt yaddan çıxarmamalıyıq. İran isə qonşumuz və həm də 35-40 milyonluq Azərbaycan türklərinin vətənidir. Əhalisinin yarısı türk olan dövləti fars millətçiləri idarə etsə də, biz bu ölkəni türk dövləti saymalıyıq. Azərbaycanın maraqları tələb edir ki, İranda dəyişikliklər təkamül yolu ilə baş versin. Bu iki ölkə arasında münasibətlərin gərgin olması bizim maraqlarımıza cavab vermir. Kənardan çoxları İranı “ürəkli” olmağa təhrik etsə də, İranda başa düşürlər ki, İsraillə müharibə kollektiv Qərblə müharibə deməkdir və belə bir müharibə İranın dağılmasına yol aça bilər, çünki hərbi-siyasi məğlubiyyət qaçılmazdır. Ola bilsin İran atdığı raketlərin hədəflərinin koordinatlarını, hərəkət trayektoriyasını İsrailə ötürmüşdü, yaxud raketlərin özünüməhvetmə sistemini işə salmışdı. Bir çox hərbi ekspertlər baş verənlərin razılaşdırılmış “təlim”lərə oxşamasını söyləyirlər. Yox,əgər iddia olunan kimi deyilsə, onda İran rəqibin nə qədər güclü olduğunu gördü. Qərbin Ukraynaya verdiyi “dəstək” insanları çaşdırmamalıdır. Qərb Ukrayna ilə Rusiya arasında qanlı savaşın və əbədi düşmənçiliyin olmasında maraqlı görünür, həm də Rusiyadan çəkinir. Ona görə Ukraynaya öz ərazi bütövlüyünü təmin edə biləcək həddə silah vermirlər. Ukraynanı alçaldıcı sülhə məcbur edəcəklər ki, düşmənçilik davam etsin, barış olmasın. Ukraynanın bir hissəsini Rusiyaya verməklə digər hissəsini daimi özlərindən asılı edəcəklər. Dünya əsil həqiqətləri 16 iyun 2021-ci ildə Cenevrədə Putinlə Bayden arasına hansı razılaşmanın əldə olunmasına dair arxivlər açılanda biləcək. 2010-cu ildə qərbyönümlü Viktor Yuşşenkodan sonra Rusiya yönümlü Viktor Yanukoviçin Ukraynada hakimiyyətə gəlməsi kollektiv Qərbi möhkəm qorxutdu. ABŞ və Britaniya istəsəydi 2014-cü ildə Ukraynanı nüvə silahından məhrum edən 1994-cü il Budapeşt memorondumuna istinad edib Rusiya ilə anlaşa, onunla müəyyən sazişlər imzalamaqla onu Ukraynaya hücumdan çəkindirə, müharibənin qarşısını ala bilərdi. Həm də, o da yaddan çıxmamalıdır ki, həlledici faktor olmasa da Rusiya nüvə dövlətidir, böyük ərazi və əhaliyə,güclü hərbi-sənaye kompleksinə malikdir. Bir çox Qərb siyasətçiləri, ictimai-siyasi xadimləri, media nümayəndələri, QHT sektoru, iri Qərb şirkətləri Rusiyaya işləyir. İran hətta Rusiya ilə müqayisədə iqtisadi və texnoloji baxımdan geri qalmış ölkə hesab olunur. İranda ÜDM-in adambaşına düşən həcmi 4 234 ABŞ dolları təşkil edir. Məsələn,bu rəqəm Azərbaycanda 7126 $ dollar, Rusiyada 13005 $, ABŞ-da 80412 $, İsraildə 58 273 $ dollardı.

Müharibə olarsa təhlükəsizliyimizi təmin etmək üçün İsraildən silah ala bilməyəcəyik, insan itkiləri, dağıntılar olcaq, ölkəmizə cənubdan qaçqın axını ola bilər və s. Hər bir normal adam müharibəyə qarşı olmalıdır, təbii ki, əgər ölkən, yaxud müttəfiqlərin və dünyada hər kəsi təhdid edən beynəlxalq təhlükəsizlik sistemi təcavüzə məruz qalmayıbsa...

- Qüdrət bəy, İranın nüvə silahına sahib olmasını beynəlxalq təhlükəsizliyə təhdid hesab edirsinizmi?

- İran Azərbaycana münasibətdə nə qədər ədalətsiz davransa da İranın nüvə silahına sahib olmasını bəşəriyyət üçün təhlükə saymıram. Şimali Koreyanın da nüvə silahı var. Nüvə silahı böyük çəkindirici gücə sahibdir. Bir dəfə söyləmişdim ki,əhalisinin sayı 50 milyon nəfərdən çox olan ölkələrin nüvə silahına sahib olması doğru olardı. Nüvə silahından imtina böyük müharibələrə yol açacaq. Allah insana şüur versə də onu bioloji varlıq kimi yaradıb. İnsanı ali şüur, ali dəyərlər yox, daha çox özünüqoruma instinkti başqalarına təcavüzdən çəkindirə bilər. Cəlaləddin Ruminin belə bir sözü var: "Bəzən mələklər insan olmadıqlarına görə üzülər, bəzən isə şeytanlar insan olmadıqlarına görə şükür edərlər". Hesab edirəm, Türkiyə, İran, İndenoziya , Misir kimi böyük müsəlman ölkələri də nüvə silahına sahib olmalıdır. Pakistan nüvə silahına sahib tək müsəlman ölkəsi omamalı, xüsusilə, etibarlı müttəfiqi Türkiyəyə nüvə silahına sahib olması üçün yaxından kömək etməlidir. Hazırda Almaniyada ABŞ-dan 1000 ədəd nüvə başlığı alınması istiqamətində ictimai müzakirələr aparılır. BMT TŞ-nin daimi üzvü olan 5 nüvə dövləti dünyada təhlükəsizliyi nəinki təmin etmir, bir çox hallarda özləri dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı böyük təhlükəyə çevrilirlər.

Xalqcebhesi.az