Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlamasına hazırlıq görülür - İran XİN Siyasət

Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlamasına hazırlıq görülür - İran XİN

Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması istiqamətində hazırlıq işləri görülür.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün (15 aprel) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı diplomatik fəaliyyətinin yenidən başlaması üçün ilkin müsbət addımlar atılıb, xarici işlər nazirləri səviyyəsində müsbət danışıqlar aparılıb.

İran XİN rəsmisi qeyd edib ki, bir müddət öncə Azərbaycanın diplomatik heyəti ilkin hazırlıq işlərinin həyata keçirilməsi üçün Tehrana gəlib.

“İran və Azərbaycan arasında yekdil rəy yaranıb ki, iqtisadiyyat və digər sahələrdə olduğu kimi iki ölkə arasında siyasi əməkdaşlıqlar da başqa sahələrlə birlikdə hərəkət etməlidir”, - deyə o bildirib.

Xatırladaq ki, 27 yanvar 2023 tarixdə Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsində Səfirliyin bir diplomatı şəhid olub, 2 diplomatı isə yaralanıb. Bununla da Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb.