Azərbaycan kimi sabitləşdirici mövqedə duran dövlətlərin çox olmasına ehtiyac var - ŞƏRH Siyasət

Azərbaycan kimi sabitləşdirici mövqedə duran dövlətlərin çox olmasına ehtiyac var - ŞƏRH

Bu gün dünya nizamı İkinci Dünya Müharibəsindən sonra özünün ən çətin dövrünü yaşayır.

Bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin deputatı Azər Badamov bildirib.

Onun sözlərinə görə, böyük güclər silahlar və müharibələr hesabına öz gəlirlərini artırmaq istəyir.

“Qərb, Rusiya və digər ölkələr arasında nüfuz uğrunda müharibələr davam edir. Ona görə də dünya gücləri beynəlxalq hüquq normaları gözlənilmədən birtərəfli şəkildə öz maraqlarına uyğun müharibələri dəstəkləyir və sonu görünməyən münaqişə ocaqları yaradır. Müharibələrin bizim qonşu ölkələrdə baş verməsi beynəlxalq siyasətimizi daha doğru şəkildə aparılmasını tələb edir.

Çoxlu dövlət başçıları yanlışlıqlara yol verərək müharibələrə cəlb olunur və həm öz ölkəsini müəyyən çətinliklərlə qarşlaşdırır, həm də müharibələrin uzunmüddətli olmasına şərait yaradır. Belə ki, Rusiya-Ukrayna və İsrail-Fələstin müharibəsini misal göstərmək olar. Qərb dövlətlərinin ədalətsiz yanaşmaları dinc sakinlərin həyatlarını cəhənnəmə döndərib. Şəhərlər və kəndlər dağılır, insanlar öz yurdlarından didərgin salınır və beləliklə dünya nizamında xaos yaşanır. Bu günlərdə baş verən müharibələrə yeni bir münaqişə ocağı da əlavə olundu”, - deyə deputat bildirib.

O qeyd edib ki, Dəməşqdəki İran konsulluğuna endirilən zərbədən sonra İranın İsrailə hücümü gözlənilirdi.

“Təbii ki, bu hücum da baş tutdu və Qərbin təzyiqləri qarşısında qalan İran vəziyyəti gərginləşdirməmək üçün hərbi əməliyyatlarını dayandırdığını bildirdi. Amma İsrail İranın cavabını vermədən hərbi əməliyyatları dayandıracaqmı kimi bir sual meydana gəlir. ABŞ və birləşmiş Qərb İsrailin yanında olduğunu və bütün vasitələrlə kömək edəcəklərini ifadə etdilər. Lakin İsrailin İrana cavab verəcəyi də gözləniləndir. Bütün bunlarla yanaşı qonşu dövlətlərdə münaqişələr baş verməsinə baxmayaraq, özünün müstəqil balanslaşdırılmış siyasətini yürüdən Azərbaycan var.

Prezident İlham Əliyevin düşünlmüş uğurlu siyasəti 30 il erməni işğalı altında qalmış torpaqların azad olunmasına və bütün ərazilərində suverenliyin bərpasına yol açdı. 3,5 il əvvəl 44 günlük müharibə başa çatanda Prezident İlham Əliyev daha müharibələrin istəmədiyini bildirərək Ermənistana sülh əlini uzatdı. Qərbin təzyiqləri altında olan Ermənistan müstəqil siyasətini yürüdə bilmir və regionu beynəlxalq güclərin toqquşduğu hərbi poliqona çevirmək istəyir.

Amma Prezident İlham Əliyevin uğurlu beynəlxalq siyasəti ABŞ və Aİ-lə münasibətlərin yüksək səviyyədə inkişaf etməsinə və Azərbaycanın maraqlarına Qərbin hörmətlə yanaşmasını tələb edir. Məhz 5 apreldə Brüsseldə baş tutmuş ABŞ, Aİ və Ermənistan arasında keçirilmiş üçtərəfli görüş ərəfəsində ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komisiyasının prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə zəng etməsi və keçiriləcək görüşün Azərbaycanın maraqlarına qarşı olmadığını bildirməsi ölkəmizə olan böyük hörmətdən irəli gəlir. Təbii ki, 5 aprel görüşündən sonra Ermənistana müəyyən hərbi texnikaların göndərildiyinin də şahidi olduq. Amma bu masştablı xarakter almadı.

Prezident İlham Əliyev milli maraqlarımıza uyğun müstəqil siyasət yürüdür. Siyasətimiz dost ölkələrlə dostluq və əməkdaşlığın möhkəmləndirlməsinə, dost olmayan ölkələrlə də əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə xidmət edir. O cümlədən qonşu ölkələrdə səsləndirilən təxribatçı çağırışlara qoşulmuruq və dostluğumuzu hər şeydən üstün tuturuq. Məhz ona görə də 44 gündə torpaqlarımızı inamla azad edə bildik və 23 saatda keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda erməni separatizminin yuvasını dağıda bildik. Bu gün dünya nizamı pozulmuş gərgin dünyada Azərbaycan çox az ölkələrdəndir ki, sabitlik adasına çevrilib.

Biz ölkəmizdə sabitlik və inkişafı təmin etdiyimiz kimi, beynəlxalq arenada da etibarlı tərəfdaş kimi qlobal problemlərin həll olunmasına töhfə veririk. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, mütəmadi olaraq Mədəniyyətlər arası beynəlxalq Humanitar Forumlar keçirir, Fransanın neokolonializm siyasətini ifşa edən və müstəmləkəçilkdən əziyyət çəkən xalqları bir araya gətirən Bakı Prosesinə ev sahibliyi edirik, qlobal İqlim İstiləşmələrə qarşı dünyanı həmrəyliyə dəvət edən COP 29 beynəlxalq konfransına ev sahibliyini edəcəyik və bu sıradan təşəbbüsünmüzlə baş tutan çoxlu beynəlxalq tədbirləri qeyd edə bilərik ki, bu tədbirlərlə ölkəmiz beybnəlxalq səviyyədə sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verir. Hətta Prezident İlham Əliyevin təşəbbüsü ilə qonşu dövlətlər arasında münasibətlərin normallaşması proseslərin baş verdiyini də görürük.

Ölkəmizin sabitlik adası olması beynəlxalq güclərin görüş məkanı kimi etibar qazanmasına da yol açmışdır. Belə ki, beynəlxalq səviyyədə ən böyük güclər hesab olunan NATO-nun və Rusiyanın Baş Qərargah rəisləri dəfələrlə Bakıda görüşmüş və müəyyən məsələlər müzakirə olunmuşdur. Bu gün gərginliyin artıdığı dünyada yenə də Azərbaycan kimi sabitləşdirici mövqedə duran dövlətlərin çox olmasına ehtiyac var. Bu baxımdan davam edən müharibələrin dayandırılması üçün görüşlərin keçirilməsinə ən münasib ölkə də Azərbaycandır.

Bu baxımdan Rusiya-Ukrayna-Qərb və İsrail-Fələstin-İran müharibələrinin dayandırılması ilə bağlı danışıqların aparılmasının ən münasib yeri də məhz Azərbaycan olduğunu qeyd edə bilərik. Çünki dövlət başçımızın apardığı balanslaşdırılmış beynəlxalq siyasət bir-biri ilə düşmən ölkələrin barışmasına və münasibətlərin normallaşmasına töhfə vermişdir. Beynəlxalq tərəfdaşlara Cənubi Qafqazda ayırıca xərclərin çəkilməsinə açıq şəkildə etirazımızı bildirə bilirik. Ölkəmizin gələcəyə baxışları sülh və əməkdaşlıq üzərində qurulmuşdur. Bu baxımdan regionda yeni əməkdaşlıq platformaların yaranmasını dəstəkləyirik. O cümlədən, Ermənistanı da əməkdaşlığa dəvət edirik. Təbii ki, ölkələrin suveren ərazilərinə hörmət prinsipi əsasında bu əməkdaşlıq qurulmalıdır. Bu baxımdan regionda artan gərginliklər fonunda inkişaf edən sabitlik adası olan Azərbaycan var. Birmənalı şəkildə qeyd edə bilərəm ki, bu sabitliyin, əməkdaşlığın və inkişafın müəllifi Prezident İlham Əliyevdir”, - deyə deputat əlavə edib.

Politoloq İlyas Hüseynov isə Trend-ə bildirib ki, dünyada mürəkkəb proseslər, geopolitik maraqların toqquması, qanlı müharibələr icra olunur.

"Yeni dünya nizamı prosesində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edən dövlət kimi milli maraqlarını qətiyyətlə qoruyur. Digər tərəfdən bizim yerləşdiyimiz geosiyasi bölgədə şimal və cənub qonşumuz bu və ya digər formada qlobal müharibələrə cəlb olunub. Bu regionun təhlükəsizliyi baxımında bir sıra sualları ortaya çıxarır. Azərbaycan bütün regional və qlobal təhdidlərinin qarşısının alınması istiqamətində ardıcıl addımlar atır. Bu mürəkkəb geosiyasi konfriqurasiyaya rəğmən Azərbaycan bölgənin sabitlik adası kimi öz gələcək praqamatik fəaliyyətini təmin edir. Eyni zamanda qeyd etməliyik ki, Azərbaycan regionda sabitləşdirici faktor kimi öz mövqeyini təsdiq edib.

Təəsüflər olsun ki, regionda Ermənistan öz destruktiv və pozucu fəaliyyətini davam etdirir. Bir sıra geosiyasi və qlobal oyunçuların əlində alət olmaqdan qurtula bilmir. Bu dövlət müstəqil geosiyasi aktor kimi faəliyyət göstərmək təşəbbüslərini sıfıra endirib, yalnız alət olaraq regionda öz mövcudluğunu sübuta yetirmək istəyindədir. Bu da sülhün əldə olunmasına maneə olan əsas amillərdən biridir", - deyə o bildirib.