“Prezidentin son bəyanatı məsələnin paket şəklində həll olunmayacağına dair bir mesaj idi” Siyasət

“Prezidentin son bəyanatı məsələnin paket şəklində həll olunmayacağına dair bir mesaj idi”

Arzu Nağıyev: "Yəni bu münaqişə yalnız mərhələli şəkildə həll olunmalıdır"

"Azərbaycan prezidenti cənab İlham Əliyevin Qarabağla bağlı son bəyanatı açıq şəkildə məsələnin paket şəklində həll olunmayacağına dair bir mesaj idi. Yəni bu münaqişə yalnız mərhələli şəkildə həll olunmalıdır. Bu mesajın ardından ATƏT-in Minsk Qrupunun həmsədrləri dərhal regiona səfər etdilər. Ermənistan rəhbərliyi isə paket həll variantının üzərində dayanıb. Rusiya SSRİ-nin varisidir və bu yanan ocağın yaradılmasında SSRİ-nin birbaşa rolu olub. Ona görə də Rusiya məsələni sona qədər yerinə yetirməlidir". Bu fikirləri siyasi ekspert Arzu Nağıyev səsələndirib. O bildirib ki, Sankt-Peterburq görüşündə ilk dəfə uzun müddətdən sonra müəyyən bir müsbət hal yaranmışdı: "Lakin Serj Sərkisyan hakimiyyətindən, hətta fiziki məhvindən qorxaraq pərdəarxası görüşlərdə İrəvana qayıtdığı müddətdə artıq məhv ediləcəyini bildirdi və siyasi gedişlər edərək hökumət dəyişikliyinə getdi. Hətta separatçılarla görüşündə yenidən müstəqilliklə bağlı bəyanatlar verdi. Yeni baş nazir də Qarabağa səfər edib qondarma qurumun adında dəyişiklik etmək təklifi ilə çıxış etdi. Təbii ki, bunlar danışıqlardan yayınma üçün atılan addımlardır".
Onun fikrincə, ATƏT-in Minsk Qrupu səssini çıxarmır desək bu düzgün olmazdı: "Lakin konstruktiv və səmərəli iş görməməsi göz qabağındadır. MəluMdur ki, regiona səfərdən sonra yenə bəyanatlar verildi. Hazırda qarşıda hər iki dövlətin Xarici işlər nazirlərinin Hamburqda görüşü gözlənir. Əgər bu görüşdə də ermənilər qeyri-adekvat bəyanatlardan o yana keçməsələr, artıq böyük qarşıdurma yarana bilər. Əgər əksinə müəyyən qərarlar qəbul edilsə, yəqin ki, daha yüksək səviyyəli görüşlər ola bilər.
Münaqişə istənilən vaxt alovlana bilər. Beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun üzvü olan, ikitərəfli görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, lakin Ermənistana təsir etməyən dövlətlər bütün səlahiyyətlərindən istifadə edərək təsir mexanizmini daha da təkmilləşdirməli və bundan tam şəkildə istifadə etməlidirlər. Əks halda regionda baş verə biləcək hərbi qarşıdurma bu ölkələrdən də yan ötməyəcək".
Birləşmiş Ştatlardakı seçkilərin nəticələrinin bir sıra regional münaqişələr, o cümlədən Qarabağ probleminin həllinə hansısa formada təsiri edib etməyəcəyinə gəlincə, ekspert diqqətə çatdırıb ki, Donald Tramp, həm də Hillari Klinton öz seçki öncəsi debatlarında, çıxışlarında elə bir yeni məsələ ortaya qoya bilmədilər, onların sözlərində hər hansı ciddi yeniliyin şahidi olmadıq: "Hər ikisinin də əsas vurduğu nöqtə iqtisadiyyat, ölkəyə təhdid, terrorizmlə mübarizə oldu. Onlar bundan o yana hər hansı problemi qabarda bilmədilər. Ən maraqlısı isə odur ki, onların hər ikisinin bu problemlərin həlli üçün konkret resepti də yox idi. Düşünmürəm ki, belə tezliklə münaqişənin həllində məhz ABŞ-ın təsiri olsun. Təbii ki, regional layihələrdə tam iştirakçı olmaq üçün ilk növbədə təhlükəsizlik məsələləri ,o cümlədən təhdidlər aradan qaldırılmalıdır. Bu təhdidlərin ən mühüm də Dağlıq Qarabağ münaqişəsidir. Qeyd etdiyim kimi, problemin həlli ancaq mərhələli şəkildə həyata keçə bilər. Tam şəkildə yaxın zamanda münaqişənin həll ediləcəyi inandırıcı görünmür. Əsas məsələ ondan ibarətdir ki, bu gün Azərbaycan tərəfi bütün istiqamətlərdə, hərbi, diplomatik və siyasi məsələlərdə şərt qoyan və diqtə edən tərəfddir. Buna görə də ermənilər müxtəlif siyasi manevrlər edirlər. Düşünürəm ki. bu da münaqişənin həllinə mənfi təsir edir".
Arzu Nağıyev onu da bildirib ki, erməni hüquq müdafiəçiləri Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu dilə gətirsəydilər, hüquq müdafiəçiləri kimi deyil, diplomatlar kimi qarşılanardılar: "Eyni zamanda bu məqsədli şəkildə atılan addımdır". Politoloqun sözlərinə görə, erməni hüquq müdafiəçiləri Vahan Martirosyanın və Vahe Avetyan artıq Ermənistanla əlaqəsi az olan şəxslərdir: "Məlumdur ki, hər iki hüquq müdafiəçisi Azərbaycana Ermənistandan deyil, başqa dövlətlərdən gələnlərdir. Buna görə də ümumiyyətlə onların Azərbaycana gəlib ermənilər haqqında danışmaları, Ermənistan hakimiyyətini tənqid etmələri müsbət hal olsa da, Azərbaycanın qələbəsi kimi qəbul edilsə də, ciddi bir məsələ deyil. Ümumi sözlərlə, ifadələrlə danışmaq hələ tam şəkildə qəbul edilməməlidir. Buna görə də Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını dilinə gətirməmək onların tam səmimi olmasından irəli gəlir".