Azərbaycan xarici bazarlarla enerji bağlantılarını şaxələndirir Siyasət

Azərbaycan xarici bazarlarla enerji bağlantılarını şaxələndirir

Bakı Enerji Forumunda 37 ölkədən 300-dək şirkətin qatıldığı tədbirlərdə enerji sektoru ilə bağlı yerli və beynəlxalq əhəmiyyətli məsələlər müzakirə olunur. Onların arasında qaz hasilatı və ixracı, beynəlxalq bazarlarda təlabatın artması və bu sahənin ölkəmiz üçün inkişaf perspektivləri diqqət çəkir. Nəzərə alsaq ki, son illər Azərnaycanda qaz istehsalı və ixracı dinamik olaraq artır, Avropanın bir sıra ölkələrinin “mavi yanacaq”la təminatında mühüm rol oynayırıq, bu mövzunun aktuallığını təsəvvür edə bilərik.
Dünya bazarında qaza tələbin artdığı bir şəraitdə Azərbaycanın bu bazarda rolunun və iştirakının hər il artması müsbət tendensiyalar kimi qiymətləndirilməlidir. Avropaya illik qaz tədarükü son 3 ildə 8,2 milyard kubmetrdən 12 milyard kubmetrə yaxın artıb. Trans-Adriatik Boru Kəmərinin 2026-cı ilə qədər 1,2 milyard kubmetr genişləndirilməsi, ötürmə qabiliyyətinin daha da artırılması üzrə davam edən müzakirələrlə təsdiqlənməsi də ölkəmiz üçün yaxşı perspektivlər vəd edir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin Enerji üzrə baş direktoru Kristina Lobillo Borrero Bakı Enerji Forumunda deyib ki, “Azərbaycan Avropa İttifaqı (Aİ) üçün çox etibarlı partnyordur. Təkcə qaz yox, həmçinin enerji keçidi üzrə də paralel işləyirik. Biz Azərbaycan və Əlcəzairdən borular vasitəsilə qaz idxalını artırmışıq. Yeni qaz resursları əldə etmək üçün növbəti addımlar atmalı və daxili infrastrukturu genişləndirməliyik. Beləliklə, Rusiya qazından asılılığımızı aradan qaldırmağı hədəfləyirik. Məqsədimiz Ukraynada olan böhrana cavab reaksiyamızı göstərməkdir”. Bu yanaşma qaz ixracatçısı olan Azərbaycanın Avropa ölkələri üçün nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir.
Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamel isə Bakı Enerji Forumunda bildirib ki, “Azərbaycan enerji təhlükəsizliyinə böyük töhfələr verir. Həmçinin Azərbaycanın Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) üzvü olmağından çox məmnunuq. Enerji keçidinin iqtisadi baxımdan məmnunedici olması üçün əməkdaşlıq vacibdir. Təbii qaza olan tələbat 2050-ci ildə 30 faiz yüksələcək, süni intellektə olan tələbat da artacaq. Bu sahəyə 9 trilyon dollar investisiya lazımdır. Texnologiya burada vacib rol oynayır. Azərbaycanı COP29-a ev sahibliyi etdiyi üçün təbrik edir və uğurlar arzulayıram. Əminəm ki, bu konfransda veriləcək qərarlar böyük addımlar atmağa şərait yaradacaq”.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakı Enerji Forumu çərçivəsində "Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq" mövzusunda panel müzakirəsində vurğulayıb ki, “enerji və qaz mənbələrini şaxələndirmək üçün infrastrukturu, o cümlədən çatdırılma marşrutlarını inkişaf etdirməliyik. Bizə Avropada diversifikasiya məsələsində mühüm təzyiq göstərilir. Problem ondadır ki, bizdə bu anlayışın fərqli tərifləri var. Bizim diversifikasiya anlayışımız bir mənbənin digəri ilə əvəz olunmasından deyil, mənbələrin sayının artırılmasından ibarətdir. Həqiqi diversifikasiya üçün daha çox mənbələrə ehtiyac var. Məhz bu səbəbdən Azərbaycan, Qətər və Türkiyədən daha çox qaz satın ala bilmək üçün Cənub-Şərqi Avropada boru kəmərləri şəbəkəsinin gücünün artırılması xahişi ilə Aİ-yə müraciət etmişik",
Bu yanaşmalar qaz ixracatçısı olan Azərbaycanın Avropa ölkələri üçün nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir. Azərbaycan da özü üçün açılmış imkanlardan maksimum yararlanmağa çalışır, qaz hasilatı və ixracı artırılır. Ölkəmizdə neft hasilatının son illər azalması fonunda da bu çox vacibdir. Ölkəmizdə son illərdə neft hasilatı azalmağa, qaz istehsalı isə artmağa başlayıb. 2023-cü ildə respublikada 48,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 12,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 26,2 milyard kubmetri “Şahdəniz”, 0,8 milyard kubmetri “Abşeron”, 8,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib. Hesabat dövründə xaricə qaz satışı 23,8 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur. Avropaya 11,8 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 yanvar 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 216,3 milyard kubmetr, “Şahdəniz”dən isə 209 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 148,1 milyard kubmetri ixraca nəql edilib.
“Qara qızıl” hasilatının azalmasından itirdiklərimizi “mavi yanacaq” istehsalının və ixracının artırılması əvəzləyir. Proqnozlara görə, yaxın illər ərzində dünya bazarında qaza təlabatın artması gözlənilir ki, bu da növbəti illərdə qaz hasilatını və ixracını əhəmiyyətli dərəcədə artıracaq Azərbaycanın iqtisadi maraqlarına çavab verir. Neft hasilatının azaldığı, qiymətlərin kövrək olduğu bir vaxtda qazla bağlı belə nikbin proqnozlar lap yerinə düşür, “qara qızıldan” itirdiklərimizi “mavi yanacaq” ixracının artırılması əvəzləyə bilər. Təbii qazın 2025-ci ilədək qlobal enerji səbətində kömürü üstələyəcəyi və 2047-ci ildə ən çox istifadə olunan enerji mənbəyinə çevriləcəyi gözlənilir. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir ki, bir çox ölkə tərəfindən təbii qaza təmiz enerji növü kimi daha çox üstünlük veriləcək. Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla yanaşı, ölkələr arasında əlaqələrin qurulmasında daha böyük rol oynayacaq. Elektrik enerjisi istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı artımda əsas amil olacaq.
Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli imkanları 2025-ci ilin sonlarında əlçatan olacaq. Boru kəmərinin imkanlarının artırılması üzrə bazar sınağının yekunlarına əsasən 2026-cı ildən 2028-ci ilin dekabr ayınadək əlavə olaraq 1,2 milyard kubmetr qaz nəqli üçün müraciət olunub. İkinci partiya isə 2026-cı ilin oktyabr ayından 2033-cü ilin sentyabr ayınadək nəql ediləcək. Biz 2025-ci ilin sonlarında əlçatan olacaq bu yeni uzunmüddətli imkanlarla qaz nəqli üzrə müqavilələr imzalayırıq. Bu həcmin 1 milyard kubmetri İtaliyanın payına düşür, 200 milyon kubmetr isə Albaniyaya nəql olunacaq. TAP-ın imkanları mərhələli şəkildə ikiqat artırılacaq. Bazar sınağı 2021-ci ildə başlanıb. Birinci mərhələ yanvarın 22-də tamamlanıb, ikinci mərhələni isə ilin ikinci yarısında, böyük ehtimalla sentyabr-oktyabr ərzində başlanması nəzərdə tutulur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə 1 milyard kubmetr həcmində qaz nəql olunur. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb. İndiyə kimi ixraca yönləndirilmiş 130 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə daha da şaxələndirilib. 27 il ərzində neft-qaz sektoruna 89 milyard dollar xarici sərmayə qoyulub.
Azərbaycanın neft-qaz sektoruna 27 il ərzində 89 milyard ABŞ dolları məbləğində xarici sərmayə qoyulub. İndiyə kimi ixraca yönləndirilmiş 130 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə daha da şaxələndirilib. Bakı-Supsa 99,4 milyon ton, Bakı-Tbilisi-Ceyhan (BTC) isə 477,5 milyon tonu Azərbaycana, 55,4 milyon tonu digər ölkələrə məxsus ümumilikdə 533 milyon tondan çox nefti dünya bazarına nəql edib. “Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarından 569 milyon tona yaxın neft, 40,6 milyon ton kondensat, təxminən 390 milyard kubmetr qaz çıxarılıb, 170 milyard dollardan çox gəlir əldə edilib.
Öllkəmiz neft təchizatçısı kimi Xəzər dənizi ilə Aralıq dənizi, qaz təchizatçısı kimi Xəzər dənizi ilə Adriatik dənizi arasında yaratdığı enerji bağlantılarını daha da şaxələndirir. İndi isə Azərbaycanın yaşıl enerji tədarükçüsü kimi Xəzər dənizi ilə Qara dəniz arasında enerji bağlantısı qurmaq yaşıl enerji gündəliyinin prioritetləri sırasındadır. 25 QVt-dək yaşıl enerji istehsalı ilə bağlı layihələr orta və uzunmüddətli dövrdə bərpa olunan enerji və yaşıl hidrogenin təchizatçısı kimi ölkəmizin mövqeyini gücləndirəcək.

Mahir Həmzəoğlu