“Rusiya tutduğunu buraxmaz” Siyasət

“Rusiya tutduğunu buraxmaz”

Rüstəm Məmmədov: "Qərb Rusiyanın dünyadakı rolunu tanımağa məcburdur"

Hesab edirəm ki, yanvarın 20-də Donald Tramp prezident olaraq səlahiyyətlərinin icrasına başlayacaq. Fikrimcə, bundan sonra mütləq dəyişikliklər müşahidə edəcəyik. Ehtimal edirəm ki, Amerikanın Şərq siyasəti tamamilə dəyişəcək.
Politoloq Rüstəm Məmmədov belə düşünür. Onun qənaətinə görə, Vaşinqtonun həm keçmiş sovetlər birliyi, həm də Yaxın Şərq siyasəti dəyişməlidir: "ABŞ prezidenti Donald Tramp bunu hələ seçkilərdən əvvəl və seçkilərdən sonra bəyan etdi. Açıq dedi ki, Amerikanın qırx il müddətinə mövcud olan Şərq siyasəti tamamilə iflasa uğrayıb. Xüsusilə Türkiyə hadisələrindən sonra. Odur ki, yeni administrasiya bu məsələləri təhlil edəcək və Şərq siyasəti yenidən qurulacaq!.
Rüstəm Məmmədovun qənaətinə görə, Amerika inkişafa doğru gedəcək: "Amerika "Ərəb baharı"ndan imtina edəcək. Çalışacaq ki, ərəb ölkələri ilə yeni siyasət daha səmimi əsaslar üzərində qursun. Çünki Yaxın Şərq siyasəti Amerika üçün iflasedici xarakter daşıyır. O cümlədən Vaşinqtonun Türkiyə siyasəti. Amerika faktiki olaraq Türkiyəni itirdi. İndi yeni ABŞ rəhbərliyi münasibətləri əvvəlki müstəviyə qaytarmaq üçün yollar tapmalıdır. Ya Fətullah Güləni Ankaraya qaytarmalıdır, ya da başqa yollar seçməlidir. Mən hesab edirəm ki, buna oxşar yeniliklər hökmən olacaq".
Rüstəm Məmmədov mövcud geosiyasi vəziyyətin olduqca təhlükəli olduğunu düşünür: "Geosiyasi durum mürəkkəbdir, çətin problemlərlə müşahidə edilir. Ən böyük çətinlik isə sözsüz ki, iqtisadi problemlərdir. İqtisadi durumun ağırlaşması dünyanı müharibəyə doğru sürükləyir. Mənə elə gəlir ki, Tramp siyasətini iqtisadi model üzərində işləyib dünyanı fəlakətli yoldan çəkindirməlidir".
Politoloq hesab edir ki, III Dünya Müharibəsi çoxdan başlayıb: "Sadəcə biz III Dünya Müharibəsinin başlandığını duymuruq. Lakin hesab edirəm ki, bu müharibənin daha geniş şəkildə alovlanmasına şans vermək olmaz. Bunun qarşısı alınmalıdır. Mənə elə gəlir ki, əsas məqsəd bundan irəli gəlir".
Rüstəm Məmmədovun sözlərinə görə, Aralıq dənizi hövzəsində Rusiya, İran və Türkiyənin aktiv rol oynaması Amerikanın Yaxın Şərq üzrə siyasətinin zəifləməsi ilə bağıdır: "ABŞ bu bölgədə siyasətinin zəifləməsi başqa dövlətlər üçün geniş şanslara yol açdı. Bilirsinizmi, Yaxın Şərqdə Amerikaya olan hörmət və izzət qəfildən azalmağa başladı. Ərəb inqilabları ərəb dünyasını çıxılmaz vəziyyətə saldı. Ona görə də, indi ərəb dünyasını ABŞ özünə qaytarmağa çalışmalıdır. Bunu necə edəcəyini isə gələcək göstərəcək".
Rüstəm Məmmədov Qərbin Rusiyanın Suriyadakı fəaliyyətinə qısqanclıqla yanaşdığını deyir: "Amma bu faktdır ki, Rusiya tutduğunu buraxmaz. Bu gün Rusiyanın siyasəti Suriyanı Yaxın Şərqdə aparıcı dövlət kimi qoruyub saxlamaqdır. Hesab edirəm ki, Rusiya buna nail olacaq. Bir sözlə, Rusiya özünün keçmiş mandatı olan ərazilərdə mövqelərini möhkəmləndirməyə çalışacaq. Qərb isə məcburdur ki, bu prosesi müşahidə etsin. Dünya vaxtı ilə bölünüb və bu bölgünü pozmaq niyyəti Qərbi Rusiya ilə toqquşdurdu. Və dünya müharibəsini yaxınlaşdırdı. Bu gün tərəflər köhnə varianta qayıtsalar məsələlər bununla da bitəcək. Məncə, Qərb əvvəlki varianta qayıtmağa məcburdur. Rusiya nüvə ölkəsidir. Onunla zarafat etmək olmaz. Onunla hesablaşmaq lazımdır. Rusiya ilə hesablaşmamaq onu bir qədər də qızışdırmaq və prosesləri dərinləşdirmək deməkdir. Hesab edirəm ki, Qərb dünyası məcburdur ki, Rusiyanın dünyadakı rolunu tanısın".