“Ermənistanın təxribatı vəziyyəti gərginləşdirməyə və danışıqlardan yayınmağa hesablanıb” Siyasət

“Ermənistanın təxribatı vəziyyəti gərginləşdirməyə və danışıqlardan yayınmağa hesablanıb”

Məhəmməd Əsədullazadə: "Sərkisyan hakimiyyəti seçkilərdə öz qələbəsini təmin etməyə çalışır"

Zaur Məmmədov: "Müharibə şimaldakı və cənubdakı qonşularımız üçün də pis nəticələnə bilər"


Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq edib. Müdafiə Nazirliyindən bildirilib ki, yanvarın 15-i axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə cəbhənin Tərtər-Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Məlumata görə, hərbi qulluqçularımız arasında itki yoxdur. Düşmən tərəfinin aktivliyinin qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri həyata keçirərək onu susdurub. Nazirlik bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: "Cəbhəboyu zonada əməliyyat şəraitinə bölmələrimiz tam nəzarət edir və atəş xəttində üstünlük qoşunlarımızın tərəfindədir".
Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın cəbhə bölgəsində yenidən təxribatı və atəşkəsi mütəmadi pozması, vəziyyəti gərginləşdirməyə və danışıqlardan yayınmağa hesablanıb. Onun sözlərinə görə, Həmçinin Ermənistanda aprel ayında keçiriləcək parlament seçkiləri ərəfəsində, erməni ictimai auditoriyasını cəbhədə gərginliyə yönləndirməklə, Serj Sərkisyan hakimiyyəti seçkilərdə öz qələbəsini təmin etməyə çalışır: "Aprel seçkiləri, Ermənistanda "Qarabağ klanı" ilə yerli ermənilər arasında mübarizə müstəvisində keçəcək. Buna görə də Serj Sərkisyan hakimiyyəti, hər vəchlə cəbhədə vəziyyəti gərginləşdirməyə çalışır. Əgər Ermənistan, Azərbaycanla dövlət sərhəddində və işğal etdiyi ərazilərdə kəşfiyyat diversiya fəaliyyətini davam etdirərsə, Azərbaycanın sərt reaksiyası ilə üzləşəcək və düşmən ölkənin adekvat cavabı veriləcək. Hazırda Azərbaycan , son aylar Türkiyə-Rusiya yaxın əlaqələrindən Suriya üzrə iki ölkənin müəyyən razılaşmasını gözləyir. Çünki Türkiyə, Rusiya ilə Suriyada müəyyən müsbət bir nəticəyə gəldikdən sonra, Qarabağ münaqişəsini Rusiya ilə müzakirəyə çıxaracaq. Türkiyə daima bunu vurğulayıb və Qafqazda münaqişələrin həllini Rusiya ilə birgə həllinə çalışır. Qeyd edim ki, tərəflər arasında son iki- üç ayda danışıqlar prosesi aparılmasa, Ermənistanın cəbhədə və sərhəddə təxribatı davam edəcəksə, Azərbaycan işğalçıya güc tətbiq etməli olacaq. Beynəlxalq hüquq da buna tam icazə verir". Politoloq deyir ki, miqyasına görə, yeni müharibə tək işğal olunmuş ərazilərdə aparılmayacaq: "Eyni zamanda Ermənistan Tovuz istiqamətində Azərbaycan ərazilərini atəşə tutacaqsa, Naxçıvan ərazisindən düşmənə sərt zərbələr endirilə bilər. Naxçıvanda Azərbaycan çox güclü artilleriya kompleksləri həmçinin " Qasırğa" raket sistemləri yerləşdirilib. Bundan sonra Rusiya və Qərb prosesə ədalətli yanaşacaq. Konflikt Rusiyanın inhisarında qalmaqla həlli mümkün görünmür". Məhəmməd Əsədullazadə Astana görüşünün gələcəkdə Qarabağ probleminin həllinə də əsilə oacağı qənaətindədir. Onun sözlərinə görə, bu gün Suriya problemini bir arada həll edən Türkiyə və Rusiya, yaxın gələcəkdə digər regional münaqişələr, eləcə də Dağlıq Qarabağ probleminin həllində anoloji addım ata bilərlər: "Rusiya və Türkiyənin aktiv iştirakı ilə Astanada keçiriləcək Suriya üzrə sülh danışıqlarında müsbət irəliləyişlər əldə olunanarsa, Rusiya və Türkiyənin strateji tərəfdaşlığı daha da inkişaf edəcək. Bu iki ölkənin strateji yaxınlaşması, regionda həllini tapmamış digər münaqişlərin həllinə də yol aça bilər. İki ölkənin iştirakı ilə Suriya münaqişəsi üzrə əldə olunacaq mümkün razılaşma və sülh Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin rolunu daha da artıracaq. Türkiyə Rusiyadan daima münaqişənin həllində müsbət irəlləyişin olmasını istəyir". Politoloq deyir ki, Ankara və Moskva tarixdə olmayacaq qədər bu qədər yaxınlaşıblar: "Beynəlxalq bir problem olan Suriya münaqişəsini birgə əməkdaşlıqla həllini üzərlərinə götürüblər. Əgər Astanada danışıqlar prosesi müsbət həllə doğru irəlləyəcəksə, Türkiyə, Rusiya ilə Qarabağ münaqişəsinin nizamlanmasında birgə işləyə bilər. Suriya üzrə iki ölkənin ortaq mövqeyi və problemin həllinə çalışması, Qarabağ münaqişəsi üçün president ola bilər. Əgər, Rusiya buna gedərsə, Türkiyə ilə birgə nizamlanmanı aparacaqsa, ABŞ və Avropanı prosesdən uzaqlaşdıra bilər. Həmçinin "Minsk qrupunun" fəaliyyətinə ehtiyac olmaz. Ona görə də bu gün Türkiyənin Cənubi Qafqaz siyasəti geostrateji baxımından mühüm əhəmiyyət kəsb edir. Və, Ankara maraqlıdır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılsın. Artıq, Dağlıq Qarabağ münaqişəsi ciddiyyətini qoruyur. Rəsmi Kreml də bunun fərqindədir. Görünür Qarabağ üzrə Türkiyənin mövqeyi yenidən aktuallaşacaq və Rusiya ilə bu istiqamətdə fəal çalışacaq".
Politoloq Zaur Məmmədov deyib ki, artıq 2017-ci ildir və çox təəsüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb: "Münaqişənin öz həllini tapmaması, münaqişənin status – kvosunun dəyişməməsi Ermənistan tərəfinin lehinə olan vəziyyətdir. Ermənilər danışıqların uzadılması ilə illərdi ki, məşquldurlar. Eyni zamanda aprel hadisələri göstərdi ki, münaqişə istənilən vaxt alovlana bilər. Bu isə, təkcə Cənubi Qafqaz dövlətləri üçün yox, eyni zamanda bütün regional dövlətlər üçün də olduqca təhlükəlidir. Burada hətta region dövlətlərinin ərazi bütövlüklərinin pozulmasından da söhbət gedə bilər". Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinə mane olan tərəflər ağıllarını başlarına yığıb ilk olaraq ətraf rayonları Azərbaycana qaytarmağa Ermənistanı təhrik etməlidirlər: "Təkrar edirəm, Cənubi Qafqazda gələcəkdə baş verəcək müharibə şimaldakı və cənubdakı qonşularımız üçün də pis nəticələnə bilər. Ermənilər vaxti ilə öz çirkin planlarını həyata keçirərək ərazilərimizdə öz dövlətlərini qurublar. Aydındır ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin qurulmasına bugün də, onilliklər sonra da icazə verməyəcək. Biz gələcəyə baxaraq hərbi cəhətdən güclənməyə davam etməliyik".