
Lapşinin Azərbaycana təhvil verilməsindən sonra heç bir ağlı başında olan xarici Dağlıq Qarabağa səfər etməyəcək.
Bunu jurnalistlərə açıqlamasında Ermənistanın İrs Partiyasının mətbuat katibi David Sanasaryan söyləyib.
"Lukaşenkonun Lapşini Azərbaycana verməsi sübut edir ki, bizim heç bir diplomatik rıçaqımız Belarus prezidentinin qarşısını ala bilmədi. Xaricilər daha yeni "lapşinlərə" çevrilməmək üçün Qarabağa səfər etməyəcəklər. Belarusun bu cür hərəkəti yeni xəbər deyil. Bu ölkə hər zaman Azərbaycanın müttəfiqi olub. Nədənsə Ermənistan hələ də heç bir müttəfiqinin olmadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqında öz üzvlüyünü saxlayır", – Sanasaryan bildirib.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev isə deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqer Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsi mühim hadisədir.
A.Quliyev qeyd edib ki, 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olan və Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən bu şəxs haqqında Baş Prokurorluğun Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2-ci (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi açmasını və göndərilən sorğuya əsasən Belarusda həbs edilərək ölkəmizə təhvil verilməsini tələb etməsini alqışlayır:
"Belarus Respublikasının hüquq-mühafizə orqanlarına və şəxsən Prezident Lukaşenkoya göstərdiyi prinsipiallığa görə təşəkkür edirəm. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığı prinsipinə hörmətsizlik edən və ya etmək istəyən hər kəs üçün ciddi bir dərs olacaq və bundan sonra belə bir qanunsuz əməllərə əl atmaq niyyətində olanları əvvəlcədən hərtərəfli düşünməyə vadar edəcək".
A.Quliyev vurğulayıb ki, Azərbaycanın qanunlarına hörmət etmək hər kəsin borcudur: "Ölkəmizə qarşı cinayət törədən istənilən şəxs bilməlidir ki, onlar gec və ya tez ədalət mühakiməsi qarşısında cavab verməli olacaq və layiq olduğu cəzanı alacaq".
Qeyd edək ki, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən və barəsində Baş Prokurorluqda cinayət işi açılan məşhur blogger Aleksandr Lapşin dünən Bakıya təhvil verilib.
A.Lapşinin ekstradisiyası Ali Məhkəmənin onun apelyasiya şikayətini rədd etməsindən sonra gerçəkləşib və o, artıq Azərbaycandadır.
Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.