“Səfər, Fransanın müvafiq qurumları ilə işbirliyi qurulması baxımından da önəmlidir” Siyasət

“Səfər, Fransanın müvafiq qurumları ilə işbirliyi qurulması baxımından da önəmlidir”

Üzeyir Cəfərov: "Onlarla birgə reallaşdıra biləcəyimiz layihələr var"

Tahir Mirkişili: "Prezidentinin səfəri Fransanın müxtəlif iqtisadi sektorlarında çalışan şirkətlərin diqqətini çəkib"

Prezident İlham Əliyev martın 12-də Fransaya rəsmi səfər edib. Dövlət başçısı martın 13-də Parisdə bir çox şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib. Həmçinin İlham Əliyevin Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü olub. Martın 14-də isə Prezident İlham Əliyev Fransa Senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Klod Bartolon və Fransa Prezidenti Fransua Ollandla görüşüb. Daha sonra iki ölkə prezidentinin iştirakı ilə müxtəlif sahələr üzrə məsul şəxslər tərəfindən 5 sənəd imzalanıb. Bundan sonra hər iki ölkənin prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Fransada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bir sıra önəmli və vacib görüşlər keçirdi: "Şəxsən mənim üçün bu görüşlərin hər biri o məqamla yadda qaldı ki, həm Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşdə, həm də Fransa prezidenti ilə keçirdiyi görüşlərin yekununda dövlət başçısı Qarabağla bağlı Ermənistana və ona havadarlıq edən bir sıra dövlətlərə konkret sözlərini çatdırdı". Onun sözlərinə görə, işğalçıya açıq və ya bir qədər gizli havadarlıq edən, zaman-zaman onları bəzi addımları ilə həvəsləndirən qüvvələr arasında elə Fransanın olduğu da heç kimə sirr deyil: "Məhz bu görüşlər zamanı Azərbaycan dövlətinin başçısı net olaraq sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bir daha tam açıq şəkildə bizim mövqeyimizi bəyan etdi. Bu Qarabağla bağlı status-kvonun qəbuledilməzliyi və münaqişənin tezliklə həllinin vacibliyi məsələsi idi. Fransa Minsk qrupuna həmsədr olan ölkələrdən biri kimi bir daha bizdən mesaj aldı ki, tezliklə status-kvo dəyişdirilməlidir və münaqişəyə son qoyulmaqla bölgədə sülh təmin edilməlidir. Ən əsası isə Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıtmalıdırlar.
Səfər zamanı təkcə iqtisadi məsələlər deyil, Azərbaycanın bir çox sahələrinin gələcəkdə Fransa dövlətinin müvafiq qurumları ilə işbirliyi qurması baxımından da önəmi böyükdür. Müdafiə və təhlükəsizlik sektoru ilə bağlı da önəmli danışıqlar və müzakirələrin olduğu məlumdur. Yəqin ki, yaxın vaxtlarda tərəflər bəzi məsələlər üzrə niyyətlərini gerçəkləşdirmək üçün konkret addımlara başlayanda biz söhbətin nədən getdiyinin şahidi olacağıq. Bizim Fransadan alacağımız və onlara təklif edə biləcəyimiz kifayət qədər məhsullarımız, onlarla birgə reallaşdıra biləcəyimiz layihələr və konkret işlərimiz var".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib ki, Azərbaycan-Fransa münasibətləri son illər ərzində xeyli inkişaf edib: "Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanda Fransız Liseyinin açılması, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının yaradılması, Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının fəaliyyəti iki ölkə arasında əlaqələrin inkişafına müsbət töhfə verib".
Deputat qeyd edib ki, iki ölkə arasında parlamentlərarası əlaqələr də yüksək işgüzarlığı ilə seçilir: "Azərbaycan-Fransa iqtisadi əlaqələri müxtəlif sahələri əhatə edir. Ticarət, investisiya qoyuluşu, eləcə də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması, bərk məişət tullantılarının yandırılması zavodunun inşası, nəqliyyat və sair layihələrdə uğurla əməkdaşlıq edilir. Hazırda Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir, onların Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 2 milyard dolları keçib".
T.Mirkişilinin sözlərinə görə, Azərbaycan Prezidentinin Fransaya səfəri Fransanın müxtəlif iqtisadi sektorlarında çalışan şirkətlərin diqqətini çəkib: "Ölkə Prezidentinin həm Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri, həm də ayrı-ayrılıqda müxtəlif şirkətlərin rəhbərləri ilə görüşləri Azərbaycanın qeyri-neft sektoruna Fransa şirkətlərinin marağını göstərdi. Azərbaycanda dərin iqtisadi islahatlar aparılır, iqtisadiyyatın şaxələndirilməsi yönündə müxtəlif tədbirlər həyata keçirilir. Təbii olaraq inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmək, onların müasir texnologiyalarını mənimsəmək və birgə fəaliyyət göstərmək Azərbaycan iqtisadiyyatının müasirləşməsinə ciddi təkan verəcək. Digər tərəfdən, Azərbaycanla Avropa İttifaqı arasında strateji münasibətlərin formalaşdırılması istiqamətində ciddi işlər aparılır. Fransa isə Avropa İttifaqının aparıcı ölkələrindən biridir. Bu baxımdan da Azərbaycan-Fransa əlaqələrinin inkişafı və bu əlaqələrin şaxələndirilməsi ölkəmizin öz inkişaf hədəflərinə daha sürətli çatmasına təkan verəcək".

Əli