Azərbaycan – İlhamverici nümunə Siyasət

Azərbaycan – İlhamverici nümunə

JewishPress.com (ABŞ) saytında İsrael Baruk öz yazısında Azərbaycanda tolerantlığın dünyaya bir nümunə kimi göstərib.
WorldMediaya istinadən müəllifin Azərbaycanda müşahidə etdiklərini təqdim edirik.
- Bir neçə aydır ki, məndə bir inamsızlıq yaranıb. Çünki son vaxtlarda yəhudilərin qəbir daşlarının dağıdılması, məzarlarının təhqir olunması və digər antisemit hərəkətlər haqda xəbərlər oxumaqdayam.
Son dövrlərə aid 2 belə xəbəri paylaşmaq istərdim. Birincisi, Filadelfiyanın Vissinonq rayonunda yerləşən Karmel qəbiristanlığında yəhudilərə məxsus təxminən 75-100 qəbir daşı dağıdılıb. Bu hadisədən 1 həftə qabaq isə, Sent-Luisdə yerləşən "Xesed Şel Emed İcması" adlı qəbiristanlıqda yəhudilərin 100 qəbir daşı məhv edilib.
Bu haqda xəbər başlıqlarını oxuyan zaman sanki posttravmatik stress yaşadım. Bu hissi təkcə mən keçirmirdim. Los-Ancelesdəki icmamızın bir çox üzvləri – həm cavanlar, həm qocalar mənə belə sual verirdi: "Bu hadisələr niyə məhz indi baş verir?". Antisemit əməllər çox narahatedici məsələdir. Bu, təkcə yəhudilərə qarşı deyil, həm də digər dini icmalara qarşı olan əməllərdir.
Mən bir dini lider kimi, nifrətə, qeyri-tolerantlığa qarşı mübarizə aparır və bunların yaranma səbəblərini aydınlaşdırmağa çalışıram. Belə suallara cavab verən zaman çox vaxt müqəddəs kitablara istinad edirəm. Bu yerdə Levit kitabının 19:18-ci hissəsi haqda danışmaq istərdim. Ümumiyyətlə, Tövrata daxil olan Levit kitabının qeyd etdiyim hissəsindən tez-tez sitat gətirilir. Lakin orada deyilənlərə nadir hallarda əməl olunur. Levit 19:18-də deyilir ki, "qonşunu da özünü sevdiyin kimi sev".
Bir çox ölkələrdə nifrət və qeyri-tolerantlığın artdığı dövrdə Qafqaz dağlarında yerləşən kiçik bir dövlət Levit kitabındakı bu fikrə əməl etməyə çalışır. Ümumiyyətlə, həmin ölkə əsrlər boyu tolerantlığın mayakı olub.
Təxminən 2 il əvvəl əhalisinin əksəriyyəti müsəlman olan ölkənin – Azərbaycanın küçələrində yəhudiliyimi açıq-aydın nümayiş etdirən kipa ilə gəzirdim. Başımda kipa ilə gəzərkən insanlar mənə heyrətlə baxmır, təhqiramiz sözlər işlətmədi. Əksinə, orada baş geyimimin qəbul olunduğunun, insanların xoş münasibətinin şahidi oldum. Bu, Azərbaycanda gördüyüm dini tolerantlığın yalnız bir nümunəsidir. Amma bir nümunə belə, Azərbaycanın mədəni müxtəlifliyi qəbul etdiyini, bütün dini azlıqlara xoş münasibət bəslədiyini nümayiş etdirir.
Bu ölkəyə müxtəlif dini icmaların liderlərilə görüşmək, orada yaşayan müxtəlif yəhudi icmaları ilə vaxt keçirmək üçün yollanmışdım. Azərbaycanda yaşayan 30 min yəhudi arasında ən uzun tarixə malik icma dağ yəhudiləridir. Onların bu ölkədəki tarixi minilliklərlə ölçülür. Eramızdan əvvəl 587-ci ildə Birinci Məbəd dağıdıldıqdan sonra, yəhudilər hazırda İranın şimal-qərbini təşkil edən Azərbaycanın cənubuna köçüb. Daha sonra onlar hazırkı Azərbaycan Respublikasının ərazisinə üz tutub.
Azərbaycanda müsəlmanlarla yəhudilərdən əlavə, kiçik, lakin fəal xristian icması da yaşayır. Azərbaycan qeyri-sabit və çox vaxt qeyri-tolerant kimi qəbul olunan regionda yerləşsə də, orada əsrlər boyu bütün dini icmalar yanaşı, sülh şəraitində yaşayıb. Halbuki, cənubdan İran, şimaldan Rusiya ilə həmsərhəd, Yaxın Şərqlə qonşu olan Azərbaycan sanki barıt çəlləyində yerləşir. Buna baxmayaraq, ölkə İsraillə güclü ikitərəfli və iqtisadi əlaqələri olan azsaylı müsəlman ölkələrindən biridir. Yəhudi dövlətinə nifrətini gizlətməyə belə, çalışmayan region ölkələri üçün bu, anormal vəziyyətdir.
ABŞ azadlığın, tolerantlığın olduğu ölkədir. Odur ki, biz Azərbaycanda olduğu kimi, birlikdə sülh və tolerantlıq şəraitində yaşaya biləcəyimizi bütün dünyaya göstərməliyik. Bu, çox vacibdir. Bunun yollarından biri də ABŞ-ın Azərbaycanla daha güclü əlaqələr qurmasıdır. Qeyri-tolerantlığın və nifrətin güclü, getdikcə artan təhlükə olduğu vaxtda, Azərbaycan bizə həyati vacib məsələləri öyrədə bilər. Artıq dünyanın bu kiçik ölkəyə diqqət yetirməsinin, düşmənçiliyə deyil, dostluğa qucaq açan Azərbaycanı qəbul etməsinin vaxtıdır.
Əhalisinin 97%-i müsəlman olan Azərbaycanın İsraillə güclü əlaqələr qurması ziddiyyətli görünə bilər. Lakin Azərbaycan-İsrail münasibətləri göstərir ki, ölkələr fikir ayrılıqlarını aradan qaldıra, tolerantlıq və sülhə dəstək olmaq üçün bir-birilə çoxtərəfli əlaqələr qura bilər.
Los-Ancelesdə digər dini icmaların liderləri, hökumət orqanlarında təmsil olunan dini azlıqlar və müxtəlif ölkələrin diplomatları ilə əməkdaşlıq etməyə, nifrət və qeyri-tolerantlıq probleminin aradan qaldırılmasının yollarını axtarmağa, bu sahədə dəyişiklikləri sürətləndirməyə başlamışam. Biz müxtəlifliyimizi qəbul edən cəmiyyətin yaradılması üzərində işləyirik.
Martin Lüter Kinq deyib ki, "insanlığın rasizm və müharibəyə bağlı olduğu, sülh və qardaşlığın heç vaxt baş tutmayacağı haqda fikirləri qəbul etmirəm... İnanıram ki, həqiqət və qeyd-şərtsiz sevgi sonda öz sözünü deyəcək".
ABŞ-da baş vermiş son antisemit əməllərə görə məyus olsam da, amerikalıların əksəriyyətinin nifrətlə həyata keçirilmiş bu cinayətləri müdafiə edəcəyinə inanmıram. İxtilafların olduğu dövrdə bizi ayıran məsələlərə deyil, birləşdirən ümumi dəyərə – insanlığa diqqət ayırmalıyıq.
Bir sözlə, Cənubi Qafqazda yerləşən bu kiçik ölkədən dərs ala bilərik. Orada insanlar sülh şəratində yaşayır. Onlar təhlükəli və qütbləşmiş regionda yerləşsələr də, tolerantlıqlarını qoruyurlar. Əhalisinin əksəriyyəti müsəlman olan ölkə – Azərbaycan İsraillə əlaqələrini inkişaf etdirir.