MM-in növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib Siyasət

MM-in növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib

19 məsələ müzakirə olunub

Dünən Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Parlamentin sədri Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələ daxil edilib. İclasda "Milli Məclis deputatının etik davranış qaydaları haqqında" (2-ci oxunuş), "İşsizlikdən sığorta haqqında" qanun layihələri (2-ci oxunuş) müzakirəyə çıxarılıb.
Bundan başqa, "2017-ci il dövlət büdcəsi haqqında", Su Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, "İcra haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Reklam haqqında", "Dövlət rüsumu haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" və sair qanunlara edilən əlavə dəyişikliklərə də baxılıb.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin növbədənkənar iclasında deyib ki, Azərbaycanda məhkəmələrə göstərilən diqqət bu sahəyə inamı artırıb: "Məhkəmədə işlərin sayı xeyli artıb. Hakimlər işlərinin vəzifəsindən layiqincə gəlməyə çalışırlar. Lakin bütün bunlara baxmayaraq, yeni çağırışları nəzərə alaraq hakimlərin iş yükünün azaldılması istiqamətində qanunvericilik islahatları davam edir". O bildirib ki, ölkə başçısının sərəncamı əsasında məhkəmə sisteminin elektronlaşması nəticəsində vətəndaşlar elektron sistemlə məhkəməyə müraciət edə bilir: "Vətəndaşlarımız yeni sistem əsasında şəxsi kabinet yaratmaqla məhkəmələrə ərizləri verir, məhkəmə rüsumlarını belə elektron qaydada ödəyə bilirlər. Ölkəmizdə 9 məhkəmə üçün yeni bina inşa olunur".
Z. Əsgərovun sözlərinə görə, ötən dövrdə hakimlərin sayı 2 dəfə artırılsa da, Azərbaycanda 100 min nəfərə 6 hakim düşür: "Lakin bu rəqəm Avropa ölkələrində 20-dir. Bu baxımdan ölkəmizdə də hakimlərin sayının artırılmasına ehtiyac var".
Birinci vitse-spiker qeyd edib ki, Azərbaycanın məhkəmə sahəsində aparılan islahatlara görə bir sıra Avropa ölkələrinə nümunə ola bilər: "Bəzən bildirilir ki, Avropa Məhkəməsinin ölkəmizə qarşı qərarların sayı çoxalır. Lakin statistik göstəricilərə nəzər salsaq görərik ki, təkcə 2016-cı ildə Avropa Məhkəməsi tərəfindən ölkəmizlə bağlı 16 qərar qəbul edilib. Hansı ki, Yunanıstana 41, Özbəkistana qarşı 33 qərar verilib".
Azərbaycanın 2017-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsi barədə isə məlumat verən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2017-ci ilin yenilənmiş dövlət büdcəsinin gəlirləri gözlənilən ÜDM-in 25,2%-ni təşkil etməklə, mütləq ifadədə 16 766 mln. manat həcmində proqnozlaşdırılır.
Bu da ilkin proqnozla müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur. Yeni büdcənin xərclərinin isə 1 041 mln. manat artırılaraq 17 941 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcə xərclərinə nisbətən 6,2% çoxdur.
Bu ilin dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankın 2 383,4 mln. ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar olaraq, 2017-ci il üzrə qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4 mlrd. manat və ya 9 dəfə artırılaraq 4,5 mlrd. manata çatdırılacaq.
Yenilənmiş dövlət büdcəsində kəsirin təsdiq olunmuş göstəriciyə nisbətən 530 mln. manat və ya 82,2% artırılaraq 1 175 mln. manat çatdırılması nəzərdə tutulub ki, bu da cari ilin sonuna gözlənilən ÜDM-in 1,8%-nə bərabər olacaq.
Büdcə gəlirlərinin Mərkəzi Bankın mənfəətinin 250 mln. manatlıq bir hissəsinin büdcəyə alınması, Vergilər Nazirliyinin xətti ilə əlavə 135 mln. manat, Gömrük Komitəsi vasitəsi ilə isə 50 mln. manat əlavə vəsaitin büdcəyə cəlb edilməsi və s. mənbələr vasitəsilə təmin edilməsi nəzərdə tutulur.
Büdcənin artan xərcləri daha çox sosial xarakterli tədbirlərə və bank sahəsində yaranmış problemlərin yumşaldılmasına yönəldiləcək. Burada qazın qiymət fərqi ilə bağlı Dövlət Neft Şirkətinin (SOCAR) ziyanını qarşılamaq üçün 250 mln. manat, lisenziyası alınmış 11 bankın əmanətçilərinə ödəniş üçün Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalının artırılmasına 546 mln. manat və s. bu kimi xərclər xüsusi yer tutur. Qeyd edək ki, Azərbaycanın 2017-ci il dövlət büdcəsinə ediləcək dəyişiklikdən sonra builki icmal büdcənin gəlirləri 22 840,9 mln. manat olacaq, bu da təsdiq edilmiş büdcəyə nisbətən 2 820,2 mln. manat və ya 14,1% çoxdur.
İcmal büdcə xərclərinin isə təsdiq edilmiş göstəriciyə nisbətən 3,7% və ya 1 051,0 mln. manat artırılaraq 29 818,2 mln. manata çatdırılması nəzərdə tutulur.
Dövlət büdcəsinin təkrar nəzərdən keçirilmiş gəlirləri 16,766 milyard manat həcmində proqnozlaşdırılır. Bu, ilkin proqnozdan 511 milyon manat və ya 3,1 faiz çoxdur.
Büdcə xərcləri isə 17,941 milyard manat həcmində proqnozlaşdırılır və bu, ilkin proqnozdan 1,041 milyard manat və ya 6,2 faiz çoxdur. Dövlət büdcəsinin kəsiri ilkin proqnozu 530 milyon manat üstələyərək 1,175 milyard manat təşkil edir. Bu rəqəm Azərbaycanın 2017-ci il üzrə gözlənən ÜDM-nin 1,8 faizinə bərabər olacaq.
Bundan başqa, Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən avroistiqrazların buraxılması üçün xarici borclanma həddi 4,5 milyard manatadək yüksəldilib.
Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, dövlət büdcəsinin xərclərinin artması Əmanətlərin Sığortalanması Fondu və SOCAR-a əlavə vəsaitlərin ayrılması ilə əlaqədardır. Bundan başqa, dövlət ABB-nin xarici öhdəliklərinin təkrar strukturlaşdırılması üçün 4 milyard manat ayıracaq.
Nazir onu da qeyd edib ki, büdcə xərclərinin artmasının digər səbəbi dövlətin balansında olan uşaq bağçalarının saxlanması və ölkənin şəhər və rayonlarında yeni bağçaların tikintisi üçün maliyyə təminatının yaradılması ilə bağlıdır. Bu vəsaitlərə 58 milyon manat ayırmaq planlaşdırılır.
Dəyişikliklərə əsasən, 2017-ci il üçün korrektə edilmiş icmal büdcənin gəlirləri üzrə proqnoz 22,84 milyard manat səviyyəsində təsdiq edilib ki, bu da ilkin proqnozdan 2,82 milyard manat və ya 14,1 faiz çoxdur. İcmal büdcənin xərcləri 29,8 milyard manat təşkil edəcək ki, bu da əvvəlki proqnozdan 1,05 milyard manat və ya 3,7 faiz çoxdur.
Qeyd edək ki, 2017-ci ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 3,591 milyard manat təşkil edib. Bu rəqəm proqnozlaşdırılan 3,473 milyard manatı 3,4 faiz üstələyib.
Daha sonra deputatlar layihəni müakirə ediblər.
Millət vəkili Vahid Əhmədov bildirib ki, dünya iqtisadiyyatında baş verən təlatümlər fonunda Azərbaycan iqtisadiyyatındakı dəyişikliklər müsbət hesab edilir: "Büdcənin xərc hissəsi 1 milyard civarında nəzərdə tutulub. Azərbaycan Dövlət Neft Şirkətinə, Əmənətlərin Sığortalanması Fonduna vəsait ayrılıb. SOCAR-a ayrlmış vəsait "Azəriqaz"da qazla əlaqədar itkilərin baş verməsi ilə bağlıdır. Amma "Azəriqaz" itkilərin qarşısını almaq üçün tədbirlər planı işləyib hazırlamalıdır. Beynəlxalq Banka avadanlıq emissiyası ilə bağlı 4 milyard vəsaitin ayrılması nəzərdə tutulub. Bu da dövlət imicinin qorunub saxlanılması üçün vacibdir. Bundan əlavə, əgər biz iqtisadiyyatın inkişafına nail olmaq istəyiriksə, real sektora vəsaiti ayırmağı da diqqətdə saxlamalıyıq".
Deputat Tahir Kərimli isə bildirib ki, Milli Məclisə bəzi qurumlar mexaniki aqreqat kimi baxırlar. "Büdcə müzakirə olunarkən fikirlərimizi bildirmişdik. Mən qorxuram ki gələcəkdə də bəzi dediklərimiz nəzərə alınmasın. Məgər büdcə təsdiq olunanda bütün xərclər görünmürdü? Büdcə qalığı hesabına kəsirin silinməsini görmək mümkün deyildimi? Ona görə də çıxışlarımızda demişdik ki, xərcləri artırmaq lazım idi. Niyə biz 6 ay itirdik? Bəzən şübhə edirəm ki, biz bazar iqtisadiyyatına keçməmişik, yoxsa Karl Marksın dediyi fikirlərin bəlasına düşmüş olardıq".
Deputat Musa Qasımlı isə "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı fikirlərini bölüşüb. "Bəzi saytlarda ordumuzun gözdən salınması ilə bağlı məlumatlar yayılır. Bu meyllər çox ziyanlıdır", - deyən millət vəkili hesab edir ki, bu gün təkcə ordumuzun deyil, dövlətimizin güc strukturlarının gözdən salınmasına görə məlumatlar yayılır: "Bunu edənlərə qarşı qanunda tutulmuş qaydada mübarizə aparmaq lazımdır. Mən jurnalistlərdən xahiş edirəm ki, bu kimi hallarla mübarizənin önündə getsinlər. Çünki ordumuzun millətimizin bağrından çıxıb. Ordumuz vətənimizin müdafiəçisidir".
Qanun layihələri müzakirələrədn sonra qəbul edilib.
Bununla da Milli Məclisinin 2017-ci ildə növbədənkənar sessiyası başa çatıb. Spiker Oqtay Əsədovkeçirilən son iclasın başa çatması ilə əlaqədar sessiyanı bağlı elan edib.Sessiya dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Əli