“Qarabağdakı erməni hərbi infrastrukturu məhv edilsin!“ Siyasət

“Qarabağdakı erməni hərbi infrastrukturu məhv edilsin!“

Ermənistan dinc əhalini qətlə yetirməklə göstərdi ki, Qarabağ probleminin həllində maraqlı deyil. İşğalçı ölkə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Dünyanın qəbul etdiyi qaydalar var, dinc əhaliyə qarşı müharibə aparmaq cinayət sayılır.
Bunu açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
O, Ermənistanın cəbhədə törətdiyi təxribata münasibət bildirərkən qeyd edib ki, Ermənistan Azərbaycanın yaşayış məskənlərini atəşə tutmaqla, dinc əhalini qətlə yetirməklə özünün azğın siyasətini ortaya qoyur: "Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Ölkəmizin yüksək təcrübəyə malik nizami ordusu var. Hərbiçilərimiz yüksək döyüş hazırlığına malikdirlər. Azərbaycanın hərbi potensialı Ermənistanın cavabını 10 dəfə artıq verməyə imkan verir. Ermənistan bunun cavabını gözləsin. Azərbaycan dövləti vətəndaşının təhlükəsizliyinin qorunmasını bir nömrəli vəzifə sayır. Düşmənin torpaqlarımızı işğal altında saxlaması azmış kimi, vətəndaşlarımızı da qətlə yetirməyi özünə şərəf bilir. Ermənistan atdığı addımların cavabını alacaq. İşğalçı dövlət apardığı siyasətin nəyə gətirib çıxardığını hiss etməlidir".
A.Mirzəzadə vurğulayıb ki, məsələnin bu həddə çatmasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin də məsuliyyəti var: "Problemə qiymət verərkən hər iki tərəfə eyni münasibət bəslənilməsi, işğalçının adı ilə çağırılmaması Ermənistanın həyasızlaşmasına, onun cəzasızlıq mühitində fəaliyyət göstərməsinə səbəb olur. Azərbaycan cəbhə xəttində döyüş hazırlığını yüksəldəcək, Ermənistanın təxribatının qarşısı alınacaq. Beynəlxalq ictimaiyyət də məsələ ilə bağlı məlumatlandırılıb. Beynəlxalq təşkilatlardan bu məsələyə münasibət bildirilməsi istəniləcək".
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, Alxanlıdakı körpənin ölümü faciədir. Bu gün hər birimizin borcu bir daha belə hadisənin təkrarlanmasına yol verməməkdir.
Diplomat bildirib ki, bu faciəvi hadisəyə iki cür reaksiya vermək olar:
1. Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindəki bütün hərbi infrastrukturuna kütləvi zərbə endirməlidir. Bunun hədəfi isə bizim Ermənistan-Azərbaycan sərhədində tam hərbi nəzarətimizi bərpa etmək olmalıdır.
2. Beynəlxalq ictimaiyyətə bu terrorizm və vandalizm aktının qınanması üçün müraciət olunmalıdır.
Eks-nazirin sözlərinə görə, həmsədrlərin reaksiyasını proqnozlaşdırmaq kifayət qədər sadədir: "Onlar hətta insidenti pisləyən şərh də verə bilərlər, amma burada da mütləq atəşkəs rejiminin gücləndirilməsi üçün tədbirlərin reallaşdırılması haqqında fikir olacaq. Onların da şərhi erməni tərəfinin şərhinə bənzəyəcək. Onlar deyəcəklər ki, "Biz axı sizə təklif etmişdik. Siz, Azərbaycan, atəşkəs rejiminin gücləndirilməsi tədbirlərindən imtina edirsiniz. Günahın böyük hissəsi Azərbaycan tərəfinin payına düşür".
Diplomat sonda qeyd edib ki, bu münasibətə görə də konfliktin həlli ilə bağlı siyasətimiz dəyişməlidir: "Bu, belə davam edə bilməz".
Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.