Azərbaycan-Macarıstan münasibətləri: qətiyyət, cəsarət və müstəqillik keyfiyyətləri Siyasət

Azərbaycan-Macarıstan münasibətləri: qətiyyət, cəsarət və müstəqillik  keyfiyyətləri

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfərə gedib. Səfər çərçivəsində Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud tərkibdə və geniş tərkibdə görüşləri olub. Daha sonra liderlər mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev səfəri zamanı Viktor Orban haqqında müsbət fikirlər səsləndirərək Avropa İttifaqına daxil olan ölkənin öz milli maraqlarını qətiyyətlə qorumasını əsl qəhrəmanlıq adlandırıb.

Prezident İlham Əliyevin Macarıstana səfəri haqqında millət vəkilləri, politoloqlar fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.

“Cənab Orban müstəqil davranmağı bacarır”

Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Macarıstana səfəri zamanı həm də Macarıstanın bugünkü dünya siyasətində, xüsusilə Avropa İttifaqında mövqeyini qiymətləndirməsilə yadda qaldı və bu kontekstdə Macarıstanın Baş naziri cənab Viktor Orbanın qətiyyət, cəsarət, müstəqillik kimi keyfiyyətlərini önə çəkdi: “Prezident qeyd etdi ki, bu gün qarşılıqlı öhdəliklər içərisində mövcud olan və hətta hüquqi baxımdan bu öhdəliklərin tələblərini yerinə yetirməli olan bir ölkənin Avropa İttifaqı daxilində müstəqil siyasət aparması çox çətindir, ancaq buna baxmayaraq cənab Viktor Orban müstəqil davranmağı bacarır. Çünki o, Macarıstanın maraqlarını qoruyur, Macarıstanın mövqeyindən çıxış edir və öz xalqının mənəvi, milli, siyasi dəyərlərini, iqtisadi maraqlarını və ailə dəyərlərini qorumağı bacarır. Bu, doğrudan da çox çətindir”.

“Bu münasibətlər ortaq köklər və dəyərlər üzərində bərqərar olur”

Deputatın sözlərinə görə, şübhəsiz ki, səsləndirilən fikirlər obyektiv gerçəkliyin təsviridir: “Bu yaxınlarda Avropa Sülh Fondunun yenidən Ermənistana silah almaq məqsədilə ayırdığı büdcəyə məhz Macarıstanın veto qoyması bir daha cəsarət, dəyərlərə sadiqlik, kökünə bağlılıq nümunəsidir. Həmçinin dostluqda, tərəfdaşlıqda etibarlı olmaq nümunəsidir. Ona görə də hazırda dünya siyasətində bu cür davranan liderlər çox azdır, amma nə yaxşı ki var. Dost və qardaş ölkənin Baş naziri Viktor Orban da belə siyasətçilərdəndir. Qardaş ölkə ona görə deyirik ki, Azərbaycan Prezidenti öz çıxışında bizim macarlarla ortaq kökümüzdən danışdı və bu gün Azərbaycan-Macarıstan münasibətləri ortaq köklər və ortaq dəyərlər üzərində bərqərar olan münasibətlərdir”.

“Atillanın yurdunda…”

Milli Məclisin deputatı Sahib Alıyev diqqətə çatdırıb ki, Macarıstanda səfərdə olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Atillanın yurdunda bu reallığı xatırlatması məncə, bir başqa təsir bağışlayırdı: “Cənab Prezident bəyanatında bildirdi: “Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik. Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur”. Bəli, tarix dəyişir, amma tarixi dəyişənlər, tarix yaradanlar necə vardı, elə də qalmaqdadırlar. Cənab İlham Əliyev ona toxunmasa da, macarlara sirr deyil ki, biz bu qələbəni qərbdəki əksər böyük dövlətlərin istəməmələrinə, işğalçıya çeşidli dəstək göstərmələrinə rəğmən əldə etdik”.

“Bu, Atilla faktoru ilə bağlıdır”

Deputat vurğulayıb ki, mətbuata bəyanatında dövlət başçımız dost Macarıstana rəğbətimizin səbəblərindən daha birini, yəni Avropa Birliyinin tərkibində ola-ola Azərbaycan kimi müstəqil siyasət yeritdiyini də diqqətə çatdırdı ki, fikrimcə, bu da Atilla faktoru ilə bağlıdır: “Ancaq elə güclü genin daşıyıcıları Brüsselin, ilk növbədə də Birliyin yaradıcıları, onun Almaniya və Fransa kimi nəhəng üzvlərinin təzyiqlərinə boyun əyməyərək öz milli maraqlarından çıxış edə bilər. Necəki Macarıstan çıxış edir”.

“Münasibətlərimiz bütün dövrlərdə ağır sınaqlardan üzüağ çıxıb”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova qeyd edib ki, Azərbaycan-Macarıstan münasibətləri bütün dövrlərdə ağır sınaqlardan üzüağ çıxıb: “İki ölkə dost və strateji tərəfdaşdır. Prezident, parlament sədri, partiyalar səviyyəsində olan davamlı görüşlər hər iki tərəfin münasibətləri dərinləşdirməkdə maraqlı və əzmli olduğunu göstərir. Deməli, müəyyənləşdirilən ümumi hədəflərə doğru olduqca ciddi və koordinasiyalı iş aparılır. Azərbaycanla Macarıstanın münasibətləri öz yerində, lakin önəmli olan bir digər məsələ də odur ki, iki ölkənin beynəlxalq gündəlik üzrə baxışları da paralellik təşkil edir. Rusiya-Ukrayna müharibəsi kontekstində Macarıstan praqmatik xarici siyasəti ilə fərqlənir. Bu fərqlilik Baş nazir Viktor Orbanın "Əgər nə baş verəcəyini başqalarından daha tez başa düşsəniz, ilk reaksiya verə bilərsiniz və siz qalib gələ bilərsiniz",-fikrində gizlidir”.

Mühüm əhəmiyyət kəsb edən səfər

Politoloqun bildirdiyinə görə, Macarıstanın xarici siyasəti tez-tez hökumətin qərarlarının arxasında milli maraqların dayandığı praqmatizm olaraq təyin olunur: “Bu ölkənin prinsipial siyasəti öz milli maraqları və təhlükəsizliyi çərçivəsində hərəkət etməyə kömək edir. Eyni zamanda, öz dəyər və prinsiplərini qoruyaraq realist bir xarici siyasət yanaşması təqdim edir. Macarıstan iqtisadiyyatı Asiyaya doğru “Şərq Açılış Strategiyası”nın yaradılması ilə bu yeni istiqamətin əsas məqsədi kimi yeni bazarlara açılaraq xarici kapital investisiyalarının və Macarıstanın ixracının gücləndirilməsinə yönəlib. Bu yeni xarici siyasət strategiyası "qədim macar tayfalarının gəldiyi yerdən" Şərqə istiqamətlənməni təmin edir. Hər halda Viktor Orban kimi düşüncələrini əməllərində əks etdirən bir siyasi fiqurun 2015-ci ildə Qazaxıstana səfəri zamanı bildirdiyi "Biz Brüsselə gedəndə orada heç bir qohumumuz yoxdur. Amma Qazaxıstana gələndə burada yaxın adamlarımız olur",- fikri təsadüf deyil. Bu özünü həm də Macarıstanın müşahidəçi statusda olsa belə Türk Dövlətləri Təşkilatının Avropada olan əsas və guşə daşı rolunu oynamasında göstərir. Macarıstanla tarixi bağların dərinliyi də münasibətlərimizə xüsusi impetus verməklə yanaşı, daha səmimi tellər üzərində qurulmasını təmin edir. Türk Dövlətləri Təşkilatı güc coğrafiyasını genişləndirir, bu məsələdə Macarıstan açar amillərdən biridir. Viktor Orbanla cənab Prezident İlham Əliyev arasında olan səmimi münasibətlər həm iki ölkə münasibətlərinə, həm də kölgəli siyasət çətiri altına salınmağa çalışılan Avropadan Mərkəzi Asiyaya qədər uzanan geniş coğrafiyaya işıq tutur. Cənab Prezident İlham Əliyevin Macarıstana mövcud səfəri hadisələrin mövcud durumunda və inkişaf edəcək istənilən ssenaridə mühüm əhəmiyyət kəsb edir”.

Röya İsrafilova