

““Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi, özündə kiçik, ilk baxışda əhəmiyyətsiz görünən dəyişiklikləri nəzərdə tutsa da, mahiyyət etibarilə məktəbdənkənar təhsilin inkişafını təmin edəcək mühüm bir addım hesab oluna bilər. Şəxsi qənaətimə görə, layihədə yer alan dəyişikliklərin əsas qayəsi həm də hazırda de-fakto fəaliyyətdə olan məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin qanunvericilik müstəvisində legitimləşdirilməsindən və bu sahədə özəl sektorun rolunun artırılmasından ibarətdir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası sədrinin müavini, millət vəkili Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, təklif olunan dəyişikliklərin qəbul ediləcəyi təqdirdə, məktəbdənkənar təhsil müəssisələri də faktiki təhsil sisteminin bir hissəsinə çevriləcək və həyata keçirilən islahatların təməl istiqamətləri bu sahəyə də hüquqi və digər aspektlərdən təsir göstərəcək: “Dəyişikliklər nəticəsində özəl sektorun təhsil sahəsindəki rolunu artacağını və cəmiyyətə daha çox seçim imkanı verəcəyini də qeyd etmək istəyirəm. Dəyişikliklər, həmçinin məktəbəhazırlıq qruplarının və digər təhsil xidmətlərinin təhsil prosesinin təşkilində daha aktiv rol oynamalarına şərait yaradacaq. Dəyişikliklər, eyni zamanda sosial-iqtisadi inkişafla uyğunlaşma və əhatəliliyin artırılmasına da xidmət edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planı" çərçivəsində məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri nəzərdə tutulur. Bu baxımdan dəyişikliklərin qəbul edilməsi icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl əməkdaşlığı kimi yeni yanaşmalarla təhsil sisteminin əhatəliliyini artıracaq. Həmçinin, məktəbəqədər təhsil yalnız dövlət müəssisələri ilə məhdudlaşmayacaq, özəl sektorun və icma əsaslı təlim qruplarının da fəaliyyət göstərməsini təşviq edəcək. Beləliklə, qanun layihəsi valideynlərə övladlarının təhsili üçün daha çox alternativin təqdim edilməsinə, valideyn-dövlət-özəl əməkdaşlığını ön plana çıxmasına, uşaqların inkişafına daha şəffaf və sistemli yanaşılmasına zəmin yaradır”.
E.Mirzəbəyli əlavə edib ki, məlum olduğu kimi, hazırda məktəbəqədər yaşlı uşaqların təhsili məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil məktəblərində və icma əsaslı təlim qruplarında həyata keçirilir: “Lakin bəzi özəl uşaq inkişaf mərkəzlərində də bu təhsil praktikasının mövcudluğu bizə göstərir ki, məktəbdənkənar təhsil müəssisələri də bu təhsildə vacib rol oynayırlar. Bu qanun layihəsi ilə məktəbəqədər təhsilin həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələri də daxil ediləcək. Beləliklə, təhsilin əhatə dairəsi daha da genişlənəcək və uşaqların inkişafı üçün daha çox imkanlar yaradılacaq. Bu isə, məktəbəqədər təhsil sahəsində keyfiyyətin daha da artırılmasına və rəqabət mühitinin inkişafına imkan verəcək. Son olaraq qeyd etmək istəyirəm ki, təklif edilən qanun layihəsi, yalnız təhsil sistemini inkişaf etdirilməsinə deyil, həm də gələcəyin daha yüksək keyfiyyətli təhsilinin təmin olunmasına xidmət edən addımdır. Bu qanunla həm dövlət, həm özəl sektor, həm də valideynlər arasında daha sıx əməkdaşlıq qurulacaq və bu əməkdaşlıq isə öz növbəsində məktəbdənkənar təhsilin inkişafına güclü təkan verəcək. Həmkarlarımı qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm”.