İstirahət mərkəzinin 379 min manatını ələ keçirməkdə ittiham edilən şəxsə hökm oxunub Hadisə

İstirahət mərkəzinin 379 min manatını ələ keçirməkdə ittiham edilən şəxsə hökm oxunub

"Xəzri" istirahət və sağlamlıq mərkəzinə məxsus 379 min manatdan artıq pul vəsaitini post terminallar vasitəsilə ələ keçirib leqallaşdırmaqda təqsirləndirilən Mahir Saadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Mahir Saadova 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Dövlət ittihamçısı Mahir Saadovun 4 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, Mahir Saadov "Xəzri" İstirahət və Sağlamlıq mərkəzinin külli miqdarda pulunu talamaqda ittiham olunur. İttihama görə, o, həmin müəssisəyə qeydiyyatdan keçən şəxslərin post terminallardan etdiyi ödənişləri "geri qaytar" düyməsini basaraq pulları geri götürüb. O, tamah məqsədi ilə, müvafiq qurumun icazəsi olmadan, ümumilikdə 76 bank kartı vasitəsilə 379 min manatdan artıq vəsaiti ələ keçirib və leqallaşdırıb.

Ona Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 271.3-cü (Kompyuter sisteminə qanunsuz daxil olma, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.