Aİİ-in sahibi Rusiyadır Siyasət

Aİİ-in sahibi Rusiyadır

Mübariz Əhmədoğlu: " Türkiyə ilə Aİİ arasında azad ticarət zonası haqqında müqavilənin imzalanması Türkiyə-Ermənistan sərhədlərinin açılması anlamına gəlmir"

Elman Nəsirov: "Türkiyənin Ermənistanla sərhədlərinin açılmasından söhbət gedə bilməz"

Rövşən Rzayev: "Söylənən fikirlər düşmən ölkənin təxribatından başqa bir şey deyil"


Son zamanlar Türkiyənin Ermənistanla sərhəddi açacağı iddiaları yenidən ortaya atlılıb. Bu addımınnTürkiyənin Avrasiya İqtisadi İttifaqına daxil olacağı fonunda baş verəcəyi bildirilir.
Politoloq Mübariz Əhmədoğlu deyib ki, söhbət konkret Türkiyə ilə Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonası haqqında müqavilədən gedirsə, bu müqavilənin imzalanması Türkiyə-Ermənistan sərhədlərinin açılması anlamına gəlmir. O qeyd edib ki, sərhədlərin açılması ilə bağlı müqavilədə xüsusi maddə olmalıdır: "Lakin elə bir maddə yoxdur. Türkiyənin buna icazə verməsi isə çox az ehtimal edilən bir məsələdir".
Politoloq qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında müəyyən yaxınlaşma var: "Hiss olunur ki, Türkiyə Qərblə müəyyən danışıqlar aparıb, onun da hesabına Türkiyə Ermənistana qarşı yumşaq mövqedə dayanıb. NATO ilə proqramlara qarşı da bu cür mövqedədir. Hesab edirəm ki, erməni katalikosluğunun seçilməsində Türkiyə fərqli mövqedə durmalı idi. Almaniyada qondarma erməni soyqırımı haqda qərarı qəbul etdirən erməni yepiskopu İstanbul patriarxına rəhbər gətirilir. Bu da rəsmi Ankaranın icazəsi ilə olan bir şeydir, başqa variant mümkün deyil". Politoloq hesab edir ki, sərhədlərin açılması ilə bağlı rəsmi mövqe olmayana qədər biz sakit mövqedə dayanmalıyıq: "Çünki hazırda Ermənistan axmaq mövqedədir. Ermənistan XİN rəhbərinin müavini Şavarş Koçaryan bəyanat yaydı, bu savadsız olmaqla yanaşı köhnə fikirləri təbliğ edirdi. Onun dediklərindən belə çıxırdı ki, guya Türkiyə Ermənistanı blokadaya alıb, əvəzində Ermənistan Türkiyənin Aİİ-lə müqavilə bağlamasına icazə verməyəcək. Aİİ-in sahibi Rusiyadır. Ermənistan rəsmilərinin dedikləri isə savadsızlıqdır. Ermənilər Türkiyənin Aİİ-lə müqavilə bağlamasına icazə verməyəcəklərsə, bunu NATO-ya aid etmək olar. Belə ki, Türkiyə də Ermənistanın NATO ilə birlikdə reallaşdırdığı layihələrə veto qoya bilər. Biz hədsiz aktivlik göstərsək, bu ola bilər ermənilər mövqeyini dəyişsin. Ona görə də biz hələ ki diplomatik kanalla işləməliyik".
Deputat Elman Nəsirov deyib ki, Türkiyə Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlayarsa, bunun Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyi barədə deyilənlərin heç bir əsası yoxdur. Elman Nəsirov qeyd edib ki, əvvəla, Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlaması məsələsi Türkiyə rəhbərliyində öz təsdiqini tapmayıb: "Hətta Türkiyə belə bir addım atarsa, bu, heç bir halda Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistanla Türkiyənin sərhədlərinin açılması anlamına gələ bilməz. Bu qeyri-mümkündür. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə, eyni zamanda, Milli Məclisdə çıxışı zamanı bəyan edib ki, nə qədər ki işğala son qoyulmayıb, nə qədər ki Ermənistan öz işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmayıb, heç bir halda Türkiyə-Ermənistan sərhədləri açıla bilməz. Digər tərəfdən, Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Ona görə də Türkiyənin Ermənistanla sərhədlərinin açılmasından söhbət gedə bilməz". Deputat bildirib ki, erməni tərəfi bu səpkili informasıyalar yaysa da, heç bir real əsası yoxdur.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Rövşən Rzayev diqqətə çatdırıb ki, Türkiyə Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlayarsa, bunun Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyi barədə söylənən fikirlər düşmən ölkənin təxribatından başqa bir şey deyil. Deputatın sözlərinə görə, əgər Ermənistan dünyəvi dövlət olmaq istəyirsə, o zaman orta əsrə aid olan düşüncələrindən əl çəkməlidir: "İşğalçılıq siyasətindən əl çəkərək silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxartmalıdır. Yalnız bundan sonra Ermənistan sərhədlərin açılması ilə bağlı hər hansı düşüncə irəli sürə bilər. Düşmən ölkə ərazilərimizi işğaldan azad etmək əvəzinə, hər hansı bir addımın Azərbaycan-Türkiyə münasibətlərinə hər hansı bir xələlin gələcəyini düşünürsə, demək bu, təxribat xarakteri daşıyır". R. Rzayev qeyd edib ki, Azərbaycan-Türkiyə, eləcə də dövlət başçıları arasında olan qardaşlıq. birlik münasibətləri əbədidir: " Çünki, həm dövlət, həm də xalqlar arasında o qədər sıx əlaqə var ki, bu münasibətlərə heç bir qüvvə xələl gətirə bilməz". "O ki qaldı Türkiyənin sərhədlərin açılması ilə bağlı mövqeyinə, həm dövlət başçısı həm də digər rəsmi şəxslər bəyan ediblər ki, Türkiyə-Ermənistan sərhədləri yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra açıla bilər. Çünki sərhədlər işğal faktoruna görə bağlanıb, yalnız məsələ həllini tapdıqdan sonra gündəmə gələ bilər. Bu baxımdan hesab edirəm ki, düşmən ölkə tərəfindən yayılan informasiyaların heç bir əsası yoxdur"- deyə, deputat əlavə edib.
Deputat Hikmət Babaoğlu deyib ki, Ermənistan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətində olması barədə açıqlamasını öz işğalçı məqsədləri üçün yozmağa çalışır. Hikmət Babaoğlu bildirib ki, bəzən bu cür açıqlamalar ümumi siyasi nəbzi yoxlamaq üçün də verilir: "Ermənistanın xarici siyasəti o qədər bərbad gündədir ki, rəsmi Yerevan hər hansı bir açıqlama olar-olmaz, onu dərhal öz işğalçı məqsədləri üçün, öz mənafeyi baxımından yozmağa çalışır və artıq özünü şərt qoyan tərəf kimi görməyə başlayır. Birincisi, Avrasiya İqtisadi İttifaqı elə bir birlikdir ki, orada bütün şərtləri diktə edən hegemon mərkəz var. Əgər sabah kimsə Avrasiya İttifaqına qoşulacaqsa, bu zaman Ermənistanın rəyi belə soruşulmayacaq. İkincisi, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası olduğu halda, qondarma "erməni soyqırımı" ilə Türkiyəni şantaj etdiyi halda iki ölkə arasında sərhədlərin açılması və ya Ermənistanın hər hansı bir şərt qoyması mümkünsüzdür. Çünki ən yaxın siyasi tariximizin təcrübəsi onu göstərir ki, belə hallarla spekulyasiya etmək bir yerə qədərdir, ondan sonra mümkün olmur". Millət vəkili bildirib ki, 2009-cu ildə də "sülh protokolları" məsələsi, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ortaya atılmışdı, amma göründüyü kimi, baş tutmadı: "Mən xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyə münasibətləri "bir millət, iki dövlət" fəlsəfəsinə söykənir və Azərbaycan və Türkiyənin strateji maraqları son dərəcə üst-üstə düşür. Ona görə də istər hər hansı regional təşklilatlarla münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlarla münasibətlərdə Türkiyə ilə Azərbaycan öz fəaliyyətlərini koordinasiya edərək, hər iki dövlətin maraqları nöqteyi-nəzərindən çıxış edərək qərarlar qəbul edirlər. Düşünürəm ki, əgər gələcəkdə Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlaması kimi bir məsələ həqiqətən də siyasi gündəmi məşğul edən ciddi bir məsələ kimi qoyulacaqsa, onda tarixi strateji müttəfiq olan iki qardaş ölkə mütləq bunu müzakirə edəcək və ortaq maraqlardan çıxış edəcək. Ona görə də Ermənistanın indiki bəyanatı siyasi manipulyasiyadan başqa bir şey deyil, yalnız və yalnız ermənilərin özlərinə təsəlli vermələri üçündür".
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bildirib ki, eyni məkanda yerləşən Türkiyənin Rusiya ilə, Çinlə müəyyən iqtisadi əlaqələrin qurulması, əslində, indiki məqamda Ankaranın məcbur olduğu, istiqamətləndiyi bir yöndür. O, Türkiyənin Avrasiya İqtisadi İttifaqına qoşulmasının mümkün olduğunu vurğulayıb: "Çünki Türkiyənin başqa əlacı yoxdur. Avropa ilə münasibətlərdə yaranmış vəziyyət, Avropanın anti-Türkiyə mövqeyi, ABŞ-ın bölgədə kürd dövlətinin yaranması istiqamətində Türkiyəyə qarşı xəyanəti, bir çox digər məsələlər, görünür, müəyyən məsələlərin Rusiya ilə çözülməsinə şərait yaradır. Realist bir siyasətin yürüdülməsi baxımından Türkiyənin Avrasiya İqtisadi İttifaqına qoşulması mümkündür".
Bununla belə, Fazil Mustafa proseslərin gedişi zamanı yəqin ki, bir sıra məsələlərə aydınlıq gələcək: "Türkiyənin Azərbaycanın maraqlarını nəzərə alaraq addım atması gözləniləndir. Güman etmirəm ki, Türkiyə burda Azərbaycansız hansısa addım atacaq. Əksinə, bütün addımları Azərbaycanla məsləhətləşərək atacaq. Çünki biz strateji müttəfiqik, ən yaxın dövlətlərik. Azərbaycanın maraqlarına zidd addım atılacağını proqnozlaşdırmıram. Sadəcə, bu Türkiyə üçün məcburi bir çıxış yoludur. Başqa yolla Türkiyənin hərəkət etməsi üçün imkanları olduqca məhduddur. Dünyada yaranmış vəziyyət onu göstərir ki, Türkiyə həm Rusiya ilə, həm də İranla normal münasibətlər qurmaq istiqamətində addımlar gərəkli atmalıdır. Bu məsələdə gecikməməlidir. Çünki hər tərəfdən zərbə altında qalan bir ölkənin başqa çıxış yolu yoxdur".
Bununla belə, Fazil Mustafa Ermənistanla sərhədlərin açılması məsələsində Azərbaycanın əleyhinə heç bir addım atılmayacağını düşünür: "Əlbəttə, heç bnir addım atılmayacaq. Çünki Türkiyə kimi bir ölkənin rəyinin nəzərə alınamsı Rusiya üçün də vacibdir. Məsələyə həm də bu kontekstdən yanaşılmalıdır".

Əli