Milli Məclisdə AŞPA həmməruzəçiləri görüş Siyasət

Milli Məclisdə AŞPA həmməruzəçiləri görüş

Ötən gün Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşüblər.
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizlə AŞPA arasındakı əməkdaşlığın tarixindən, münasibətlərin inkişafından danışıb.
Dünən həmçinin parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri də həmmməruzəçilərlə görüşüblər. Komitə sədri Əli Hüseynli bildirib ki, Azərbaycanda aparılan hüquqi, o cümlədən insan haqları ilə bağlı islahatlarla əlaqədar sənədlər Milli Məclisin müzakirəsinə onun təmsil etdiyi komitə tərəfindən təqdim olunur. Komitə sədri bu sahədə görülən işlər barədə həmməruzəçilərə ətraflı məlumat verib.
Azərbaycana fakt-araşdırıcı səfərə gələn həmməruzəçilər burada keçirdikləri görüşlərdən, apardıqları müzakirələrdən söhbət açıblar. Onlar Azərbaycanın Avropa Şurasının bir sıra konvensiyalarını ratifikasiya etdiyini razılıqla qeyd ediblər.
Görüşlərdə Azərbaycanla AŞPA arasında münasibətlərin gələcək inkişaf perspektivləri, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində görülən işlər, monitorinq prosesinin gedişi və tərəfləri maraqlandıran digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.