

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyası öz işinə başlayıb. Məlumdur ki, Azərbaycan ötən ilin yanvarından, Gürcüstan isə bu ilin yanvarından AŞ PA-dakı fəaliyyətini dayandırıb. Hər iki ölkəyə qarşı irəli sürülmüş ittihamların motivi aşağı-yuxarı eynidir. Azərbaycanda insan haqlarının pozulması mövzusunda şərtlər irəli sürülüb. Avropa Şurası Gürcüstandan ötən ilin oktyabrında bu ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvini, qanunsuz aksiyalarda tutulanların azadlığa buraxılmasını, yeni parlament seçkilərinin keçirilməsini tələb etdiyi üçün Gürcüstan nümayəndə heyəti də fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Azərbaycanla danışıqlarda heç bir irəliləyiş yoxdur, rəsmi Bakı quruma bağlı İnsan Haqları Məhkəməsinin qərarlarının icrası öhdəliyindən imtina edib, AŞ üzvlüyündən çıxmaq barədə qərarı da istisna etməyib. Gürcüstanla bağlı son gəlişmə isə budur ki, Strasburq ölkəni AŞ-dən çıxarmaqla hədələyir. Gürcüstanı və Azərbaycanı anti-Rusiya sanksiyalarına qoşa bilməyən Avropa institutları həm də bu “sözəbaxmazlığa” görə hər iki Qafqaz ölkəsini cəzalandırıb, halbuki Rusiyanın bu sanksiyalardan yayınmasına kömək edən Ermənistan milyonlar qazandı, qazanmaqda da davam edir. Demək, Fransada yerləşən AŞ PA-da erməni lobbisinin güclü mövqeləri qalmaqdadır. Bəlli olub ki, Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqa gedib. Səfər çərçivəsində AŞ PA sədri Teodoros Russopulos, Avropa Şurasının baş katibi Alain Berset, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Matias Guillaumard, eləcə də Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaherti ilə görüşlər keçirib. Paşinyanın AŞ PA-da çıxışı da nəzərdə tutulub.
Azərbaycan və Ermənistan 2001-ci ilin 25 yanvarında Avropa Şurasına üzv qəbul edilib. Qonşu ölkənin 20 faiz ərazisini işğal edən Ermənistanın bu quruma üzv qəbul edilməsi əlbəttə ki, Avropa dəyərlərinə, konvensiyalara, eləcə də insan hüquqlarına zidd addım idi. Paşinyanın hakimiyyəti illərində Ermənistanda demokratik vəziyyət yalnız “kağız üzərində” irəliləyib, müxalifət institutu kifayət qədər zəiflədilib. Amma bunları Azərbaycana qarşı qərəzli bəyanatları sıralayan Avropa Parlamenti də, AŞ PA mda görməzdən gəlir. Paşinyanın Strasburqa dəvəti də bunu göstərir. Amma o da həqiqətdir ki, indi AŞ PA-da Cənubi Qafqazda səsvermə hüququ qalan Ermənistandır.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a açıqlamasında bütün bunların kökündə Azərbaycana qarşı ikili standartların dayandığını bildirdi:“Azərbaycanın və Gürcüstanın AŞ PA-dakı fəaliyyətini dayandırmaq məcburiyyətində qalması əslində Avropa institutlarının ikili standartlarının nəticəsidir. Çünki bu təşkilat region ölkələrinə münasibətdə seçici yanaşma tətbiq edir, Ermənistanın işğalçılıq siyasətini, insan haqlarının kobud şəkildə pozulmasını, demokratiyanın yalnız formal çərçivədə qalmasını görməzdən gəlir.
Strasburqa Ermənistanın baş naziri Nikol Paşinyanın dəvət olunması, onun müxtəlif görüşlər keçirməsi və AŞ PA-da çıxış etməsi əslində Avropa institutlarının Cənubi Qafqazda hansı xətt üzrə mövqe qazanmaq istəyinin bariz nümunəsidir. Halbuki Ermənistan illərlə Azərbaycanın ərazilərini işğal edib, yüz minlərlə insanı öz doğma torpaqlarından didərgin salıb, soyqırımlar həyata keçirib. Belə bir dövlətin Avropa Şurasına üzv qəbul edilməsi vaxtilə ciddi yanlışlıq idi, bu gün isə Paşinyanın legitimləşdirilməsi Avropa dəyərlərinin tam inkarı deməkdir. Azərbaycanın mövqeyi birmənalıdır. Biz heç vaxt ikili standartlara, qərəzli yanaşmalara boyun əyməyəcəyik. Dövlətimizin xarici siyasət kursu müstəqillik, suverenlik, milli maraqlar, prioritetləri isə Türk Dövlətləri ailəsinə inteqrasiya, oranı daha da bütünləşdirmək üzərində qurulub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün beynəlxalq platformalarda ədaləti, haqqı, insani dəyərləri və beynəlxalq hüququ müdafiə edir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl bütün dünyanı, obrazlı şəkildə ifadə etməli olsaq, öz əsri etmiş COVİD-19 zamanı ölkəmiz məhz sözdə insan dəyərlərini müdafiə edən hər bir dövlətə, təşkilata necə davranmaq lazımdır nümunəsi göstərdi. Təbii ki, bizim üçün əsas meyar Avropa Şurası və ya hər hansı beynəlxalq təşkilatın qərəzli yanaşması deyil, məhz öz milli maraqlarımız və dövlətimizin strateji inkişaf yoludur. Biz Avropa institutlarının əsl mahiyyətinə keçmiş Qarabağ münaqişəsi zamanı və ondan sonra inkişaf edən geosiyasi proseslərə verilən reaksiyalardan, xüsusilə Aİ Missiyası kontekstindən bələdik. Azərbaycan bundan sonra da milli maraqlarını qətiyyətlə müdafiə edəcək, heç bir beynəlxalq platformada təzyiq və şərtlərlə güzəştə getməyəcək. Azərbaycanın əsas dayağı xalqımızın birliyi, ordumuzun gücü və dövlətimizin əzmlə həyata keçirdiyi müstəqil siyasətdir".
Niyaməddin Orduxanlı
ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı hesab edir ki, AŞ PA ölkəmizə qarşı qərəzli mövqeyindən əl çəksə, o zaman yenidən təmsilçilik barədə düşünmək olar: “Azərbaycan haqlı olaraq Avropa Şurası Parlament Assambleyasının haqsız mövqeyinə görə fəaliyyətini dayandırıb. Bilirsiniz ki, qurumda əsas söz sahibi Fransadır. Fransa da 2020-ci il Vətən müharibəsindən, Qarabağ və ətraf rayonları işğaldan azad etdikdən sonra həyasızcasına Azərbaycanın üzərinə gəldi. Təbii ki, işğalçı Ermənistana görə, özü də utanmadan, beynəlxalq hüquqa əhəmiyyət vermədən. Bilirik ki, dünyada ən güclü erməni diasporu və lobbiçiliyi Fransada yerləşir. Paşinyanın əsas dayağı Fransadır. Paşinyan məhz Qərbin maliyyə dəstəyi ilə hakimiyyətə gətirilib. Onun bu gün hakimiyyətdə qalmasına da əsas Qərb dairələri dəstək verir. Paşinyan hakimiyyətə gələn kimi dərhal qisas məqsədilə vaxtilə onu həbs etdirmiş keçmiş prezident Köçəryanı, bir necə generalı, partiya sədrlərini, millət vəkillərini həbs etdirdi. Düzdür, sonradan Rusiya prezidentinin müdaxiləsi ilə Köçəryan ev dustaqlığına buraxıldı, ancaq digərləri həbsdə qaldı. Mətbuat və vətəndaş cəmiyyətinin nümayəndələrinə, blogerlərə cinayət işi açıldı, həbs edildi. Ancaq bəlli səbəbdən AŞ PA Ermənistanda baş verənlərlə bağlı hər hansı qərar qəbul etmədi, insan hüquqlarının kütləvi pozulmasını, siyasi düşüncələrinə görə həbs olunanları "görməzdən" gəldi. Çox təəssüf ki, bu cür qurumlar Qərbin, ABŞ-nin və bəzi dairələrin əlində alətə çevriliblər. Lazım olanda həmin ölkələrə qarşı təzyiq rolunu oynayırlar. Əlbəttə ki, bu məsələdə Rusiya faktoru da yer alıb. Həmin dövrdə Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması da ciddi narahatlıq yaradırdı. O dövrdə ABŞ-də prezident Co Bayden idi. Azərbaycan hər zaman beynəlxalq qurumlarda təmsil olunmağa və ikitərəfli əməkdaşlığa üstünlük verib. Ancaq görəndə ki, dövlət və milli maraqlarımıza təhdid var, qərəz var, o zaman cənab Prezident İlham Əliyev çox doğru qərarlar qəbul edir. Heç bir qurum və ya dövlət Azərbaycana diktə edə bilməz və biz tam müstəqil, beynəlxalq normalara uyğun fəaliyyət göstəririk. Bizə qarşı qəzəbi və nifrəti olan şəxslərlə bir qurumda necə fəaliyyət göstərə bilərik? AŞ PA Azərbaycana qarşı əsassız və qərəzli mövqeyindən geri çəkilsə, o zaman AŞ PA-dakı fəaliyyət haqqında düşünmək olar".