11:14
560
Ankara Vaşinqton və Tehran arasındakı danışıqlar prosesində nəzərə çarpan irəliləyişi qeyd edir və konkret nəticələrin əldə olunacağına ümid edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib.
"İran-Amerika müharibəsi təkcə bizim regiona deyil, həm də bütün dünyaya mənfi təsir göstərir. Biz İran və ABŞ arasındakı danışıqlarda qeydə alınan irəliləyişi məmnuniyyətlə müşahidə edir, bu danışıqların konkret nəticələrə gətirib çıxaracağına, davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümid edirik. Hörmüz boğazında gəmiçilik azadlığının bərpası və müharibədən əvvəlki vəziyyətə qayıdılması qlobal iqtisadiyyat, energetika və təhlükəsizlik baxımından bir zərurətdir", — deyə o, Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman ilə danışıqlardan sonra bu ölkədə keçirilən mətbuat konfransında bildirib.
Fidan qeyd edib ki, Türkiyə öz tərəfindən Fars körfəzi zonasında nizamlanmaya kömək etmək üçün "diplomatik səylərini aktivləşdirir". "ABŞ və İrandan başqa, biz bu məsələ ilə bağlı region ölkələri ilə də intensiv məsləhətləşmələr aparırıq. Bu kontekstdə Pakistanın davamlı atəşkəsin təmin edilməsi istiqamətindəki vasitəçilik səylərini xüsusilə yüksək qiymətləndirir və bu səylərə effektiv dəstək verməkdə davam edirik", — deyə nazir əlavə edib.
Bununla belə, Fidanın sözlərinə görə, "danışıqlarda irəliləyiş olmasına baxmayaraq, Ankara atəşkəsin vaxtaşırı pozulmasını dərin narahatlıqla izləyir". "Tərəflər diplomatik prosesi təhlükəyə ata biləcək addımlardan çəkinməlidirlər. Beynəlxalq ictimaiyyət müharibənin dayandırılması üçün vahid iradə nümayiş etdirməlidir. Xüsusilə İsrailin atəşkəsi pozmaq cəhdlərinin qarşısının alınması olduqca vacibdir", — deyə o vurğulayıb.
Yəhudi dövlətinin siyasətinə toxunarkən Türkiyə XİN rəhbəri qeyd edib ki, "beynəlxalq ictimaiyyət üçün prioritet İsrailin təcavüzünün qarşısını almaq və bütün regionda müharibə təhlükəsini aradan qaldırmaq olmalıdır". Və bu kontekstdə, onun sözlərinə görə, "İsrail işğalına və Livana hücumlarına tamamilə son qoyulması son dərəcə mühümdür".
Məryəm Quliyeva