Qlobal dəyər böhranı və gələcəyin geosiyasi gücü - milli kimlik Siyasət

Qlobal dəyər böhranı və gələcəyin geosiyasi gücü - milli kimlik

Sadiq QURBANOV
Millət vəkili

Müasir dünya öz tarixinin ən paradoksal, ən mürəkkəb mərhələlərindən birini yaşayır. İnsanlıq bir tərəfdən texnologiyanın, elmin zirvəsinə yüksəlir, kainatın sirlərini açmağa çalışır, rəqəmsal imkanlar vasitəsilə tamamilə yeni dövr formalaşdırır, digər tərəfdən, mənəvi baxımdan dərin boşluq, mənsubiyyətsizlik hissi keçirir. Bəşəriyyətin qarşılaşdığı əsas qlobal problemlər artıq iqtisadi model çatışmazlığı, texniki imkanların məhdudluğu ilə izah edilə bilmir. Əsl təhlükə insanın öz daxili mahiyyətdən sürətlə uzaqlaşması, vicdan ilə güc arasındakı qədim tarazlığın pozulması, bəşəriyyəti minilliklər boyu ayaqda saxlayan fundamental dəyərlərin sürətlə aşınmasıdır. İqtisadi göstəricilər yüksəldikcə, sənaye gücü artdıqca insan öz daxili dünyasında buna mütənasib şəkildə böyümür. Əksinə, xarici aləmin parıltısı çoxaldıqca daxili dünyada qaranlıq nöqtələr, cavabsız qalan suallar çoxalır. Bu, fərdin özündən başlayaraq qlobal sistemə qədər uzanan zəncirvari böhranın ilk həlqəsi kimi özünü aydın büruzə verir.

XXI əsrin ən böyük, ən fundamental böhranı iqtisadi çətinliklər, enerji resurslarının çatışmazlığı, kəskin geosiyasi qarşıdurmalar sayılmamalıdır. Əsl problem məhz qlobal dəyər böhranıdır. Çünki dünyanı bürüyən bütün digər böhranların kökündə, onların yaradıcı fəaliyyətində insanın mənəvi zəifləməsi dayanır. Ədalət duyğusu zəiflədikdə, hüquq maraqlara qurban verildikdə regional müharibələr, qlobal toqquşmalar yaranır. İnsanın daxilindəki vicdan mexanizmi zəiflədikdə sosial bərabərsizlik dərinləşir, resursların ədalətsiz bölgüsü dünyanı idarəolunmaz hala gətirir. Mənəviyyat zəiflədikdə isə texnologiya insanlığa xidmət vasitəsi olmaqdan sürətlə çıxır, onu tamamilə idarə edən, fərdiyyəti sıradan çıxaran amansız bir gücə çevrilir. Sivilizasiyanın texniki tərəqqisi mənəviyyat tərəqqisi ilə paralel hərəkət etmədikdə yaranan boşluq fəlakətlərə zəmin hazırlayır. Gücün mənəviyyatdan məhrum olması bəşəriyyəti hər an idarəolunmaz uçuruma apara biləcək ən böyük risk faktorudur.

Tarixin dərin qatlarına nəzər saldıqda aydın görünür ki, böyük sivilizasiyalar, qüdrətli imperiyalar iqtisadi yoxsulluqdan, maddi resursların tükənməsindən çox mənəvi aşınma, daxili deqradasiya səbəbindən zəifləyiblər. Roma İmperiyasından başlayaraq tarixin gedişatını dəyişən bir çox qüdrətli dövlətlərin süqutunda daxili parçalanma, mənəvi aşınma, əxlaqi dəyərlərin sıradan çıxması həmişə həlledici rol oynamışdır. Cəmiyyətlər xarici təzyiqlərdən, hərbi hücumlardan əvvəl daxildə, öz mənəvi təməllərində çökməyə başlayırlar. Müasir dövrdə isə bu proses daha mürəkkəb, daha gizli bir formada gedir. Əvvəlki əsrlərdə imperiyaları aşkar şəkildə ordular, hərbi güclər dağıdırdısa, indi bütöv cəmiyyətləri daxildən yavaş-yavaş aşındıran, onları kimliksizləşdirən əsas qüvvə mənəvi boşluqdur. İnsan texniki baxımdan inkişaf etdikcə, qloballaşmanın imkanlarından istifadə etdikcə ruhən daha çox tənhalaşır, öz daxili köklərindən uzaqlaşır. Dünyanın ən zəngin, ən inkişaf etmiş ölkələrində belə kütləvi depressiyanın, psixoloji gərginliyin, sosial yadlaşmanın qorxulu silsilə alması təsadüfi xarakter daşımır. Maddi rifah, ssenariləşdirilmiş rahatlıq insanın bütün daxili ehtiyaclarını qarşılamağa qadir deyil. İnsan sadəcə bioloji varlıq olmaqla qalmır, o, eyni zamanda həyatda öz yerini, varlığının qayəsini tapmağa çalışan, məna axtaran ali mənəvi fenomendir.

Müasir dünya insana ağlasığmaz dərəcədə çox şey təqdim edir: inanılmaz sürət, sonsuz informasiya axını, limitsiz istehlak imkanları, virtual dünyalar... Lakin insanın daxilindəki o böyük boşluğu doldura biləcək mənəvi istiqaməti, həyatın həqiqi mənasını eyni güclə təqdim edə bilmir. Texnologiya insanın həyatını asanlaşdırır, fiziki əməyini yüngülləşdirir, lakin onun daxili sakitliyini, ruhən rahatlığını təmin etmir və edə də bilməz. İnsanlar bir-biri ilə saniyələr içində əlaqə yaradır, qitələrarası kommunikasiya qurur, lakin tarixdə heç vaxt olmadığı qədər emosional uzaqlıq, soyuqluq yaşayırlar. Sosial şəbəkələr milyonlarla, milyardlarla insanı eyni platformada, eyni virtual məkanda birləşdirir, amma bu süni birlik əksər hallarda daxili yaxınlıq, ruh doğmalığı yaratmır. İnsanlıq informasiya əsrinə çox böyük nailiyyətlərlə daxil olub, lakin hikmət əsrinə, mənəvi kamillik mərhələsinə daxil ola bilməyib. İnformasiya bolluğu insanı müdrikləşdirmir, əksinə, bəzi hallarda lazımsız məlumat kütləsi daxili saflığı bulandırır, insanı özündən qoparır.

Alman filosofu Martin Heidegger "Texnologiya haqqında sual" essesində texnoloji sivilizasiyanın insanı öz mahiyyətindən uzaqlaşdıracağını, onu alətə çevirəcəyini deyərkən, əslində, bu gün qarşılaşdığımız qlobal təhlükənin konturlarını görürdü. Bu təhlükə bu gün rəqəmsal dünyanın hegemonluğu şəraitində daha açıq, daha qorxulu şəkildə görünür. Müasir insan artıq çox zaman müstəqil düşünən, təhlil edən subyekt yox, sadəcə, xarici stimullara anlıq reaksiya verən passiv bir varlığa çevrilir. Dərin təfəkkür, uzunmüddətli analiz qabiliyyəti yerini sürətli, keçici emosional reaksiyalara verir. İnsan artıq dərindən oxumur, sadəcə, vizual olaraq izləyir. Hadisələri anlamır, sadəcə, ekrandan ona təqdim olunan formada qəbul edir. Öz fikirlərini formalaşdırmır, sadəcə, alqoritmlərin ona diktə etdiyi şablonları təkrarlayır. Bəşəriyyətin ən böyük paradoksu məhz budur: insan fiziki olaraq kosmosa çıxır, milyardlarla işıq ili uzaqlığında olan məkanları tədqiq edir, lakin öz daxili dünyasına enməkdən, öz mənəviyyatı ilə baş-başa qalmaqdan qorxur. Çünki daxildə o, bəzəkli, filtrlənmiş, süzgəcdən keçmiş rəqəmsal görüntülər yoxdur.

Burada 1998-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almış Jose Saramago etdiyi qeydini xatırlamaq yerinə düşər. O deyirdi: "Mənə belə gəlir ki, müasirlərimizin qəlbinə yol tapmaq Mars planetini fəth etməkdən çətindir". Orada reallığın çılpaq, sakit, bəzən də vahiməli tənhalığı gizlənir. Bu tənhalıqla üzləşmək cəsarəti mənəviyyatı zəifləmiş müasir insanda çatışmır.

Buna görə düşünürəm ki, XXI əsrin əsas məsələsi iqtisadi liderlik uğrunda amansız rəqabət yox, mənəvi liderlik uğrunda mübarizə olmalıdır. Əgər elm vicdanla, güc ədalətlə, siyasət mənəviyyatla mütləq şəkildə birləşməzsə, insanlıq yaxın gələcəkdə daha dərin, geriyə dönüşü olmayan qlobal böhranlarla qarşılaşacaq. Texnologiya insana sonsuz imkanlar verir, lakin yalnız mənəvi dəyərlər bu imkanların hara yönəlməli olduğunu göstərən yeganə kompas, istiqamətdir. İstiqamətsiz, mənəvi təməldən məhrum olan güc sivilizasiyanı yüksəltmək əvəzinə, onu tamamilə məhv edəcək bir uçuruma sürükləyə bilər. Nüvə enerjisindən tutmuş süni intellektə qədər bütün böyük kəşflər insanın mənəvi səviyyəsindən asılı olaraq həm xilasa, həm də qlobal fəlakətə xidmət edə bilər. Seçimi edənsə mexanizmlər yox, insanın daxili dünyası, onun əxlaqi səviyyəsidir.

Müasir dünyada artıq istehlak anlayışı sadəcə iqtisadi ehtiyacları qarşılamaq fəaliyyəti olmaqdan tamamilə çıxaraq, fərdləri idarə edən qlobal bir həyat fəlsəfəsinə çevrilib. Fransız filosofu Jean Baudrillard "Simulacra and Simulation" əsərində müasir istehlak cəmiyyətində insanların reallığın özündən çox görüntülərlə, kölgələrlə yaşadığını qeyd edirdi. Qeyd etmək istərdim ki, bu fikir hal-hazırda mənim öz dünyagörüşümü, şəxsi qənaətlərimi, cəmiyyətə baxışımı tam mənası ilə ifadə edir. Ətrafımda, gündəlik həyatda müşahidə etdiyim saysız-hesabsız faktlar məni bu dəyişməz düşüncəyə gətirir. İnsanlar həqiqi, səmimi həyatdan çox virtual olaraq təqdim olunmuş, cilalanmış həyat tərzinin təsiri altına düşürlər. Anı daxilən hiss etməkdən, onun mənəvi dərinliyinə varmaqdan çox, o anın vizual marketinqini aparmaq müasir insanın ən böyük tragediyasına çevrilir. Bir konsertə, bir tarixi məkana, bir restorana gedilir, lakin oradan mənəvi zövq almaq, daxilən zənginləşmək arxa plana keçir. Əsas hədəf sosial şəbəkə üçün "mən buradayam, mən fərqliyəm, mən xoşbəxtəm" ssenarisini qurmaq, bu illüziyanı kütləyə lazımsız aşılamaq olur. Reallıq öz təbii cazibəsini tamamilə itirib, onun süni təqdimat yarışı başlayıb. Acınacaqlısı odur ki, artıq həqiqi həyat unudulur, vitrindəki ideal modelin təsirində, onun diktəsi ilə yaşayırıq.

Cəsarətlə deyirəm: sosial platformalar artıq sadəcə ünsiyyət vasitəsi olmaqdan çıxıraq, fərdlərin mənliyini əlindən alan nəhəng görüntülər bazarına çevrilib. Rəqəmsal filtrlər, bəzəkli statuslar, saxta fotoşəkillərlə real mənliyimizdən, məhz qüsurlarımızla birgə gözəl olan təbiətimizdən uzaq bir "profil şəxsiyyəti" yaradırıq. Zamanla fərd öz uydurduğu, virtual olaraq inşa etdiyi bu saxta obraza o qədər bağlanır, ona elə aludə olur ki, real həyatdakı qüsurları, daxili boşluqları, qaçılmaz tənhalığı ilə baş-başa qalanda dərin psixoloji sarsıntılara, depressiyaya düşür. Görüntü reallığı gizlətmək missiyasını çoxdan bitirib və artıq reallığın özünü tamamilə əvəz edir. Mənim şəxsi qənaətimə görə, biz bu gün əşyaları real ehtiyacımıza görə yox, bizə qazandırdığı, cəmiyyətdə nümayiş etdirəcəyimiz "status imicinə" görə alırıq. Telefon sadəcə rabitə vasitəsi, geyim sadəcə örtünmək ehtiyacı olmaqdan çıxıb. Biz əşyanın funksiyasını yox, markaların bizə satdığı illüziyanı, xəyali mənsubiyyəti alırıq. Obyektin özü yox, onun rəmzi mənası istehlak olunur. Görüntülər, trendlər sürətlə yeniləndikcə insanın sahib ola bilmədiklərinə qarşı daxili narazılığı, bitmək bilməyən acgözlüyü, mənəvi boşluğu da eyni sürətlə böyüyür.

Media, rəqəmsal platformalar bizə o qədər sürətli, idarəolunmaz vizual informasiya ötürür ki, bu süni axın müasir insanın dərin təfəkkür qabiliyyətini iflic edir, analiz mexanizmini tamamilə sıradan çıxarır. Oxumur, xəyal edirik, anlamır, sadəcə, vizual olaraq təqdim olunan mənzərəni qəbul edirik. Ekranda görünən, ssenariləşdirilmiş hər şey bizə yeganə, mütləq həqiqət kimi sırınır. Cəmiyyət müstəqil düşünən fərdlərdən qoparaq, görüntülərə anlıq emosional reaksiya verən, asanlıqla idarə olunan vahid bir kütləyə çevrilir. Amerikalı alim Noam Chomsky informasiya üzərində nəzarətin, manipulyasiya texnikalarının müasir dünyanın əsas güc vasitələrindən birinə çevrildiyini vurğulayırdı. Bu gün media rəqəmsal platformalarla birlikdə yalnız adi xəbər ötürmür, eyni zamanda kütlələrin dünyaya baxışını, nifrətini, sevgisini, düşüncə istiqaməti süni şəkildə formalaşdırır. İnsan azad olduğunu düşündüyü halda, əslində, alqoritmlərin qurduğu mənəvi qəfəsin içində hərəkət edir.

Müasir dövlətlər, beynəlxalq təşkilatlar, bir tərəfdən, insan hüquqları, ali demokratiya, qlobal azadlıq anlayışlarını ən yüksək tribunalardan müdafiə etdiklərini bildirirlər, digər tərəfdən, qlobal siyasətdə, iqtisadi maraqlar toqquşanda bütün bu prinsipləri asanlıqla tapdalayır, maraqları mütləq prinsiplərdən üstün tuturlar. Bu məsələyə dair çoxlu misallar gətirmək olar... Bu riyakar yanaşma beynəlxalq münasibətlər sistemində böyük bir etimadsızlıq, xaos yaradır. Azərbaycan beynəlxalq güclərin bu ikili standartlarından, kağız üzərində qalan quru prinsiplərindən, beynəlxalq hüququn geosiyasi maraqlara açıq şəkildə qurban verilməsindən uzun illər ərzində çox böyük əziyyət çəkmiş, mənəvi, maddi itkilərə məruz qalmış bir ölkədir. Beynəlxalq təşkilatların qərarlarının, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin onilliklər boyu icra olunmaması, ədalətin qlobal miqyasda böyük güclərin maraqlarına görə tapdalanması ölkəmizin üzləşdiyi ən böyük qlobal haqsızlıq idi. Bu təcrübə bizə göstərdi ki, müasir qlobal sistem mənəvi təməllər üzərində yox, yalnız güc kontekstində fəaliyyət göstərir. Lakin hüququn gücü deyil, gücün hüququ hakim olanda ədalət anlayışı öz real mənasını itirir, quru rəmzə çevrilir. Fransız sosioloqu Emile Durkheim cəmiyyətin daxili sabitliyini, onun uzunömürlülüyünü mexaniki qanunlardan çox sosial həmrəylik, ortaq mənəvi bağlar ilə əlaqələndirirdi. Onun fikrincə, insanları bir yerdə saxlayan, dövləti yaşadan qüvvə sadəcə cəza mexanizmləri, hüquqi qanunlar yox, fərdlərin qəbul etdiyi ortaq mənəvi bağlılıqdır. Bu gün isə həmin bağlılıq qlobal miqyasda qırılmaqdadır.

Müasir dövrdə qlobal sistemin əsas, ən qorxulu təhlükəsi insanın dünyada baş verən faciələrə, humanitar fəlakətlərə asanlıqla alışmasıdır. Hər gün ekranlardan ötürülən müharibə, ölüm, aclıq xəbərləri insan üçün artıq, sadəcə, statistik göstəriciyə, axşam yeməyi zamanı izlənilən keçici bir lentə çevrilir. Problem dünyada nifrətin artmasından çox, insani mərhəmətin, empatiya hissinin sürətlə zəifləməsidir. Çünki mərhəmət zəiflədikdə güc tamamilə vicdansızlaşır, siyasət mənəviyyatdan uzaqlaşaraq qəddarlaşır, insan digər insanı yalnız öz məqsədləri üçün istifadə edəcəyi bir vasitə kimi görməyə başlayır. Faciələrə qarşı yaranan bu mənəvi hissizlik sivilizasiyanın daxili çürüməsinin ən bariz göstəricisidir.

Müasir dünyada "ədalət" anlayışı qurumların mexaniki fəaliyyətinə və hüquqi normaların soyuq icrasına sığışdırılmağa çalışılsa da, Türk-İslam təfəkküründə bu fenomen həmişə ilahi və kosmik bir nizam forması kimi qəbul edilmişdir. Böyük mütəfəkkir Nizami Gəncəvinin "Sirlər xəzinəsi" məsnəvisində sosial zülmə məruz qalmış bir qarının qüdrətli hökmdar Sultan Səncəri ədalətsizlikdə ittiham edən kəskin sözləri, öz poetik dəyəri baxımından təkcə ibrətamiz bir bədii səhnə deyil, həm də türk kimliyinin bütün dünyaya ünvanlanmış bəyanatıdır:

Şan-şöhrəti dünyaya sığışmazdı türklərin,

Ölkəsi ədalətlə güllü yazdı türklərin.

Zalımlığın bəllidir, işin-peşən talandır,

Sən ki hindu quldursan, türk olmağın yalandır.

Bu sətirlərin poetik nüvəsində "türk ədaləti" adlanan identifikasiya konsepti dayanır. Nizami dövlətçiliyin mütləq meyarının "ədalət və xalq vəhdəti" olduğunu bəyan edir. Buradakı ədalət anlayışı, yalnız hakim sinfi müdafiə edən bir vasitə deyil, məhz cəmiyyəti təşkil edən bütün sosial təbəqələr arasında mənəvi harmoniyanı qorunma mexanizmidir.

Bu düşüncənin ontoloji kökləri ulu abidəmiz "Kitabi-Dədə Qorqud" dastanlarına qədər uzanır. Dastanın elə birinci boyunda idarəçilikdə sosial ədalət prinsipini, xalqın rifahını diqqətdən qaçıran Dirsə xanın mənəvi xəbərdarlıq alması və yalnız acı doyurub, yalıncı bəzəməklə xalqın dualarını qazandıqdan sonra Tanrının mükafatına layiq görülməsi təsadüfi deyil. İstər Nizaminin əsərində Sultan Səncərin, istərsə də dastanda Dirsə xanın müdrik türk qadını tərəfindən tənqid edilib düz yola dəvət olunması, türk kimliyində xalq rəyinin və ədalətin hökmdar iradəsindən üstün olduğunu göstərir.

Buradakı əsas məqam, "türk ədaləti" anlayışının tamamilə ilahi və metafizik bir mahiyyət daşımasıdır. Türk dövlətçilik fəlsəfəsinə görə, sosial-siyasi sistemin uzunömürlü olmasının əsas şərti, iqtisadi və hərbi göstəricilərdən əvvəl, ədalət vasitəsilə Tanrı sevgisinə və xalqın rəğbətinə layiq olmaqla müəyyənləşir.

Müasir dünyamızı bürüyən qlobal dəyər böhranı isə əslində, çağdaş insan kimliyinin bu cür ilahi və mənəvi başlanğıcdan uzaqlaşması prosesidir.

Yusif Xas Hacib Balasaqunlu özünün məşhur "Kutadgu Bilig" əsərində dövlət idarəçiliyini sırf ağıl, saf vicdan, ali mənəviyyat üzərində qururdu. Çünki xalqı, dövləti sarsıntılardan qoruyan, onu gələcəyə daşıyan əsas qüvvə cəmiyyətin daxilindəki sarsılmaz inam, ədalət hissi, fərdləri birləşdirən ortaq mənəvi bağlılıqdır. Tarix sübut edir ki, qalıcı olan, bəşəriyyətin yaddaşında silinməz iz qoyanlar yalnız maddi gücə, ordulara sahib olanlar yox, eyni zamanda bəşəri dəyər, mənəvi irs yaradan sivilizasiyalar olmuşdur. Maddi güc keçicidir, mənəvi təməl isə əbədidir.

Bu baxımdan Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülən, böyük uzaqgörənliklə formalaşdırılan milli dövlətçilik modeli müasir tariximizdə xüsusi və müstəsna yanaşma kimi diqqət çəkir. O, müasir dövlət quruculuğu prosesini sadəcə inzibati, iqtisadi islahatlarla məhdudlaşdırmır, bu prosesi milli kimlik, mənəvi yaddaş, köklərə bağlılıq ilə paralel şəkildə, vəhdətdə inkişaf etdirirdi. Ulu öndər Heydər Əliyev öz çıxışlarında milli mənliyin, mənəviyyatın qorunmasını bir dövlətin, bir xalqın varlıq şərti, onun gələcək təhlükəsizlik qarantı hesab edirdi. Onun Ümumdünya Azərbaycanlılarının I Qurultayındakı tarixi çıxışında dərin fəlsəfi fəhm ilə səsləndirdiyi fikirlər dövlətçilik fəlsəfəmizin sarsılmaz təməlini təşkil edir: "Milli mənsubiyyət, milli köklər, milli-mənəvi dəyərlər hər bir insan üçün qürur mənbəyidir. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə, böyük tarixi keçmişimizlə fəxr edirik".

Ulu Öndər yaxşı anlayır və dərindən hiss edirdi ki, öz milli kimliyini, mənəvi dayaqlarını, tarixi yaddaşını itirən, qlobal dalğaların içində assimilyasiyaya uğrayan bir xalq heç bir zaman siyasi, iqtisadi baxımdan güclü, müstəqil dövlət qura bilməz, qursa da, onu qoruyub saxlaya bilməz. Dövlətin müstəqilliyi onun mənəviyyatının müstəqilliyindən, özünəməxsusluğundan başlayır.

Bu strateji, milli-mənəvi siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən dəyişən dünyanın tələblərinə uyğun olaraq daha geniş geosiyasi, mədəni miqyasda uğurla davam etdirilir. Müasir dövrdə Azərbaycanın qlobal təzyiqlərə, ideoloji hücumlara rəğmən öz milli maraqları ilə mənəvi kimliyini paralel, sarsılmaz şəkildə qorunmağa çalışması qlobal dəyər böhranı fonunda bütün dünya üçün xüsusi əhəmiyyət daşıyan bir inkişaf modelidir. Çünki gələcəyin ən böyük, ən amansız savaşı sadəcə enerji resursları, coğrafi sərhədlər, texnoloji üstünlüklər uğrunda getməyəcək. Bu savaş insanın mənəvi mahiyyəti, onun daxili azadlığı uğrunda olacaq. Öz mənəvi dayaqlarını, milli mənliyini qoruyaraq, köklərinə sadiq qalaraq modernləşən, inkişaf edən dövlətlər gələcəyin dünyasında daha davamlı, daxilən sarsılmaz, qlobal miqyasda daha təsirli geosiyasi gücə çevrilirlər. Tarixi köklərindən qopmayan modernləşmə sivilizasiyanı xilas edə biləcək yeganə mənəvi qaladır.

Müasir qlobal sistemin qarşılaşdığı ən böyük fəsadlardan biri də odur ki, insanlıq inkişaf, tərəqqi anlayışını uzun onilliklər boyu yalnız maddi göstəricilər, rəqəmlər üzərində qurmağa çalışdı. İqtisadi artım templəri, sənaye potensialı, texnoloji üstünlüklər, qlobal maliyyə kapitalı dövlətlərin yeganə üstünlük meyarına, güc ekvivalentinə çevrildi. Halbuki tarixi təcrübələr, keçmiş sivilizasiyaların aqibəti birmənalı şəkildə göstərir ki, maddi inkişaf mənəvi tərəqqi ilə paralel getmədikdə, insan ruhən böyümədikdə cəmiyyətlər daxildən sürətlə aşınmağa, çürüməyə başlayır. Müasir dünya məhz belə bir böhranlı, təhlükəli keçid mərhələsindən keçməkdədir. Bir çox inkişaf etmiş ölkələrdə fərdlər tarixdə görünməmiş maddi rifah səviyyəsinə, texniki rahatlığa sahibdirlər; lakin eyni zamanda həmin cəmiyyətlərdə ailə institutunun sürətlə zəifləməsi, demoqrafik böhranlar, sosial tənhalıq, həyatın mənasını tamamilə itirmə hissi qorxulu şəkildə geniş yayılıb. Bu reallıq sübut edir ki, insan yalnız iqtisadi rahatlıqla, mexaniki təminatla heç bir zaman tam xoşbəxt ola bilməz. İnsanın daxilində maddi ehtiyaclardan daha böyük, daha dərin olan, yalnız mənəvi dəyərlərlə dolması mümkün olan böyük bir metafizik ehtiyac mövcuddur.

Qədim filosoflar, o cümlədən Aristotel xoşbəxtliyi sadəcə maddi təminatla, keçici həzlərlə əlaqələndirmirdi. O hesab edirdi ki, insanı həqiqi mənada kamilləşdirən, onu xoşbəxtliyə ucaldan əsas qüvvə daxili əxlaq, ölçü hissi, mənəvi tarazlıqdır. Müasir qlobal sistem isə əksər hallarda insanı yalnız daha çox istehlak edən, bitmək bilməyən daxili iştahı olan bir varlığa çevirməyə çalışır. İstehlak artıq yalnız iqtisadi davranış forması olmaqdan çıxıb, fərdləri manipulyasiya edən bir həyat doktrinasına çevrilib. İnsanlar artıq öz daxili zənginlikləri, mənəvi keyfiyyətləri ilə deyil, sahib olduqları maddi əşyaların parıltısı ilə özlərini və digərlərini qiymətləndirməyə başlayıblar. Bu isə cəmiyyətdə daimi narazılıq, bitmək bilməyən paxıllıq, dərin daxili boşluq yaradır. Gənc nəslin düşüncə sistemində, dünyaya baxışında bu proses xüsusilə silinməz, neqativ izlər qoyur. Müasir gənclik nəhəng informasiya, vizual təsir axını içində böyüyür, lakin hər informasiya insanı müdrikləşdirmir, əksinə, daxili saflığı zədələyir. İnsanlar dərin təfəkkürdən, mütaliədən, sakit düşüncədən uzaqlaşdıqca qlobal medianın, manipulyativ platformaların emosional təsirlərinə daha açıq, daha müdafiəsiz vəziyyətə gəlirlər.

Qlobal dəyər böhranının ən ağrılı, ən təhlükəli fəsadlardan biri özünü cəmiyyətin təməli olan ailə institutunda göstərməkdədir. Tarix boyu ailə insanın ilk mənəvi məktəbi, şəxsiyyətin formalaşdığı müqəddəs məkan hesab olunub. İnsanın vicdanı, məsuliyyət hissi, mərhəməti, digərinə hörməti ilk növbədə ailə mühitində, sağlam valideyn münasibətləri fonunda formalaşır. Müasir dövrdə isə radikal fərdiyyətçiliyin, eqoizmin həddindən artıq təbliğ olunması ailə bağlarını zəiflədir, ailə anlayışını ikinci plana keçirir. İnsanlar ortaq məsuliyyətdən qaçaraq, yalnız öz keçici rahatlıqlarını düşünürlər. Fərdiyyətçilik mütləq bir qayəyə çevriləndə sosial həmrəylik sarsılır, cəmiyyət fərdlərin bir-biri ilə gizli mübarizə apardığı amansız bir arenaya çevrilir. Etimad hissi zəiflədikdə cəmiyyət daxilən parçalanmağa başlayır. Çünki dövlətləri ayaqda saxlayan yalnız güclü ordular, mükəmməl maliyyə sistemləri olmur. Dövlətin uzunömürlü, sarsılmaz olması üçün onun mənəvi sütunları, xalqın dövlətə və ədalətə olan sarsılmaz inamı olmalıdır. Qanunların sərtliyi, cəzaların ağırlığı mənəviyyatı pozulmuş bir cəmiyyəti xilas etməkdə həmişə aciz qalır.

Buna görə də bəşəriyyət dərindən anlamalıdır ki, yalnız iqtisadi göstəricilər, texnoloji üstünlüklər üzərində qurulan dünya modeli uzunmüddətli, davamlı sayıla bilməz. Əgər tərəqqi insanı ruhən zəiflədirsə, ailəni daxildən dağıdırsa, mənəviyyatı sıradan çıxarırsa, insanın daxilindəki vicdan səsini susdurursa, o zaman həmin tərəqqi sivilizasiyanı yüksəltmir, sadəcə, onun böyük süqutunu müvəqqəti olaraq gecikdirir. Tarix dəfələrlə sübüt edib ki, mənəviyyatını, vicdanını itirən sivilizasiyalar gec-tez öz maddi güclərini, siyasi qüdrətlərini də itirməyə məhkumdurlar. XXI əsrdə bəşəriyyət qarşısında duran ən böyük, ən taleyüklü məsələ yeni dünya nizamının hansı texniki parametrlərlə qurulacağı deyil, həmin nizamın hansı sarsılmaz mənəvi təməl, hansı qlobal vicdan üzərində formalaşacağıdır. İnsan atomu parçalamağı, kosmosu fəth etməyi, süni intellekt yaratmağı bacardığı kimi, öz daxili dünyasındakı nifrəti, eqoizmi parçalamağı, mənəvi saflığı qorunmağı da eyni dərəcədə bacarmalıdır. Əgər insan öz mənəviyyatını qoruyaraq texnologiyanı, gücü idarə edə bilsə, bəşəriyyət qarşısındakı ən ağır qlobal böhranlardan, uçurumlardan mütləq bir çıxış yolu, işıqlı bir gələcək tapa biləcəkdir.

Müasir dünyanın üzləşdiyi qlobal dəyər böhranı fonunda Azərbaycanın tarixi Zəfəri də sadəcə hərbi və siyasi uğur kimi qiymətləndirilməməlidir. Bu Zəfər, eyni zamanda milli kimliyin, tarixi yaddaşın, mənəvi birliyin və dövlət-xalq vəhdətinin təntənəsi idi. Çünki 44 günlük Vətən müharibəsi göstərdi ki, milli ruhunu, mənəvi dayaqlarını və tarixi ədalət hissini qoruyub saxlayan xalq ən mürəkkəb geosiyasi şəraitdə belə öz suveren iradəsini təmin etməyə qadirdir.

Azərbaycanın qazandığı tarixi Zəfər bir daha sübut etdi ki, dövlətin həqiqi gücü yalnız iqtisadi resurslar və ya hərbi texnologiyalar ilə müəyyən olunmur. Xalqın milli kimliyinə bağlılığı, dövlətinə olan inamı, mənəvi həmrəyliyi və ortaq məqsəd ətrafında birləşmə bacarığı geosiyasi gücün əsas strateji sütunlarından biridir. Məhz bu mənəvi birlik Azərbaycanı qlobal siyasi təzyiqlər, ikili standartlar və uzun illər davam edən ədalətsizliklər qarşısında sarsılmağa qoymadı.

XXI əsrdə gələcəyin ən dayanıqlı və təsirli dövlətləri öz milli-mənəvi dəyərlərini qoruyaraq inkişaf edən dövlətlər olacaq. Azərbaycanın tarixi Zəfəri isə bütün dünyaya göstərdi ki, milli kimliyinə, mənəvi yaddaşına və tarixi ədalət prinsipinə söykənən xalqı zəiflətmək mümkün deyil. Çünki mənəvi bütövlük üzərində qurulan dövlətçilik modeli bu günlə bərabər gələcəyin də əsas geosiyasi güc amillərindən biridir.