“Bitcoin”in qiyməti 63 min dollardan aşağı enib İqtisadiyyat

“Bitcoin”in qiyməti 63 min dollardan aşağı enib

Son sutkada kriptovalyuta bazarında əsas indekslərdə eniş davam edib.

"APA-Economics" xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 2,4% azalaraq 62 725 ABŞ dollarına düşüb. Dünyanın ən böyük kriptovalyutasının qiyməti son bir həftədə isə 14,4% azalıb.

Bazarın ikinci ən böyük kriptovalyutası olan “Ethereum”un qiyməti 4,1% azalaraq 1 732 dollara enib. Son yeddi gündə aktivin qiyməti 13,4% geriləyib.

Digər əsas kriptovalyutalarda da mənfi dinamika müşahidə olunub. BNB-nin qiyməti 3,6% azalaraq 596 dollara, “Monero”nun qiyməti 8% azalaraq 334 dollara, “Bitcoin Cash”in qiyməti isə 3% azalaraq 240 dollara düşüb.

Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 3,2% azalaraq 2,17 trilyon ABŞ dolları səviyyəsinə enib. “CoinMarketCap” 20 İndeksi (CMC20) də 3,5% azalaraq 128,1 bənd olub.

Qeyd edək ki, bazarda investor əhval-ruhiyyəsini ölçən “Fear & Greed Index” hazırda 18 bənd təşkil edir ki, bu da "ekstremal qorxu" səviyyəsinə işarə edir.

Analitiklərin fikrincə, satış təzyiqinin artmasına riskli aktivlərdən çıxışın güclənməsi, investorların mənfəət realizasiyası və Yaxın Şərqdə davam edən geosiyasi gərginlik fonunda qlobal maliyyə bazarlarında riskdən yayınma meylinin artması təsir göstərir.