"Paşinyan çətin seçim qarşısındadır" Siyasət

"Paşinyan çətin seçim qarşısındadır"

“Ermənistandakı həm daxili, həm də geosiyasi vəziyyət kifayət qədər mürəkkəbdir”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında politoloq Telman Nüsrətoglu deyib.
O bildirib ki, bir tərəfdən ölkədə Rusiyanın hərbi-siyasi varlığı dominantdır və “Tramp yolu” ilə bağlı mövqeyi bəllidir: “Digər tərəfdən Ermənistan ABŞ dəstəyini qazanmaq və müstəqilliyini qorumaq üçün balanslı siyasət yürütməlidir. Daxildə isə Rusiya meyilli qüvvələr mövcuddur, onlar Paşinyanı iqtidardan devirmək fürsəti gözləyirlər”.
Onun sözlərinə görə, Paşinyan mürəkkəb şəraitdə praqmatik siyasətçi kimi sülhün alternativinin Ermənistan üçün ciddi risklər yaratdığını nəzərə alaraq siyasət aparır: “Söhbət Zəngəzur dəhliziylə bağlı Amerika-Ermənistan razılaşmasından gedir. Bunun Ermənistan tərəfindən icrası, Rusiya faktorunun mövcudluğu və Paşinyanın son səfərindən sonra Rusiyadan hansı təlqinlərin olduğu mürəkkəbdir. Yəqin ki, yaxın zamanda daha ətraflı məlumat alacağıq”.
Sülh üçün atılacaq addımlar əsasən parlament seçkilərinə bağlıdır: “Əgər Paşinyan seçkilərdə qalib gələrsə, bu, onun kursuna, yəni sülh kursuna xalqın dəstəyinin göstəricisi olacaq. Müxalifətin təsiri zəifləyəcək və Azərbaycanın tələbləri icra olunacaq, o cümlədən Qarabağ məsələsi müstəqillik aktından çıxarılacaq və ‘Qərbi Ermənistan’ ifadəsi silinəcək”.
Prosesin çətinliyi revanşist qüvvələr, diaspora və xarici xüsusi xidmət orqanlarının təsiri ilə bağlıdır: “Daşnaqsütun, kislə, kotalikosluq və digər revanşist qruplar türk və Azərbaycan düşmənçiliyindən bəhrələnirlər. Lakin sülh prosesi irəlilədikcə onların təsirləri zəifləyəcək. Paşinyan çoxşaxəli qüvvələrə qarşı siyasət aparmaq məcburiyyətindədir və bütün addımlar parlament seçkilərində qələbəyə yönəlib”
Politoloq qeyd edib ki, Amerika ilə Rusiya uzlaşması olmadan, Ermənistanın hərbi bazaları və təhlükəsizlik bürokratiyasının təsir imkanları nəzərə alınmaqla, sülh prosesini həyata keçirmək kifayət qədər mürəkkəb geosiyasi şəraitdə baş verir.

Günel Elxan