“Sarkisyan bu çıxışı ilə özünü rüsvay edir” Siyasət

“Sarkisyan bu çıxışı ilə özünü rüsvay edir”

Fikrət Sadıqov: "Sessiyada iştirak edən 193 dövlətin heç biri Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır"

Zaur Məmmədov: "Dünya birliyi bu şəxsi ciddi qəbul etmir"

Elman Məmmədov: "Sarkisyan quldur, cani olduğu da BMT-yə məlumdur"

Ermənistan prezidenti Serj Sarkisyan BMT Baş Assambleyasının 72-ci sessiyasında yalan üzərində qurulan növbəti çıxışını edib. Eskpertlər onun Azərbaycanla bağlı iftiralarla dolu çıxışını erməni həyasızlığının göstəricisi hesab edirlər.
Politoloq Fikrət Sadıqov deyib ki, Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasında teatr səhnəsini xatırladan çıxışı kimisə valeh edib: "O Azərbaycan və Türkiyəyə qarşı tamamilə əsassız bəyanatları ilə kimisə inandıra bilməz". O qeyd edib ki, Dağlıq Qarabağın "müstəqil dövlət" kimi yaşaması barədə danışan Sarkisyan onun seperatçı bir rejim olduğunu çox yaxşı dərk edir. Politoloq vurğulayıb ki, heç bir dövlət tərəfindən tanınmayan qurum dövlət ola bilməz: "Sessiyada nümayəndə heyəti iştirak edən 193 dövlətin heç biri Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır, Sarkisyan bu çıxışı ilə özünü rüsvay edir". Politoloq əlavə edib ki, heç bir dövlət Qarabağı dövlət kimi tanımaq fikrində deyil.
F. Sadıqov deyib ki, digər tərəfdən Sarkisyan Azərbaycanı erməniləri öldürməkdə, qovmaqda ittiham edib: "Hələ SSRİ dövründə Dağlıq Qarabağın əhalisinin 30%-i azərbaycanlı idi. Bəs onlar hara gedib? Deməli, onları həmin ərazilərdən kimsə qovub. Həmçinin 7 rayon işğal edilib. Ona görə də Sarkisyanın bu bəyanatlarının hamısı absurddur".
Politoloq qeyd edib ki, Sarkisyan həmçinin Türkiyəni Sürix protokollarını təsdiq etmədiyinə görə ittiham etdi: "Hesab edirəm ki, Ankara həmin protokolları təsdiqləyə bilməzdi. Çünki həmin sənəddə göstərilən şərtlərə Ermənistan əməl etmədi. Ermənistan bildirdi ki, sərhədlər açılsa da, "soyqırım" məsələsini gündəmdə saxlayacaq. Türkiyənin ərazilərinə də iddialar böyükdür. Əlbəttə ki, Türkiyə buna razı ola bilməzdi. Hesab edirəm ki, Sarkisyanın çıxışı dövlət başçısının səviyyəsinə uyğun çıxış deyildi".
Politoloq Zaur Məmmədov diqqətə çatdırıb ki, Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasındakı çıxışında qeyri-adi nəsə yox idi: "Sarkisyan həmişə olduğu kimi öz ampulasında idi. Ermənilərin gerçək üzünü bütün dünya yaxşı bilir. Onlar erməni kartından istifadə etməkdə davam edirlər. Azərbaycan üçün Sarkisyan kimi quldurun nə dedikləri önəmli deyil. Dünya birliyi bu şəxsi ciddi qəbul etmir".
Politoloq qeyd edib ki, Sarkisyan öz çıxışında Ermənistanın regional siyasətdəki roluna guya diqqət çəkmək istəmişdi: "O, ölkəsinin beynəlxalq hərbi kontingentlərin tərkibində iştirak etməsi, ermənilərin sülh və təhlükəsizlik üçün iş görməyə hazır olduğunu bildirməklə bu gün çox pis vəziyyətdə olan Yerevanın imicini yüksəltməyə çalışdı".
Millət vəkili Elman Məmmədov isə diqqətə çatdırıb ki, Serj Sarkisyan quldur, cani olduğu da BMT-yə məlumdur: "Bu şəxs Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən səhra komandiridir". Düşmən ölkə prezidentinin BMT sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərin cəfəngiyyat olduğunu deyən deputat söyləyib ki, Azərbaycan həqiqətlərinin qarşısında Sarkisyanın BMT kürsüsündə danışdığı sərsəm fikirlərin heç bir hüquqi əsası yoxdur: "Azərbaycanın BMT-yə hansı ərazi ilə daxil olması təşkilatda var. Yəni bütün bu faktların qarşısında düşmən ölkə prezidentinin danışdığı şər-böhtandır. Sarkisyan utanmadan işğal etdikləri ərazidə yeni bir erməni dövləti yaratmaq istədiklərini BMT kürsüsündən elan edir. Mən inanıram ki, Ermənistan prezidentinin bu cür sayaqlamaları BMT rəhbərliyi tərəfindən qanuni qiymətləndiriləcək".

Əli