ORSAM-ın prezidenti: Ankara-Bakı strateji əməkdaşlığı regionda sabitliyi gücləndirir Siyasət

ORSAM-ın prezidenti: Ankara-Bakı strateji əməkdaşlığı regionda sabitliyi gücləndirir

Ankara ilə Bakı arasında formalaşan strateji müttəfiqlik regiondakı proseslərin daha effektiv idarə olunmasına imkan verir. Mütəxəssislər bildirirlər ki, iki ölkə ayrı dövlətlər olsa da, maraq və siyasətləri bəzi məqamlarda fərqlənə bilər. Lakin strateji vizyon və əsas prinsiplərin uyğunluğu müttəfiqliyin təməl şərtidir və bu, digər ölkələrə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından ciddi mesajdır.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu sözləri Şuşada keçirilən Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumunda çıxış edən Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) prezidenti Kadir Təmiz deyib.

Onun sözlərinə görə, Türkiyənin Orta Şərq siyasətini formalaşdıran əsas istiqamətlər Azərbaycan–Türkiyə əməkdaşlığı ilə uyğunlaşdırılmalıdır:

“Türkiyənin bölgə siyasətinin üç aparıcı xətti var. Birincisi təhlükəsizlik və sabitlik yanaşmasıdır. Ankara bölgədə sabitləşdirici aktor kimi çıxış edir. Suriyada aparılan əməliyyatlar və İraqdakı fəaliyyətlər bəzən tənqid edilə bilər, lakin ekspertlər bunun regionun dövlət kapasitesinin gücləndirilməsi və terror qruplarının yaranan boşluqları doldurmasının qarşısını almaq məqsədi daşıdığını vurğulayır. Bu siyasət həm Türkiyə üçün təhlükəsizlik, həm də regionda nizamın bərpası baxımından vacibdir.”

İkinci xətt diplomatik normallaşma və regional əməkdaşlıqdır. 2017-ci ildə prezident idarəetmə sisteminə keçidlə Ankara xarici siyasətdə daha çevik və operativ mexanizmlərdən istifadə etməyə başlayıb. Bu dövrdən etibarən Türkiyə Suriya, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir və digər ölkələrlə gərginlikləri aradan qaldıraraq nəqliyyat, enerji və ticarət sahələrində yeni dialoq kanalları açıb. Suriya ilə aparılan danışıqlar, Misirlə münasibətlərin bərpası, Sudan və Liviya ilə əməkdaşlıq, eləcə də Şərqi Aralıq dənizində koordinasiya cəhdləri diplomatik normallaşmanın nümunəsidir.

Üçüncü xətt isə enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərini əhatə edən geoekonomik layihələrdir. Kadir Təmiz bildirib ki, bu, xüsusilə Azərbaycan–Türkiyə münasibətlərinin inkişafında mühüm rol oynayır. Zəngəzur dəhlizi, Orta Dəhliz, enerji ötürmə xətləri və logistika marşrutları iki ölkəni tamamlayıcı əməkdaşlıq modelinə çevirir. Türkiyə və İraqın birgə həyata keçirdiyi “İnkişaf yolu” layihəsi – Basradan başlayıb, Türkiyə üzərindən Avropaya uzanan nəqliyyat xətti bölgədə yeni iqtisadi inteqrasiya imkanları yaradır. Gələcəkdə Suriya sabitləşərsə, bu xəttin genişləndirilməsi mümkün ola bilər.

“Bu üç istiqamət – təhlükəsizlik, diplomatik normallaşma və geoekonomik əməkdaşlıq – Azərbaycanla strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edir. Nəticədə, model həm iki ölkənin regional nüfuzunu artırır, həm də Orta Şərq və Cənubi Qafqazda sabitlik və inkişaf üçün yeni platformalar yaradır,” – Kadir Təmiz bildirib.