ATƏT sədri: Minsk qrupunun bağlanması Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyən həyati addımdır Siyasət

ATƏT sədri: Minsk qrupunun bağlanması Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyən həyati addımdır

ATƏT-in Minsk qrupunun bağlanması qərarı Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyən həyati addımdır.

Bunu Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında deyib.

“Azərbaycan və Ermənistan arasında sülh prosesində müsbət irəliləyişin şahidi oldum. Avqust ayında ATƏT-in Minsk qrupu və onunla əlaqəli qurumların bağlanması ilə bağlı qərar qəbul etdik. Bu sülhə sülh prosesini dəstəkləyən həyati addım idi və ATƏT-in büdcəsinin qəbulunda əsas maneənin aradan qaldırılması idi”, - Elina Valtonen qeyd edib.

Qeyd edək ki, ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb.

1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.