“Bakı və Ankara təhlükəsizliyi hüquqi və institusional mexanizmlərə bağlamağı zəruri hesab etdi” Siyasət

“Bakı və Ankara təhlükəsizliyi hüquqi və institusional mexanizmlərə bağlamağı zəruri hesab etdi”

“Milli Məclisin Azərbaycan və Türkiyə Müdafiə nazirlikləri arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunu ratifikasiya etməsi həm tarixi, həm də strateji baxımdan son dərəcə mühüm addımdır. Çünki bu sənəd iki qardaş ölkə arasında onsuz da mövcud olan strateji müttəfiqliyi sadəcə siyasi bəyanat səviyyəsindən çıxararaq konkret hüquqi və praktiki mexanizmlərlə möhkəmləndirir. Əslində, Azərbaycanla Türkiyə arasında strateji ittifaq yeni deyil. Şuşa Bəyannaməsi ilə bu iradə artıq açıq şəkildə ortaya qoyulmuşdu. Ancaq bu Memorandum həmin siyasi iradəni real icra mexanizminə çevirir. Yəni tərəflər artıq sadəcə “bir-birimizin yanındayıq” deməklə kifayətlənmir, bu dəstəyin hansı hallarda, hansı formada və hansı hüquqi əsaslarla həyata keçiriləcəyini dəqiq şəkildə müəyyənləşdirirlər”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

T.Rzayev qeyd edib ki, sənədə əsasən, tərəflərdən biri silahlı təcavüzə məruz qaldığı halda, digər tərəf fərdi və birgə özünümüdafiə hüququ çərçivəsində hərbi yardım göstərməyi öhdəsinə götürür: “Bu müddəa açıq şəkildə çəkindirici xarakter daşıyır. Yəni Azərbaycan müharibə istəmir, amma eyni zamanda müharibə riskinin yaranmasına da imkan vermək niyyətində deyil. Türkiyə ilə bu səviyyədə hüquqi əsaslandırılmış hərbi təhlükəsizlik anlaşması potensial risk mənbələrinə açıq mesaj verir: istənilən hərbi avantüra artıq tək bir dövlətlə deyil, daha geniş hərbi-siyasi imkanlara malik müttəfiqlə qarşıdurma demək olacaq. Diqqət çəkən mühüm məqamlardan biri odur ki, yardım sorğu əsasında və hər bir tərəfin milli qanunvericiliyinə uyğun şəkildə həyata keçiriləcək. Bu isə emosional və ya situativ qərarların qarşısını alır. Yəni hərbi qərarlar impulsiv yox, institusional və hüquqi çərçivədə qəbul olunacaq. Memorandumda dinc dövrdə birgə hərbi təlimlərin və manevrlərin keçirilməsinə də xüsusi yer ayrılıb. Bu, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin operativ uyğunluğunu artıracaq, komanda-idarəetmə sistemlərini uzlaşdıracaq və mümkün böhran vəziyyətlərində koordinasiyalı fəaliyyət qabiliyyətini gücləndirəcək. Əslində bu təlimlər kollektiv müdafiə mexanizminin real sınaqdan keçirilməsi baxımından son dərəcə vacibdir”.

Politoloqun bildirdiyinə görə, sənədin digər mühüm istiqaməti hərbi kəşfiyyat və məlumat mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsidir: “Tərəflər bundan sonra məxfi, tam məxfi və xüsusi əhəmiyyətli məlumatları hüquqi çərçivədə bir-biri ilə paylaşacaq. Bu isə regional risklərin vaxtında müəyyənləşdirilməsi və qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi baxımından ciddi üstünlük yaradır. Memorandumda tərəflər arasında yarana biləcək fikir ayrılıqlarının da necə həll ediləcəyi göstərilib. Belə hallar yalnız danışıqlar və məsləhətləşmələr yolu ilə aradan qaldırılacaq. Bu yanaşma münasibətlərin sabitliyini və davamlılığını təmin edən mühüm mexanizmdir”.

O həmçinin əlavə edib ki, aydın məsələdir ki, bu sənəd bəzi ölkələr tərəfindən fərqli şərh edilə, hətta təhdid kimi təqdim olunmağa çalışıla bilər: “Məhz buna görə də Memorandumda onun üçüncü dövlətlərə qarşı yönəlmədiyi xüsusi olaraq vurğulanır. Bundan əlavə, BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edilməsi onu göstərir ki, Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı beynəlxalq hüququn fundamental prinsipləri üzərində qurulub və məqsəd regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsidir. Bu Memorandumun məhz indiki mərhələdə rəsmiləşdirilməsi də təsadüfi deyil. Regionda təhlükəsizlik mühiti köklü şəkildə dəyişib. Cənubi Qafqazda yeni reallıqlar formalaşıb, amma bu reallıqlar hələ tam oturuşmayıb və müxtəlif güc mərkəzləri tərəfindən sınağa çəkilir. Belə bir şəraitdə Bakı və Ankara təhlükəsizliyi artıq bəyanatlara yox, hüquqi və institusional mexanizmlərə bağlamağı zəruri hesab etdi”.

Röya İsrafilova