“Azərbaycan Monteneqro üçün strateji tərəfdaşdır” Siyasət

“Azərbaycan Monteneqro üçün strateji tərəfdaşdır”

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Monteneqronun xarici işlər və Avropaya inteqrasiya naziri Srcan Darmanoviçlə görüşüb.
Görüşdə Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulanıb.
Srcan Darmanoviç Azərbaycanın mürəkkəb regionda konstruktiv və sabitəşdirici rol oynadığını bildirib və tərəflər arasında mütəmadi yüksək səviyyəli dialoqu yüksək qiymətləndirib.
Nazirlər ölkələrimiz arasında imzalanmış çoxsaylı müqavilələrin önəmini qeyd ediblər.
Bakı-Tbilisi-Qars dəmir yolunun bu günlərdə istifadəyə verildiyini qeyd edən E. Məmmədyarov strateji əhəmiyyətli bu layihənin Avropanı Asiya ilə birləşdirən ən qısa və sərfəli yol olduğunu bildirib. S. Darmanoviç bu strateji layihə münasibətlə Azərbaycan tərəfini təbrik edib.
Həmçinin, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyəti qeyd edilib.
Görüşdə Azərbaycan şirkətlərinin Monteneqrodakı fəaliyyəti təqdir edilib və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğu bildirilib.
Qarşılıqlı sərmayə yatırımını təşviq etmək və iki ölkə arasında ticarət dövriyyəsini artırmaq məqsədilə biznes forumların keçirilməsinin vacibliyi vurğulanıb. Turizm, elm-təhsil, idman-gənclər, elm və texnologiya sahəsində ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan nazir E. Məmmədyarov, nizamlanma ilə bağlı ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktına əsaslanan ədalətli mövqeyini bir daha bəyan edib.
Montenegro naziri ölkəsinin münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra keçirilən mətbuat konfransında Elmar Məmmədyarov deyib ki, iki ölkə arasında əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də çox yaxşı səviyyədədir: "Aramızda 15 sənəd imzalanıb. Hazırda 4 sənəd layihəsinə baxılır. Monteneqro maraqlıdır ki, Azətbaycan qazı Monteneqro bazarına da çıxsın. Nəqliyyat dəhlizləri və turizm sahəsində əməkdaşlıq məsələlərini də müzakirə etdik. Biz dostluq əlaqələrimizi davam etdiririk. Siyasi baxımdan problem yoxdursa, hesab edirik ki, iqtisadi əlaqələri gücləndirməliyik".
Bakı-Tbilisi-Qars dəmir yol xəttindən danışan azərbaycanlı nazir bildirib ki,
ilə bağlı əməliyyat şirkəti yaradılacaq: "Bu şirkət hansı məhsulların necə buraxılacağına qərar verəcək. Bizim bu layihəyə Ermənistanın qoşulması ilə bağlı şərtimiz odur ki, ilk növbədə münaqişə həll olunmalıdır, qoşunlar bizim işğal olunmuş torpaqlarımızdan çıxarılmalıdır. Daha sonra hər cür imkandan istifadə etmək olar ki, əməkdaşlıq və qonşuluq edək. Azərbaycan heç kəsin torpağını işğal etməyib.
Monteneqro xarici işlər naziri Srcan Darmanoviç isə bildirib ki, ikitərəfli münasibətlər yüksək səviyyəli görüşlərdə və qarşılıqlı anlaşmalarda öz əksini tapıb: "Dostluq və əməkdaşlıq razılaşmalarını 2013-cü ildə imzalamışıq. Monteneqro baş nazirinin və parlament spikerinin Bakıya planlaşdırılan səfərini müzakirə etdik. Biz konstruktiv dialoq, münaqişələrin sülh yolu ilə həllinə tərəfdarıq. Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun fəaliyyətini və BMT qətnamələrinin icrasını nəzərə almaqla, həllinə tərəfdarıq. Azərbaycan Monteneqro üçün strateji tərəfdaşdır. Azərbaycan qazının sərhədimizə çatdırılması layihəsi bizim üçün qaz mənbələrinin şaxələndirilməsi imkanı yaradacaq və iqtisadi əlaqələr genişləndiriləcək".
Monteneqronun xarici işlər naziri Srcan Darmanovic ölkəsinin "Azərbaycanla energetika sahəsində əməkdaşlqda maraqlı olduğunu vurğulayıb: "Bu xətt vasitəsilə qaz Xorvatiyaya çata bilər. Digər imkanlar yaranarsa, diqqətlə bu prosesi izləyəcəyik ki, regionda enerji təchizatını şaxələndirək".