“Ermənistan heç vaxt BTQ-ya qoşula bilməz” Siyasət

“Ermənistan heç vaxt BTQ-ya qoşula bilməz”

Fikrət Sadıqov: "Bu ölkə təcrid vəziyyətində qalmalıdır, çünki təcavüzkardır"

Qabil Hüseynli: "Düşmən ölkənin bütün layihələrdən kənarda qalmasının əsas səbəbi onun işğalçılıq siyasətidir"

Son günlər erməni mediasında işğalçı ölkənin Bakı-Tbilisi-qars layihəsinə qoşulmasının mümkünlüyü ilə bağlı müzakirələr aparılır. Erməni ekspertləri bunun mümkün olduğunu bildirirlər. Azərbaycan isə deyib ki, Ermənistan işğala məruz qoyduğu əraziləri qeyd şərtsiz azad etməyincə heç bir regional layihədə iştirak etməyəcək və blokada şəraitində qalacaq.
Politoloq Fikrət Sadıqov deyib ki, Ermənistan vaxtilə Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə böyük şübhəylə yanaşırdı: "Ermənilər hesab edirdi ki, bu layihə heç vaxt reallaşa bilməz. Onlar çox mürəkkəb problemlərin olduğunu və bu problemləri həll etməyin elə də asan olmadığını iddia edirdilər. Lakin bu layihə gerçəkləşdi. Ermənilər indi də yeni mərhələyə başlayıb. Ermənilər BTQ vasitəsilə yük, sərnişin daşımalı olduqlarını deyirlər. Bu cəfəngiyyatdır və Ermənistan heç vaxt BTQ-ya qoşula bilməz, Azərbaycan heç vaxt buna imkan verməz. Ermənistan təcrid vəziyyətində qalmalıdır, çünki təcavüzkar ölkədir".
F. Sadıqovun sözlərinə görə, biz heç vaxt razı olmarıq ki, təşəbbüskarı olduğumuz layihəyə Ermənistan da qoşulsun. Ermənistan tərəfindən səsləndirilən bəyanatlar söz-söhbət səviyyəsindədir: "Ermənistanda iqtisadi vəziyyət ağırdır və çıxış yolu axtarırlar. Onların yeganə çıxış yolu İrandır. Təbii ki, Ermənistan BTQ-yə qoşulmağı çox istərdi, amma biz buna imkan vermərik. Ermənistanla diplomatik münasibətləri olmayan və sərhədlərini bağlayan Türkiyə də buna imkan verməzdi".
Politoloq Qabil Hüseynli isə deyib ki, Ermənistanın Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi ilə neqativ fikirlər səsləndirməsi çox gülüncdür: "Çünki Ermənistan "əli ətə çatmayan pişik" vəziyyətinə düşüb".
Politoloq bildirib ki, əgər BTQ layihəsi ABŞ, Avropa Birliyi və Çin tərəfindən dəstəklənib müdafiə olunursa, Ermənistan kimi cırtdan ölkənin layihənin əksinə danışması yalnız özlərini vəziyyətdən çıxarmağa hesablanıb: "Layihənin möhtəşəmliyi və onun dünya iqtisadiyyatına verəcəyi töhfə göz qabağındadır. Əgər dəmiryolu vasitəsilə Pekindən çıxan qatar 15 gün ərzində Londona çata bilirsə (əvvəllər Rusiya ərazisindən keçərkən bu 30 gün idi) və yük daşımalarda qiymətlər hər ton üçün 50 dollardan 30-25 dollara düşə bilirsə, kim bu layihəni alqışlamaz və ona qoşulmağa can atmaz?".
Q.Hüseynli qeyd edib ki, BTQ layihəsi vaxtilə tarixdə böyük rola malik olan, Asiya ilə Avrasiya qitəsini birləşdirən Böyük İpək Yolu layihəsinin yeni, müasir variantıdır: "Bunun effektli olub-olmayacağını söyləməyə cəsarəti çatanlar aciz adamlardır və onlar layihədən kənarda qaldıqları üçün məsələyə bu cür yanaşırlar". Politoloq vurğulayıb ki, işə düşən layihənin effektli olub-olmayacağı Ermənistanı narahat etmir: "Onları narahat edən məsələ Azərbaycanın hər il Bakı-Tbilisi-Qars dəmiryolundan ilik illərdə 50, daha sonra isə 100 milyon dollar qazanc əldə etməsidir. Bundan başqa Ermənistanı əsas narahat edən məsələ onların beynəlxalq dəmiryolu layihələrinə buraxılmamasıdır. Ermənistanın yeganə çıxış yolu BTQ-yə qoşulmaq idi ki, ona da Azərbaycan yol verə bilməz. Çünki dəmiryolunun Türkiyəyə qədər olan hissəsi ölkəmiz tərəfindən maliyyələşib. Azərbaycan bu layihədə aparıcı rola malikdir. Gürcüstan da Ermənistanın bu layihəyə qoşulmasında maraqlı deyil. Çünki, Ermənistan Gürcüstan ərazisində separatçı qüvvələri fəallaşdıran ölkələrdən biridir. Belə olan halda, Ermənistan tərəfindən layihə ilə bağlı səslənən neqativ fikirləri özlərindən başqa heç kim eşitmir və ciddiyə almır".
Düşmən mətbuatında Ermənistanın BTQ-yə qoşulması üçün şərtlər irəli sürməsi ilə bağlı məsələyə toxunan politoloq deyib: "Kimdir Ermənistanı BTQ-yə cəlb edən? Ermənistan Azərbaycan və Türkiyə, müəyyən qədər də Gürcüstan tərəfindən blokadaya alınıb və onun dəmiryoluna heç bir çıxışı yoxdur. Ermənistanın blokada şəraitində qalması, onun Azərbaycana qarşı təcavüzkar müharibə və onun doğurduğu nəticələrdən imtina edənə qədər davam edəcək, iki dövlət arasında münasibətlər normallaşmayacaq. Düşmən ölkənin bütün layihələrdən kənarda qalmasının əsas səbəbi onun işğalçılıq siyasəti, ölkəmizə qarşı həyata keçirmək niyyətində olduğu fitnəkar planları ilə bağlıdır. Ermənistan başa düşməlidir ki, bu cür layihələrə qoşulmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirməlidir. Çünki, bütün layihələr Azərbaycanın təşəbbüsü ilə gerçəkləşir və onların həyata keçməsində açar rolunu da ölkəmiz oynayır. Azərbaycanın razılığı olmadan Cənubi Qafqaz ölkələrinin heç biri bu layihələrə cəlb edilə bilməz".
Politoloq Mübariz Əhmədoğlu isə vurğulayıb ki, erməni dindarlar Cavaxetiya (Gürcüstan) regionunda kilsəyə xaçkar yerləşdirməklə onun ermənilərə məxsusluğunun nümayişinə cəhd etdilər: "Gürcü polisi ermənilərin bu əməlinin qarşısını aldı. Gürcüstanın Daxili İşlər naziri G. Mqebrişvili hadisə yerinə gəldikdən sonra saxlanılanlar olsa da sonradan buraxıldılar". O bildirib ki, bir neçə gün keçmiş gürcü pravoslav kilsəsi erməni apostol kilsəsinin Gürcüstan yeparxiyası ilə birlikdə Axalkalaki rayonun Qumburdo kəndindəki kilsə ətrafında yaranmış vəziyyəti müzakirə ediblər: "Erməni apostol kilsəsinin gürcü yeparxiyası Qumburdo kəndindəki kilsəyə iddialarının olmadığını bildirib. Çünki bu gürcü kilsəsidir. Gürcüstandakı erməni icmasının liderlərindən olan Arnold Stepanyan ilk əvvəldən bu kilsənin gürcü kilsəsi kimi tikildiyini qeyd edib".
Politoloq əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşmək ərəfəsində gürcü ekspertləri bu layihəni digər dövlətlərin blokadasına yönəlmədiyini və Cavaxetiya regionu ermənilərinin də fayda götürəcəyini izah ediblər.
M. Əhmədoğlu qeyd edib ki, Gürcüstan Xarici İşlər Nazirliyi Ruben Sadoyanın Ermənistanın Gürcüstandakı səfiri təyin edilməsinə etiraz etməyəcəyini bildirib: "Sadoyan Ermənistanın Gürcüstandakı səfiri təyin olundu. O keçmiş nəqliyyat naziri Beqlaryanın adamı hesab olunur. Əksər ekspertlər fəaliyyətsiz səfir Vardanyanın postda qalmasını yeni təyinatdan daha faydalı hesab edirlər. Bununla da politoloq Minasyanın Gürcüstana səfir təyin edilməsinə rəsmi Tbilisinin etiraz etməsi bəlləndi. Gürcülərin fikrincə, Minasyan bir çox antigürcü və Rusiyapərəst şərhlərin müəllifidir".
"Samtsxe-Cavaxetiya regionun erməniləri həm də Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi prizmasından aktivlik nümayiş etdirdilər", - deyən politoloq vurğulayıb ki, kilsə məsələsinin Gürcü Pravoslav Kilsəsinin xeyrinə həlli Cavaxetiya ermənilərini BTQ-yə müqavimət göstərmək prizmasından neytrallaşdıra bilər: "Gürcü ekspertləri BTQ-nin yerli ermənilər üçün faydalı olacağını izah edirlər. Yada salaq ki, Tsaxalyan məhz Bakı-Tbilisi-Qarsın tikintisinə etiraz aksiyaları təşkil etdiyinə görə həbs olunmuşdu. Bakı-Tbilisi-Qarsa Ermənistanın qoşulmaq məsələsi gürcü ekspertləri arasında aktual mövzuya çevrilib. Təşəbbüskar Ermənistan KİV-ləridir. Gürcü ekspertləri erməni mətbuatına açıq mətnlə bildirirlər ki, Ermənistanın BTQ-dən istifadəsi Gürcüstana aid məsələ deyil, hökmən Ermənistan bu məsələni Azərbaycanla həll etməlidir".

Əli