“Azərbaycan qlobal müzakirələrdə mövqeyi nəzərə alınan tərəfdaşdır” Siyasət

“Azərbaycan qlobal müzakirələrdə mövqeyi nəzərə alınan tərəfdaşdır”

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv kimi qoşulması və Vaşinqtonda keçirilən ilk iclasda iştirakı ölkəmizin beynəlxalq sistemdə yeni mərhələyə keçdiyini göstərir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov söyləyib.

A.Nəsirov qeyd edib ki, bu, sadəcə diplomatik tədbirdə təmsil olunmaq deyil, qlobal institutlaşma prosesində söz sahibi olmaq deməkdir: “Dünya İqtisadi Forumu çərçivəsində irəli sürülən təşəbbüsə təsisçi statusu ilə qoşulmaq Azərbaycanın artıq qaydaları qəbul edən yox, onların formalaşmasında iştirak edən dövlət kimi qəbul olunduğunu göstərir. Ermənistanla sülh gündəliyinin irəli aparılması və postmünaqişə mərhələsində nümayiş etdirilən siyasi iradə də bu mövqenin möhkəmlənməsində əsas amillərdən biridir”.

Onun sözlərinə görə, eyni zamanda, Qəzza məsələsində Azərbaycanın hərbi iştirakdan imtina etməsi də bu yeni mərhələnin göstəricisidir: “Bakı emosional qərarlar vermədən, milli maraqları və daxili sabitliyi prioritet tutaraq məsuliyyətli mövqe sərgiləyir. Bununla belə, humanitar və investisiya alətləri vasitəsilə proseslərə töhfə vermək imkanını açıq saxlayır. Bu yanaşma Azərbaycanın həm suveren qərarvermə qabiliyyətini, həm də nəticəyönümlü diplomatiyasını nümayiş etdirir. Nəticə etibarilə, Azərbaycan artıq yalnız regional aktor deyil, qlobal müzakirələrdə mövqeyi nəzərə alınan tərəfdaş kimi çıxış edir”.

Röya İsrafilova