“Sülh Şurası” və Azərbaycan: Güclü tərəfdaşlıq, sabit region Siyasət

“Sülh Şurası” və Azərbaycan: Güclü tərəfdaşlıq, sabit region

Son illərdə beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər müşahidə olunur. Böyük güclər arasında rəqabət güclənir, regional münaqişələr davam edir və mövcud beynəlxalq qurumların effektivliyi tez-tez sual altına alınır. Bu şəraitdə yeni əməkdaşlıq və sülh platformalarının yaranması təbii qarşılanır.
Geosiyasi baxımdan həssas bölgədə yerləşən Azərbaycan üçün beynəlxalq platformalarda iştirak yalnız diplomatik fəallıq deyil, həm də milli maraqların qorunması vasitəsidir. Rəsmi Bakı balanslı və çoxşaxəli xarici siyasət kursu ilə həm regional sabitliyə töhfə verməyə, həm də etibarlı tərəfdaş mövqeyini gücləndirməyə çalışır.

Mövzunun aktuallığını və beynəlxalq müstəvidə doğurduğu müzakirələri nəzərə alaraq, məsələyə siyasi prizmadan da aydınlıq gətirmək zərurəti yaranır. Moderator.az daha ətraflı təhlili üçün Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyev ilə həmsöhbət olub. Deputat məsələ ilə bağlı mövqeyini bölüşərək Azərbaycanın beynəlxalq təşəbbüslərdə iştirakı və regional təhlükəsizlik məsələlərinə dair fikirlərini səsləndirib.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

– Qüdrət müəllim, Azərbaycanın “Sülh Şurası” çərçivəsində iştirakının beynəlxalq siyasət və regional sabitlik baxımından əhəmiyyətini necə dəyərləndirirsiniz?

– "Sülh Şurası" Trampın təşəbbüsü ilə yaradıldı. Azərbaycanın dünyanın super gücü olan ABŞ-nin dəvətindən imtina etməsi ciddi yanlışlıq olardı. Azərbaycan ABŞ ilə strateji tərəfdaşlıq haqqında saziş imzaladı. Tramp Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək TRIPP layihəsini, o cümlədən süni intellektin tətbiqi və informasiya texnologiyalarının inkişafını təmin etmək üçün Azərbaycanla birgə layihələr həyata keçirmək istəyir. Azərbaycana təhlükəsizliyini təmin etmək üçün müsair katerlər verir. Hərbi, iqtisadi və siyasi sahədə əməkdaşlıq regional təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir. Dünyanın super gücü ABŞ-nin prezidenti ilə təmaslar həmişə əhəmiyyətlidir. Siyasi əməkdaşlıq ABŞ-nin hər iki partiyasını əhatə etməlidir. Biz ABŞ-də 4 ildən bir seçki keçirildiyini və ABŞ-də ikipartiyalı sistemin olmasını da heç zaman unutmamalıyıq.

– Azərbaycanın bu platformadakı rolu beynəlxalq dialoqda etibarlı tərəfdaş imicini necə gücləndirir?

– Azərbaycanın sülh təşəbbüslərinə qoşulması ölkəmizin beynəlxalq mövqelərini gücləndirir. Sülhə yardım etməkdən böyük və xeyirxah iş ola bilməz. Azərbaycanın bu istiqamətdə fəaliyyəti həm də ona güclü tərəfdaşlar qazandıracaqdır.

– Eyni zamanda, Azərbaycan təcrübəsinin – xüsusilə Ermənistanla sülh prosesində əldə edilmiş nəticələrin – digər regional və qlobal münaqişələrin həllində tətbiqi potensialı barədə nə düşünürsünüz?

– Azərbaycan Ermənistanla sülhə ona görə nail ola bildi ki, erməni faşistləri torpaqlarımızdan qovduq. Bundan sonra əvvəl Rusiyanın, sonra ABŞ-nin vasitəçilik səyləri nəticə verdi. Əksi olsa, Putin və Tramp bunu əvvəllər də edərdi. Əgər işğalla üzləşmiş digər dövlətlər də Azərbaycanın etdiyini edə biləcəksə, çox yaxşı. Azərbaycanın sülh əldə etmək təcrübəsi budur.

– Azərbaycanın “Sülh Şurası”ndakı rolu, beynəlxalq təşkilatların funksionallığının bəzən məhdud qaldığı reallıqda alternativ çoxtərəfli mexanizmlərin formalaşmasına hansı töhfələri verə bilər?

– ATƏT Avropada, BMT dünyada beynəlxalq təhlükəsizliyə heç bir töhfə verə bilmir. Hər iki təşkilat diskussiya klubu rolunu oynayır. ATƏT-də qərarlar yekdilliklə qəbul olunduğundan və hərbi güc tətbiq etmək imkanı olmadığından əhəmiyyətsiz qurumdur. BMT-də isə Təhlükəsizlik Şurasının 5 üzvünün veto hüququ olduğundan bu təşkilat da lazımsız quruma çevrilib. "Sülh Şurası"nda qəbul olunmuş qərarları ABŞ hətta hərbi güc tətbiq etməklə belə müdafiə edəcəksə, onun əhəmiyyəti olacaq. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının veto hüququ olan üzvləri və Avropa İttifaqının aparıcı dövlətləri bu quruma qoşulmadı. Sülh Şurasına daha çox Trampın dostları qoşuldu, xüsusilə islam dünyasındakı. “Sülh Şurası” Qəzzada sülhə nail olsa və Qəzzanı bərpa etsə, bu özü artıq böyük tarixi nailiyyət olar. Bu Şura ilə əlaqədar sevindirici xəbər həm də odur ki, Azərbaycan ilkin ödəniş etməyəcək. Çünki erməni faşistlərin Qəzzadan da betər günə saldığı Qarabağımız var.