Hafiz Quliyev: Arif Babayev tələbələrinə böyük irs qoyub Mədəniyyət

Hafiz Quliyev: Arif Babayev tələbələrinə böyük irs qoyub

Bu gün Xalq artisti Arif Babayevin doğum günüdür

Bu gün Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayevin anadan olmasından 88 il ötür.

AZƏRTAC xəbər verir ki, Arif Babayev XX əsrdə Azərbaycan milli musiqisinin ən yüksək zirvəsi sayılan xanəndəlik sənətini inkişaf etdirərək daha da irəli aparıb.

Sənətkarın yaradıcılığında “Şur”, “Segah” muğam dəsgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur.

Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Onun səhnə mədəniyyəti həm xanəndə, həm də artist üçün əsas amillərdən biridir. Onun Məcnun rolu üzərindəki işini sənətkarın sənətdə atdığı ilk addımlarının uğuru adlandırmaq olar.

A.Babayev dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində olub, Azərbaycan muğamını ləyaqətlə xarici ölkə tamaşaçılarına təqdim edib.

Dövlətimiz tərəfindən muğam sənətimizin inkişafındakı xidmətlərinə görə A.Babayevin yaradıcılığı həmişə yüksək qiymətləndirilib. O, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordeninə layiq görülüb. Ona 2010-cu ildə Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatı təqdim edilib. A.Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub.

Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli “Seygah yanğısı”, Rüzgar Əfəndiyeva “Vətəndir Arifin səsi” kitablarını Arif Babayevin yaradıcılığına həsr ediblər. Elm və Təhsil Nazirliyi tərəfindən “Arif Babayevin mahnı və təsnifləri” adlı kitab ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti kimi nəşr edilib. Müxtəlif illərdə Arif Babayevin həyat və yaradıcılığına həsr olunmuş yeddi sənədli film çəkilib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev bildirib ki, Arif Babayev opera səhnəsində yaratdığı obrazlarla həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda tamaşaçıların böyük rəğbətini qazanıb. Arif Babayev tələbələrinə böyük irs qoyub. Bu gün onların bir çoxu Azərbaycan muğamının ən önəmli ifaçıları və təbliğatçılarıdır.

“Arif Babayevin sənəti hər zaman maraqla qarşılanıb və bu maraq indi də davam edir. Gənclərimiz onun yaradıcılığı ilə tanış olur və gələcəkdə də bu irsdən faydalanacaqlar”, - deyə o qeyd edib.

Xalq artisti Arif Babayev 2025-ci il avqustun 1-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.