"Müvəqqəti qanunda PKK birbaşa təşkilat kimi adlandırılmayacaq” Dünya

"Müvəqqəti qanunda PKK birbaşa təşkilat kimi adlandırılmayacaq”

“PKK simvolik olaraq bəzi silahları yandırıb və hərəkatın lideri Öcalanın çağırışına əməl edərək cəmiyyətə qanuni şəkildə yenidən inteqrasiyası yolunda ilk addım olaraq qalan döyüşçüləri Türkiyədən geri çəkdiyini elan edib. Türkiyənin Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası "Terrorsuz Türkiyə" hesabatında PKK-nın silahlarını yerə qoyub özünü ləğv etdiyinə dair dövlət yoxlaması prosesin ən vacib mərhələsi olaraq bildirilir. Numan Qurtulmuş “Əziyyətlərimizi inkar etmədən gələcəyi birlikdə qurmaq əzminin açıq ifadəsi” kimi komissiyanın işini xarakterizə edib. Şübhəsiz ki, bu, barışıq səylərinə impuls verəcək bir perspektivdir. Hesabat layihəsində həmçinin ifadə azadlığının və qanuni tənqid hüququnun qorunmasını təmin etmək üçün media qanunlarının nəzərdən keçirilməsi də daxil olmaqla daha geniş demokratikləşmə addımları tövsiyə olunur. Qanun layihəsi təklif edir ki, əgər mer vəzifəsindən kənarlaşdırılarsa, onun varisi hökumət tərəfindən təyin edilmək əvəzinə, bələdiyyə şurası tərəfindən daxili seçkilər yolu ilə seçilsin”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, bütün diqqət atılacaq hüquqi və inzibati addımlara yönəlib: “Hesabatın tamamlanmasından sonra parlamentə təqdim ediləcək ilk hüquqi tənzimləmə prosesə xas olan müvəqqəti müstəqil qanun olacaq. Prosesə mənfi təsir göstərən hər hansı bir inkişaf olmadığı təqdirdə, bu tənzimləmənin gələn ay parlamentə təqdim edilməsi gözlənilir. Müvəqqəti qanunda PKK birbaşa təşkilat kimi adlandırılmayacaq. PKK özünü dağıdan və silahını yerə qoyan bir təşkilat kimi müəyyən ediləcək. Prosesin əvvəlində AKP daxilində narahatlıqlardan biri təklif olunan qaydalardan Fətullah Gülən təşkilatının üzvlərinin də faydalanacağı idi. Bu tərifin müvəqqəti qanuna daxil edilməsi ilə əhatə dairəsi daralacaq və digər təşkilatların üzvlərinin faydalanmasının qarşısı alınacaq. Müvəqqəti qanunda silahlarını Türkiyəyə təslim edən təşkilat üzvlərinin geri qaytarılması, cəmiyyətə inteqrasiyası və prosesdə iştirak edənlər üçün hüquqi təminatlarla bağlı müddəaların yer alınması gözlənilir. Təşkilat üzvləri üçün vaxtından əvvəl azadlığa buraxılma mümkün olacaq”.

Ş.Həsənova bildirib ki, hüquqi qaydaların ikinci addımı cəza sistemində dəyişikliklər olacaq: “Bu çərçivədə Türkiyə Cinayət Məcəlləsinin və Terrorla Mübarizə Qanununun müvafiq maddələrində dəyişikliklər ediləcək və terror təşkilatlarına üzv olmaqda və ya onlara kömək etməkdə məhkum edilmiş şəxslərin cəza müddətinin azaldılmasına və vaxtından əvvəl azadlığa buraxılmasına yol açılacaq. AKP daxilində böyük bir seqment PKK lideri Abdullah Öcalan'a “ümid hüququ”nun verilməsinə qarşı çıxır. Hesabatda CHP və AKP-nin müxalifəti səbəbindən ümid etmək hüququ ifadəsinin çıxarıldığı bildirilir. Pərdə arxası olaraq demokratikləşdirilmə başlığı altında uzunmüddətli addımlar kimi şəh edilən ümid etmək hüququnun prosesin son mərhələsi olacağı iləli sürülür”.

O əlavə edib ki, lakin ümid etmək hüququndan faydalanmaq üçün cəza və edam qanunlarına dəyişikliklər edilməsi zəruridir: “Öcalanın da daxil olduğu terrorizm cinayətlərində məhkum edilmiş və cəzaları ölüm cəzasından ağırlaşdırılmış ömürlük cəzaya və ya birbaşa ağırlaşdırılmış ömürlük cəzaya dəyişdirilmiş şəxslərin ümid etmək hüququndan faydalanması üçün cəza və edam qanunlarına dəyişikliklər edilməsi zəruridir. Hazırda Öcalan kimi terrorizm cinayətlərinə görə ağırlaşdırılmış ömürlük cəzaya məhkum edilmiş şəxslər şərti azadlığa buraxılma müddəalarından yararlana bilmirlər. Bu o deməkdir ki, onlar ömürlük həbsdə qalacaqlar”.

Röya İsrafilova