3-cü Dünya Türk Forumundan önəmli nəticə Siyasət

3-cü Dünya Türk Forumundan önəmli nəticə

Ermənistan və erməni diasporu dialoq istəmir

Qənirə Paşayeva: "Erməniləri müdafiə edən şəxs hətta türk olsa da belə onun türk olmadığını düşünəcəyəm"

Elçin Mirzəbəyli: "Türk dünyasının birliyi, bütövlüyü uğrunda mücadilədə bizimlə birlikdə olanlar tarixdə Türk dünyasının şərəfli oğlu, olmayanlar isə buynuzlu şərəfsizlər kimi qalacaqlar"

...Osmanlı dövlətinin 3-cü paytaxı olmuş Ədirnəyə səfər öncəsi daha öncə yaşamadığım, qəribə və bəlkə də mistik duyğulara bürünmüşdüm. Səbəbini nə indi, nə də sonra izah edə biləcəyimi düşünmürəm. Ədirnə sözünün özü belə qeyri-adi bir yük daşıyır, insanı bu adı eşitdiyi ilk anda belə öz təsirinə salır...
...Türkiyəyə məhz bu təəsüratla yola düşdüm. İstanbuldan Ədirnəyədək olan 238 kilometrlik bir məsafəni nə zaman qət etdiyimizi belə xatırlamıram. Daha öncə Azərbaycanda, Türkiyədə və Qırğızıstanda keçirilən müxtəlif tədbirlərdə tanış olduğum soydaşlarımızın şirin ləhcələri, yol boyu bizi müşaiyət edən gözəlliklər zaman və məsafə anlayışını tarixin əlçatmaz dərinliklərinə gömmüşdü. Bizi Ədirnəyə aparan avtobusda eyni dilin, eyni mədəniyyətin və eyni tarixin daşıyıcıları olan Uca Türk millətinin türk ellərindən gələn təmsilçiləri bir məqsədə, bir hədəfə doğru hərəkət edirdilər...
Ədirnəyə vardığımızda səfər öncəsi təəsüratlarımın yanlış olmadığı bir daha öz təsdiqini tapdı...
Hər şeydən öncə Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) və Ədirnə valiliyinin yüksək təşkilatçılığını, qonaqpərvərliyini vurğulamağı özümə borc bilirəm. Bu qədər genişmiqyaslı bir tədbirin heç bir yanlışlığa yol verilmədən qüsursuz bir şəkildə gerçəkləşdirilməsi şübhəsiz ki, təqdir olunmalıdır.
...Forumun mayın 28-də keçirilən açılış ziyafəti Azərbaycan nümayəndə heyətinin üzvləri üçün xüsusilə yaddaqalan oldu. Millət vəkili Qənirə Paşayevanın tükənməz enerjisi, natiqlik qabiliyyəti nəticəsində 3-cü Dünya Türk Forumunun açılış mərasimi eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildöünümünün, İstiqlalımızın bayramına çevrildi! Qəlbi Azərbaycan sevgisi ilə döyünən hər bir Azərbaycan türkü üçün belə bir günün dünya türkləri ilə birgə qeyd olunmasının bizə yaşatdığı yüruru və sevinci təsvir etmək mümkün deyil! Bunu sadəcə yaşamaq lazımdır!
Forumun ilk günü olduqca maraqlı, dinamik və gərgin keçdi. Açılış törənindən dərhal sonra ayrı-ayrı salonlarda paralel olaraq keçirilən müzakirələrə başlanıldı.
"Mədəniyyət diplomatiyası; Yeni vasitələr və modellər" adlı Azərbaycan nümayəndə heyətindən millət vəkili Qənirə Paşayeva məruzəçi kimi çıxış etdi. Azərbaycan torpaqlarının işğalı ilə bağlı yaranmış vəziyyəti forum iştirakçılarının diqqətinə çatdıran Qənirə xanım açılış ziyafətindəki çıxışından sonra ona yaxınlaşaraq özünü Almaniyadan gəlmiş türk kimi təqdim edən birisinin erməniləri müdafiə etməsindən danışdı: "Mənim açılış ziyafətində Azərbaycan torpaqlarının işğalı və Şuşa ilə bağlı səsləndirdiyim fikirlər özünü "Almaniyadan gəlmiş türk" adlandıran bu insanı möhkəm qəzəbləndirmişdi. Aşırı aqressiya ilə məndən etmənilərdən nə istədiyimizi soruşdu. Mən ona Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğpal olunduğunu, onminlərlə insanımızın qətlə yetirildiyini, yüzminlərlə soydaşımızın öz evindən, yurdundan didərgin düşdüyünü xatırlatdım. Ermənilərin Xocalıda azərbaycanlılara qarşı soyqırım aktı gerçəkləşdirdiyini söylədim. Və eyni zamanda onun türk olduğuna şübhə ilə yanaşdığımı bildirdim. Erməniləri müdafiə edən bu şəxs hətta türk olsa da belə onun türk olmadığını düşünəcəyəm. Çünki bunun əksini düşünmək məni sarsıda bilər".
Eyni zamanda başqa bir salonda keçirilən panel isə "Osmanlıdan Türkiyə Cümhuriyyətinədək Türk-erməni əlaqələrinə tarixi baxış" adlanırdı. Bu paneldə Azərbaycan nümayəndə heyətini millət vəkili, tarixçi alim Musa Qasımlı təmsil edirdi.
Forum çərçivəsində gərgin və geniş müzakirələrə, suallara yer açan panellərdən biri "Türk-erməni münasibətlərində mövcud durum, problemlər və onların həll yolları" adlanırdı. Bu paneldə Azərbaycanı nümayəndə heyətini təmsil edən millət vəkili Fərəc Quliyev işğal faktı ilə bağlı yaranmış vəziyyəti bir daha xatırlatdı, Ermənistanın müstəqil siyasət yürütmək iqtidarında olmadığını və bu baxımdan da xalq diplomatiyası ilə bağlı istənilən cəhdin nəticə verməyəcəyini bildirdi.
Onu da qeyd edim ki, forumun bütün panellərində ermənilərlə dialoq təklifləri sükutla, dialoqun heç bir nəticə verməyəcəyi barədə fikirlər isə alqışlarla qarşılanırdı. Həm bu fakt, həm də foruma dəvət olunan və iştiraka razılıq verən Ermənistan və erməni diasporu təmsilçilərinin son anda öz qərarlarını dəyişmələri onlarla dialoqun mümkünsüzlüyünü, Türk millətinin də bu cəhdləri mənasız saydığını sübuta yetirdi. Forumda erməni tərəfini təmsil edən şəxslərdən biri guya İslam peyğəmbərinin erməniləri himayə etdiyini söyləməsi və İslamın müqəddəs dəyərlərinə tapınan insanların mərhəmətinə sığınaraq onlarda xoş təəsürat yaratmaq niyyəti effektiv nəticə vermədi. Əksinə, düşünməyi bacaran insanların gözü qarşısında erməni xislətinin əsl mahiyyətini bir daha çılpaq şəkildə ortaya qoymuş oldu. Digər erməni təmsilçisi isə Sartrdan iqtibaslar gətirməklə intellektual olduğunu sərgiləməyə çalışdı və İrəvanda bozqurd işarəsi ilə poz verib şəkil çəkdirməsi ilə öyünən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin başqanı Hasan Oktaydan başqa bir kimsəni özünün intellektual səviyyəsinə və səmimiyyətinə inandıra bilmədi...
Hasan Oktayın utopik ermənisevərliyindən irəli gələn iddialarına cavab vermək istəyim isə təəssüf ki, baş tutmadı. Toplantının moderatoru bunun üçün məruzəçi olacağım paneldə imkan yaranacağını bildirdi və israrlı cəhdlərimə baxmayaraq cavab haqqımı tanımaq istəmədi...
Forumun birinci gününün sonunda verilən axşam yeməyi zamanı ən yadda qalan hadisə Krımdan gəlmiş müğənni Hafizə Cəmaləddinovanın birdən-birə mənim də yer aldığım masanın arxasına keçərək "Ey gözəl Krım" mahnısını ifa etməsi ani olaraq ətrafı sükuta bürüdü:

Aluştadan əsən yellər üzümə vurdu,
Uşaqlığım keçən yerə göz yaşım düşdü.

Mən bu yerdə yaşayımadım,
Gəncliyimə doyamadım,
Vətənimə həsrət qaldım
Ey, gözəl Krım.

Bağçaları, meyvələri bal ilə şərbət,
Sularını içə-içə doyamadım mən.

Mən bu yerdə yaşayımadım,
Gəncliyimə doyamadım,
Vətənimə həsrət qaldım
Ey, gözəl Krım...

...Forumun ikinci günü bir neçə panel keçirildi. "Üçüncü tərəflərin Türk-erməni problemi qarşısındakı mövqeləri: Səbəb və nəticə" mövzusunda keçirilən paneldə Azərbaycan nümayəndə heyətini təmsil edən dr. Hizami Cəfərsoy Rusiyanın erməni məsələsindəki rolundan söhbət açdı.
Həhayət mənə də növbə çatdı. Məruzəçi olduğum panel media və turizmlə bağlı olsa da forum boyu səsləndirilən və məni narahat edən bütün məsələlərlə bağlı münasibətimi açıqladım.
İlk öncə forum boyu səsləndirilən "Azəri" sözünə etirazımı bildirdim və bunun Azərbaycan türklərini Türk Dünyasından ayırmaq üçün məqsədyönlü şəkildə düşünülmüş bir texnologiya olduğunu vurğuladım. Çıxışımda Güney Azərbaycan türklərinin Urmu gölü ilə bağlı müraciətlərini də forum iştirakçılarına çatdırdım və türk mediasını bu problemə diqqət yetirməyə çağırdım. Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkənin turizm sektoruna dəyən ziyanla bağlı konkret rəqəmləri dilə gətirdim və bir Azərbaycan vətəndaşı kimi turizm haqqında təsəvvürlərimi forum iştirakçıları ilə bölüşdüm: "Bilirsiniz, turizm sözü Azərbaycan vətəndaşlarında hansı təəsüratı yaradır? Turizm deyiləndə bizim gözümüzün önündə 20 ildir Dağlıq Qarabağ məsələsi ilə bağlı regiona səfərlər edən, işğala məruz qalanın deyil, işğalçının mövqeyindən çıxış edən ATƏT-in Minsk qrupunun həmsədrləri canlanır. Bizim üçün turizm Azərbaycanın gözəl bölgələrindən birinə səfər edərək, 1918-ci ildə ermənilərin qətlə yetirdiyi azərbaycanlıların deşilmiş kəllələrinə və sümüklərinə şüşə arxasından baxmaq deməkdir. Forum çərçivəsində keçirilən bütün panellərdə ermənilərlə dialoqdan, yaxun qonşuduqdan söhbət açıldı. Mən yaddaşını itirmişlərə Azərbaycanın təcrübəsini xatırladacağam. 1918-ci ilin mart-sentyabr aylarında erməni hərbi dəstələri tərəfindən 50 minə yaxın azərbaycanlı qətlə yetirilib. Əgər Huru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu olmasaydı ermənilər nəinki Azərbaycan türklərini, bu coğrafiyada yaşayan bütün xalqları yer üzündən siləcəkdilər. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Azərbaycanın rus-bolşevik ordusu tərəfindən işğalından sonra 70 il ermənilərlə yanaşı, bəzilərinin dediyi kimi "mehriban qonşuluq şəraitində" yaşadıq. Amma sonra nə oldu? Sovet İttifaqı zəifləyən kimi ermənilər yenidən Azərbaycan torpaq qopardılması istiqamətində fəaldiyyətə başladılar. Hövbəti soyqırımı aktlarını kerçəkləşdirdilər. Bəlli oldu ki, bizim "mehriban qonşuluq şəraitində" yaşadığımız ermənilər 70 il ərzində Azərbaycandan qazandıqları pulların bir hissəsini "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək üçün yaradılmış erməni fondlarına köçürürmüşlər. Düşünürəm ki, bu, təkcə Azərbaycan üçün bütün türk xalqları və dövlətləri üçün təcrübə olmalıdır və unudulmamalıdır.
Son olaraq, hələ də ermənilərlə işbirliyinə can atan və öz əməllərinə milliyyətçilik donu geyindirməyə çalışanlara bir məqamı xatırlatmaq istəyirəm: "Türk millətini ən ağır cinayətdə ittiham edən ermənilərin ayağına getdikdən sonra İrəvanın teatr meydanında bozqurd simvolunu göstərib fotoqraf çəkdirmək milliyyətçilik deyil. Milliyyətçilik ürəklərdə, düşüncələrdə, əməldə olur. Qəlbində, düşüncəsində, əməlində millət sevgisi olmayanların göstərdiyi simvol isə bozqurd rəmzi deyil, buynuzdur. Azərbaycan haqq və ədalət uğrunda mücadilə aparır. Türk dünyasının birliyi, bütövlüyü uğrunda mücadilədə bizimlə birlikdə olanlar tarixdə Türk dünyasının şərəfli oğlu, olmayanlar isə buynuzlu şərəfsizlər kimi qalacaqlar".
...Forum başa çatdı. Əldə olunan əsas nəticə isə düşünürəm ki, hələ uzun müddət müzakirələrə səbəb olacaq və türk millətinin ortaq hədəflərinin müəyyənləşdirilməsinə xidmət edəcək.
Forumun qapanış panelində TASAM başqanı Süleyman Şensoyun Azərbaycanın Diaspor Komitəsi ilə bağlı səsləndirdiyi fikirlər... üzücü oldu. Süleyman bəyin Dispor Komitəsinin 2-ci Dünya Türk Forumunun Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış ediyini və qurum rəhbərliyinin uzun sürən müzakirələrdən sonra verdiyi vədə əməl etmədiyini söyləməsi heç xoş olmadı... Doğrudur, Süleyman bəy, Azərbaycanın Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə ortaq bir layihə həyata keçirdiklərini və SAM-ın bu məsələdə yükün və məsuliyyətin böyük hissəsini öz üzərinə götürdüyünü xatırlatmaqla bu üzücü olayın üzərinə su səpməyə çalışdı... Amma fakt faktlığında qalır və hesab edirəm ki, 3-cü Dünya Türk Forumunda səslənən bütün fikirlər diqqətə alınmalı və nəticə çıxarılmalıdır...
Son olaraq, bizə 3-sü Dünya Türk Forumu kimi mötəbər və çox önəmli bir tədbirdə iştirak etmək imkanı tanıyan, forum ərzində bizdən diqqət və qayğılarını əsirgəməyən TASAM Ədirnə valiliyi görəvlilərinə, Forumun yüksək səviyyədə təşkil olunmasında əməyi keçən hər kəsə, o cümlədən bütün dəyərli dostlarıma dərin minnətdarlığımı bildirirəm.

Bakı-Ədirnə-Bakı