16:10
1 064
“Son illərdə çox aktual sualdır. Bütövlükdə məktəbə yaraşmayan və təhsil mühitində müşahidə olunan zərərli hadisə kimi xarakterizə edirəm”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Azərbaycan Gənc alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.
Onun sözlərinə görə, məktəblərdə zorakılıq və aqressiya halları cəmiyyətdəki mənəvi-mədəni deqradasiyanın bir parçasıdır və bu prosesin kökləri ailədən başlayır: “Təbii ki, səbəblər çoxdur və müxtəlifdir. İlk növbədə, cəmiyyətimizdə tərbiyə məsələsi xeyli zərbə alıb. İstər ailələrdə, istərsə də ümumilikdə cəmiyyətdə aqressiya halları artıb. Bəzən görürsən ki, xırda, heç bir əsası olmayan mübahisə bıçaqlanma və ya ağır cinayətlə nəticələnir. Əslində ortada ciddi səbəb yoxdur. İnsan insanı nədən bıçaqlasın, nədən ona fiziki güc tətbiq etsin? Təəssüf ki, bəzi hallarda sosial şəbəkələrdə bu kimi hallara cəmiyyətin bir hissəsi tərəfindən dəstək də verilir. Bu da göstərir ki, aqressiya artıq cəmiyyətin içindən gəlir. Aqressiyanın kökü ailə mühitində formalaşan qeyri-sağlam tərbiyə ilə bağlıdır. O qeyd edib ki, məktəblərdə tərbiyə işi ikinci plana keçib və bu, ciddi narahatlıq doğurur. Məktəblər təkcə təhsil yox, həm də tərbiyə müəssisəsidir. Çətin tərbiyə olunan ailələrdən gələn uşaqlara xüsusi yanaşma göstərilməlidir. Məktəblər bu məsələlərdə daha fəal mövqe nümayiş etdirməli, aidiyyəti qurumlarla birlikdə işləməlidirlər. Əks halda, bu zərərli ekosistem tərbiyə mexanizminin dağılmasına gətirib çıxarır”.
Fəlsəfə doktoru əlavə edib ki, məsuliyyəti təkcə məktəblərin üzərinə qoymaq düzgün deyil, lakin bu sahədə onların rolu danılmazdır:“Heç bir məktəbdə zorakılıq və aqressiya aşılanmır, bu hallar cəmiyyətdən gəlir. Amma məktəblər də çalışmalıdırlar ki, bu münasibətləri minimuma endirəcək tərbiyəvi işlər aparsınlar. Burada hər kəs – məktəb, ailə, mətbuat və ziyalılar birgə fəaliyyət göstərməlidirlər. Cəmiyyətdə ictimai qınaq formalaşmalıdır ki, bu mənfi hallara qarşı ümumi bir maarifləndirmə mühiti yaransın”.
Günel Elxan