“”Baku Call to Action” sənədi Bakının mühüm platformalardan birinə çevrildiyini göstərdi” Siyasət

“”Baku Call to Action” sənədi Bakının mühüm platformalardan birinə çevrildiyini göstərdi”

“WUF13 çərçivəsində qəbul edilən “Baku Call to Action” sənədi Bakının artıq təkcə regional deyil, qlobal şəhərsalma və inkişaf gündəliyinin formalaşdığı mühüm platformalardan birinə çevrildiyini göstərdi”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Z.Qarayeva söyləyib ki, sənəddə Azərbaycanın həm təşkilatçılıq qabiliyyəti, həm də postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma modeli xüsusi vurğulandı: “Xüsusilə 176 ölkədən 58 mindən artıq iştirakçının qatıldığı forumun tarixdə ən böyük WUF kimi qeyd olunması və ilk dəfə olaraq 27 dövlət və hökumət başçısının Liderlərin Bəyanatları Sessiyasında iştirak etməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisi kimi qiymətləndirilə bilər. Bu yanaşma onu göstərir ki, Bakı artıq yalnız enerji və geosiyasi məsələlərin deyil, həm də urbanizasiya, dayanıqlı şəhərlər və humanitar inkişaf müzakirələrinin əsas ünvanlarından birinə çevrilir”.

Onun fikirlərinə görə, sənəddə münaqişələrin şəhərlərə və mülki infrastruktura vurduğu zərərin xüsusi qabardılması da diqqət çəkən məqamlardan biridir: “Məktəblərin, xəstəxanaların, yaşayış evlərinin dağıdılması, insanların qaçqın və məcburi köçkünə çevrilməsi kimi məsələlərin ayrıca vurğulanması əslində postmünaqişə bərpasının artıq qlobal təhlükəsizlik və humanitar məsələ kimi qəbul olunduğunu göstərir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma təcrübəsinin beynəlxalq nümunə kimi təqdim edilməsi isə ölkənin bu sahədə formalaşdırdığı modelə artan marağın göstəricisidir. “Baku Call to Action” sənədi bütövlükdə onu göstərdi ki, gələcəyin şəhərləri yalnız texnoloji deyil, eyni zamanda, təhlükəsizlik, insan ləyaqəti və dayanıqlı qayıdış prinsipləri üzərində qurulmalıdır”.

Röya İsrafilova