"Azərbaycanın bərpa və yenidənqurma siyasəti beynəlxalq nümunədir" Siyasət

"Azərbaycanın bərpa və yenidənqurma siyasəti beynəlxalq nümunədir"

“Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma siyasəti beynəlxalq miqyasda nümunə kimi qiymətləndirilir və bu model humanitar, iqtisadi və təhlükəsizlik istiqamətlərini kompleks şəkildə birləşdirir”.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev xalqcebhesi.az-a açıqlamasında deyib.

Millət vəkili bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri dövlətin əsas strateji prioritetləri ilə birbaşa bağlıdır:
“Azərbaycan Prezidentinin apardığı siyasətdə ərazi bütövlüyü, suverenliyin qorunması və vətəndaş rifahı əsas yer tutur. Biz həm ərazi bütövlüyünü təmin etmişik, həm də paralel olaraq dinc quruculuq işlərini yüksək səviyyədə həyata keçiririk. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, eləcə də minatəmizləmə prosesi postmünaqişə bərpasının əsas istiqamətlərindəndir.
Minatəmizləmə, infrastrukturun bərpası, sosial xidmətlərin təşkili, məşğulluğun təmin edilməsi və əhalinin reinteqrasiyası paralel şəkildə həyata keçirilir. Bu, Azərbaycanın kompleks postmünaqişə idarəçiliyi modelidir”.

Komitə sədri vurğulayıb ki, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təkcə humanitar deyil, həm də sosial ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır: “Qayıdış prosesi yalnız təhlükəsizliklə məhdudlaşmır, eyni zamanda təhsil, səhiyyə, sosial xidmətlər və psixoloji reinteqrasiyanı da əhatə edir.Azərbaycanın həyata keçirdiyi siyasət yaşıl enerji, rəqəmsal texnologiyalar və dayanıqlı infrastruktur prinsiplərinə əsaslanır.Biz postmünaqişə ərazilərində yalnız bərpa deyil, həm də uzunmüddətli iqtisadi inkişaf və sosial sabitlik formalaşdırırıq”.

Arzu Nağıyev əlavə edib ki, Azərbaycanın təcrübəsi beynəlxalq platformalarda da geniş təqdim olunur:
“World Urban Forum 13 kimi tədbirlərdə 182 ölkədən 45 mindən çox iştirakçının qatılması ölkəmizin bu sahədəki modelinin qlobal səviyyədə qəbul olunduğunu göstərir. COP29 ilə WUF13 arasında əlaqənin vurğulanması Azərbaycanın inteqrasiya olunmuş yanaşmasını nümayiş etdirir. Azərbaycanın postmünaqişə idarəçiliyi modeli bir çox ölkələr üçün nümunə kimi çıxış edir və beynəlxalq miqyasda maraqla qarşılanır”.

Günel Elxan