Azər Allahverənov: “Böyük Qayıdış proqramı uğurla icra olunur” Siyasət

Azər Allahverənov: “Böyük Qayıdış proqramı uğurla icra olunur”

“İşğaldan azad olunmuş ərazilərə qayıdış Azərbaycanın müəyyən etdiyi beş milli prioritetdən biridir və bu istiqamət dövlətin həm daxili, həm də xarici siyasət kursunun əsas hədəflərindən biri hesab oluna bilər”.

Bu barədə Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib.

Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri böyük səylər hesabına davam etdirilir: “Həmin ərazilərdə mövcud mina təhlükəsi ilk növbədə təhlükəsizlik tədbirlərinin görülməsini, minalardan təmizləmə işlərinin aparılmasını və zəruri infrastrukturun yaradılmasını tələb edir. Ərazilərin təhlükəsiz vəziyyətə gətirilməsi, yol, enerji, su və digər infrastruktur layihələrinin həyata keçirilməsi Böyük Qayıdış proqramının uğurlu icrası üçün əsas şərtlərdəndir. Məhz bundan sonra həmin torpaqlarda həyatın bərpası və insanların doğma yurdlarına qayıdışı mümkün olur”.

Azər Allahverənov bildirib ki, şəhərlərin və kəndlərin yenidən qurulması ilə yanaşı, həmin ərazilərdə iqtisadi fəaliyyətin genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, təhsil və səhiyyə xidmətlərinin təşkili də qayıdış prosesinin vacib hissəsidir:
“Qayıdışın davamlı və səmərəli olması üçün insanların məşğulluğunun təmin edilməsi, sosial xidmətlərə çıxışının yaradılması və təhlükəsizlik məsələlərinin tam həll edilməsi xüsusi əhəmiyyət daşıyır.
2022–2026-cı illəri əhatə edən Böyük Qayıdış Dövlət Proqramının birinci mərhələsində 140 minədək keçmiş məcburi köçkünün işğaldan azad olunmuş ərazilərə qayıdışı nəzərdə tutulur.Artıq 100 minə yaxın keçmiş məcburi köçkünün doğma yurdlarına qayıtdığı bildirilir. Bu da Böyük Qayıdış proqramının uğurla icra olunduğunu və dövlətimizin qarşıya qoyduğu məqsədlərə ardıcıl şəkildə nail olduğunu göstərir”.

Günel Elxan