Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək Siyasət

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə isə bildirib ki, ölkədə növbədənkənar prezident seçkilərinin təyin edilməsi Azərbaycanda cari ildə bir sıra mühüm dövlət tədbirlərinin eyni vaxtda keçirilməsi ilə əlaqədardır.
"Nəzərə alaq ki, bu il həm Azərbaycan Parlamentinin və Silahlı Qüvvələrinin yaranmasının, həm də Azərbaycan dövlət bayrağının qəbul edilməsinin 100 illiyidir. Bu baxımdan Azərbaycan cəmiyyəti bu il həm seçki keçirməli, həm də bu yubileyləri yüksək səviyyədə keçirməklə müstəqilliyə layiq olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin şanlı səhifə olduğunu göstərməlidir", - deyə deputat vurğulayıb.
YAP rəsmisi hesab edir ki, seçkilərin vaxtını əvvələ çəkməklə cəmiyyətimiz həm prezident seçkilərini, həm də digər tədbirləri yüksək səviyyədə keçirə biləcək:
"Prezident seçkiləri konstitusiyada nəzərdə tutulduğu kimi oktyabr ayında keçirilsəydi, cəmiyyət paralel surətdə bir neçə istiqamətdə öz fəaliyyətini göstərməli olacaqdı. İndiki situasiyada isə seçkiləri keçirməklə biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini adına layiq şəkildə qeyd edə biləcəyik. Eyni zamanda cümhuriyyətimizin ikinci 100 illiyinə yeni seçilən prezidentin liderliyi, yeni proqramlarla, yeni hədəflərlə daxil olacağıq".
"Tam əminik ki, bu il aprelin 11-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev böyük zəfər qazanacaq".
Bunu isə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və Azərbaycan Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvü Məlahət İbrahimqızı bildirib.
M.İbrahimqızı deyib ki, bu ilin aprelində Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin edilməsi çox normal və gözlənilən addımdır:
"Bu yaxınlarda YAP-ın icra katibi hörmətli Əli Əhmədov də bildirmişdi ki, prezident seçkilərində partiyamızın vahid namizədi cənab İlham Əliyev olacaq. Yəni, bizim prezidentliyə namizədimiz olan cənab İlham Əliyev hər zaman seçkilərə hazır olan liderdir. Bu cür şəxsiyyətlər dünya siyasətində çox az olur. Prezident İlham Əliyevin gördüyü uğurlu işlərə baxsaq, görərik ki, o liderliyə layiq olan şəxsdir. Cənab prezident gördüyü uğurlu işlərlə hər zaman seçkilərə hazır olduğunu sübut edir.
Ancaq bir sıra dövlətlərə baxsaq, görərik ki, həmin ölkələrdə prezident seçilən şəxsin fəaliyyətində bir müddət geriləmə olur. Bu cür tendensiyalar Azərbaycanın əksər siyasi pratiyalarında da mövcuddur. Həmin partiyalar yalnız seçkidən seçkiyə fəal görünməyə çalışırlar. Amma Yeni Azərbaycan Partiyası və onun namizədi olan cənab prezident İlham Əliyev bütün dövlərdə fəal iş görür, Azərbaycanı inkişaf etdirir. Cənab prezidentin 2003-cü ildən bu günə qədər olan fəaliyyəti xalqın və dövlətin inkişafına və firavanlığına hesablanıb. Bu, gələcəkdə də belə davam edəcək".
Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında verdiyi sərəncamı şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev 3-4 günün içində ikinci (birinci strateji qərar hakim Yeni Azərbaycan Partiyasının qurultayını gözləmədən partiyadakı müavini Əli Əhmədovun açıqlaması vasitəsilə prezident seçkisində iştirak edəcəyini anons etməsi idi) strateji qərarını verdi.
"Siyasi sabitlik var, iqtisadiyyat və sosial həyatda ciddi problemlər yoxdur, əksinə prezident də son toplantılarda vurğulayır ki, 2017-ci il Azərbaycan üçün uğurlu keçdi, qeyri-neft sektoru inkişaf edir, 4 milyard dollar əlavə vəsait qazanılıb, manat sabitliyini qoruyur", - siyasi şərhçi qeyd edib.
Politoloq hesab edir ki, prezidentin sözügedən qərarının arxasında iki amil dayanır:
"Birincisi, ölkədəki sabitliyin qorunmasıyla bağlıdır. Seçki oktyabr ayında keçirilsəydi, müxtəlif namizədlər irəli sürüləcək, bloklar yaranacaq, ən azı 7 ay siyasi atmosfer gərginləşəcəkdi. Hakimiyyət bunu istəmir. Bölgədə vəziyyət də stabil deyil, ətraf toz-dumandır. Maraqlı dövlətlərin oktyabr ayına hazırlaşaraq Azərbaycandakı gərgin seçki kampaniyasından öz məqsədləri üçün istifadə edəcəyi istisna deyildi.
İkincisi, xarici təhlükə ilə bağlıdır. 2013-cü il prezident seçkisində Rusiyadakı mərkəzlər müdaxilə planı hazırlamış, Rusiyadakı azərbaycanlı oliqarxları siyasi fəaliyyətə cəlb etmişdi. Doğrudur, Azərbaycanda prezident seçkisinə ay yarım qalmış Rusiya Prezidenti Vladimir Putin Bakıya gəldi və hakimiyyət rahatladı. Məsələ burasındadır ki, Rusiyada və Ermənistanda prezident seçkisi mart ayındadır. Azərbaycanda seçki oktyabr ayında keçirilsəydi, Rusiyadakı mərkəzlərin yenə də Azərbaycandakı seçkiyə müdaxilə planları ola bilərdi. Apreldə isə müdaxilə imkanları minimumdur. Çünki Rusiyadakı seçki ilə Azərbaycandakı seçki arasındakı zaman fərqi çox az olacaq, müdaxilə üçün vaxtları çatmayacaq.
Üçüncüsü, Azərbaycanda mayda Cumhuriyyətin quruluşunun 100 illik tədbirləri ilə əlaqəlidir. Prezident bu tədbirləri mayda daha güvənilir şəkildə keçirmək istəyir".
Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə müabrizə komitəsininü üzvü Zahid Oruc açıqlamasında ölkə başçısı tərəfindən verilən qərarı yüksək qiymətləndirib:"Sərəncam mühüm hüquqi əsaslara söykənir. Eləcə də burada vurğulanmalı olan siyasi arqumetlər də yetərincədir. Məlumdur ki, Azərbaycanda prezident, parlament, bələdiyyə və digər hakimiyyət institutları və yaxud da digər təsisatların formalaşmasında bir zaman ardıcıllığı mövcuddur. Belə ki, son referendumda irəliyə sürülmüş təkliflərə xalq tərəfindən dəstək verilməsi və prezidentlik müddətinin 7 il müəyyənləşdirilməsi fonunda 2025-ci ildə belə bir üst-üstə düşmə vəziyyəti yaranırdı. Məhz bu səbəbləri nəzərdə tutaraq belə bir mövqe irəli sürülmüşdü ki, prezident seçkilərinin vaxtı dəyişdirilsin. Bu, bir tərəfdən hər bir iddiaçıya bərabər şərait yaratmağa qətiyyən mane olmur, o biri yandan Konstitusiyaya əsaslanaraq dövlət başçısı belə bir addım ata bilər, 3-cü halda seçkinin nəticələri insanların müraciəti ilə müəyyənləşir".
Deputatın sözlərinə görə, ölkə rəhbəri tərəfindən belə bir qərarın verilməsi Azərbaycanda seçkilərin sabit bir şəraitdə keçirilməsini təmin edəcək:"Hazırki dövrdə hər bir partiya, təşkilat, hərəkat öz-özlüyündə seçkilərə hazırlığını ortaya qoymalıdır. Ölkə başçısının belə bir qərarı həm də artıq namizədliklə bağlı məsələlərin bəyan edilməsi onu sübut edir ki, prezident ölkədə həyata keçirdiyi böyük, son dərəcə geniş miqyaslı milli mənafelərə dayanan yeni kursunda yenilikləri davam etdirməkdədir. Onsuz da prezident seçki proseslərinə hökumətin yenilənmiş tərkibi ilə gedi. Elə hesab edirəm ki, indi də verilmiş sərəncam hüquqi prosedurlara və Azərbyacanın siyasi maraqlarına da tamamilə uyğundur".
Onu da bildirək ki, yaxın günlərdə Mərkəzi Seçki Komissiyası (MSK) bir həftədən gec olmayaraq növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək.
Konstitusiyanın 179.2-ci maddəsinə əsasən, Prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.
Qeyd edək ki, Konstitusiyanın 179.1 maddəsinə əsasən, Prezidentin elan etdiyi halda növbədənkənar Prezident seçkiləri keçirilir.
Həmin gün, yəni bu ilin aprelin 11-i növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı ölkədə qeyri-iş günü olacaq. Seçkilər çərşənbə gününə təsadüf edir.
Cavid