Girovlarımızı erməni dversantları ilə dəyişdirə bilərik Siyasət

Girovlarımızı erməni dversantları ilə dəyişdirə bilərik

"Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi üçün bir neçə beynəlxalq təşkilata müraciət etmişik. Bu məsələ ilə bağlı tərəfimizdən iş aparılır".
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupun rəhbəri İsmayıl Axundov deyib. Bu istiqamətdə işlərin davam etdirildiyini söyləyən İ. Axundov qeyd edib ki, Azərbaycanda saxlanılan erməni diversantların dəyişdirilməsi məsələsinə baxıla bilər.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin fevralında isə Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Dağlıq Qarabağda, Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.
Azərbaycanda hazırda 2 erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır. A. Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 2015-ci ildən itkin düşmüş şəxslərin siyahısında dəqiqləşdirmələrə başlayıb. Bu iş ötən il də davam etdirilib və proses yekunlaşıb. Bu günə olan məlumata əsasən, Dövlət Komissiyasında 3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 3165 nəfəri hərbçi, 710 nəfəri isə mülki şəxslərdir"-deyən İsmayıl Axundov
bildirib ki, Dövlət Komissiyası bu işdə beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə yaxından əməkdaşlıq edir: "Biz iki qurumun əsir və itkin düşmüş şəxslərlə bağlı siyahısındakı fərqi 75-ə endirmişik. Halbuki bu rəqəm 2015-ci ildə 350 nəfərdən yuxarı idi".
İ. Axundov qeyd edib ki, indiyə kimi 1550 nəfər itkin düşmüş şəxsin 4119 nəfər ailə üzvündən bioloji nümunələr götürülüb və hazırda bu istiqamətdə işlər davam etdirilir: "Azərbaycanda itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən 195 naməlum məzar yeri də aşkarlanıb. Onlardan 185-nin GPS koordinatları çıxarılıb".