14 Oktyabr 23:50
14 Oktyabr 23:37
12:18
455
“Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi və xüsusilə Asiya istiqamətində həyata keçirdiyi xarici siyasət baxımından mühüm əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, 1995-ci ildə diplomatik münasibətlərin qurulmasından sonra Laos dövlət başçısının Azərbaycana ilk rəsmi səfəridir. Bu, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir”.
Bu fikirləri xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.
O söyləyib ki, Prezident İlham Əliyevlə keçirilən təkbətək və geniş tərkibli görüşlərdə siyasi və iqtisadi əməkdaşlığın inkişafı, qarşılıqlı investisiya imkanları və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin gücləndirilməsi müzakirə olunub: “Xüsusilə dövlət başçılarının Birgə Bəyanat qəbul etməsi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq memorandumunun və xidməti pasport sahiblərinin vizadan azad olunmasına dair sazişin mübadiləsi səfərin konkret nəticələrindən hesab edilməlidir. Bu baxımdan görüşü yalnız diplomatik nəzakət xarakterli hadisə deyil, gələcək əməkdaşlığın praktiki əsaslarını formalaşdıran mühüm siyasi addım kimi qiymətləndirmək olar”.
“Digər mühüm məqam isə səfərin Azərbaycanın Asiya ölkələri ilə münasibətlərini daha da genişləndirdiyi bir dövrə təsadüf etməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət Azərbaycanın ənənəvi tərəfdaşları ilə yanaşı, Cənub-Şərqi Asiya dövlətləri ilə də əlaqələrinin inkişafına imkan yaradır. Laos Prezidentinin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Görüşündə iştirakı da Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi artan rolunu nümayiş etdirir” - deyə Z.Qarayeva vurğulayıb.
Politoloq hesab edir ki, bu səfərin siyasi əhəmiyyəti onun iqtisadi nəticələrindən də genişdir: “Azərbaycan müxtəlif coğrafiyalarda etibarlı tərəfdaş kimi qəbul olunur, beynəlxalq nüfuzunu möhkəmləndirir və Asiya ilə əlaqələrini daha sistemli şəkildə inkişaf etdirir. Eyni zamanda, Laosla ticarət, investisiya, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaranır. Bütün bunlar Azərbaycanın xarici siyasətinin yalnız regional deyil, daha geniş beynəlxalq miqyasda nəticələr verdiyini göstərir”.
Röya İsrafilova
14 Oktyabr 23:50
847
14 Oktyabr 23:48
1 022
14 Oktyabr 23:37
882