
Azərbaycanı beynəlxalq ictimaiyyətin etibarlı və hörmətə layiq üzvü kimi təqdim etməyi həqiqətən bacarmışıq.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.
“Beynəlxalq əlaqələrimiz göstərir ki, biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı və hörmətə layiq üzvü kimi təqdim etməyi həqiqətən bacarmışıq. Artıq iki supergüclə strateji tərəfdaşlıq münasibətlərimiz mövcuddur. Həmçinin 2025-ci ildə, aprel ayında Çinlə, avqust ayında isə ABŞ-la strateji tərəfdaşlıq sənədi imzalanıb. Beləliklə, Azərbaycan iki supergüclə strateji tərəfdaşlıq formatında münasibətlər qurub. Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələrimiz və ya sazişlərimiz var. Gələn il İslam Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcəyik və təxminən 60 ölkəni birləşdirən bu mühüm beynəlxalq təşkilata sədrlik edəcəyik. Biz bunu siyasətimizə, dinimizə, ənənələrimizə və dəyərlərimizə münasibətimizə göstərilən hörmətin əlaməti hesab edirik.
2028-ci ildə isə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi edəcəyik. Bu format artıq dörd ildir mövcuddur və sammitlər yalnız 2022-ci ildən etibarən keçirilir. 2028-ci ildə sammit Bakıda baş tutacaq. Avropa Siyasi Birliyi də 50-dən çox ölkəni birləşdirir. Beləliklə, bu iki mühüm beynəlxalq tədbirin eyni şəhərdə, eyni ölkədə keçirilməsi bizim qazandığımız hörmətin göstəricisidir. Bu, eyni zamanda, bu günlərdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində müzakirə edəcəyimiz məsələlərlə də bağlıdır.
Azərbaycan cəmiyyətinin və dövlət siyasətinin multikulturalizmə, divarlar deyil, körpülər qurmağa əsaslanması bu mühüm nailiyyətlərə gətirib çıxarıb. Bu ay Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitinə ev sahibliyi etdik. Təxminən 30 ölkəni birləşdirən bu təşkilat əməkdaşlığın, qarşılıqlı fəaliyyətin və etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinə xidmət edir. AQEM-ə sədrliyimiz yekdilliklə daha iki il müddətinə uzadılıb.
Ötən il Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv kimi dəvət olunub. Bu format Mərkəzi Asiya ölkələrini birləşdirir. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyada deyil, Qafqazda yerləşir. Buna baxmayaraq, müxtəlif sahələrdə oynadığımız rolun tanınması və bizə göstərilən hörmətin ifadəsi olaraq, bu formata tamhüquqlu üzv kimi dəvət edilmişik.
Bütün bunlar, həqiqətən də, oynadığımız rolu və beynəlxalq potensialımızı nümayiş etdirir. Əlbəttə, müharibələrə son qoyulması ilə bağlı təcrübəmizin də hərtərəfli öyrənilməli olduğunu düşünürəm”, - dövlət başçısı qeyd edib.