Deputat: “Sekyuritizasiya maliyyə bazarının genişləndirilməsinə töhfə verə bilər” Gündəm

Deputat: “Sekyuritizasiya maliyyə bazarının genişləndirilməsinə töhfə verə bilər”

“Sekyuritizasiya mexanizminin hüquqi bazasının formalaşdırılması Azərbaycanda maliyyə bazarının daha da genişləndirilməsi baxımından mühüm addımdır”.

Bunu Milli Məclisin deputatı Samir Vəliyev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, ikinci oxunuşda müzakirəyə təqdim olunan “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ölkədə maliyyə sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır: “Layihə sekyuritizasiyanın hüquqi və institusional əsaslarının formalaşdırılmasını nəzərdə tutur. Sekyuritizasiya kreditorlara aktivlər üzrə gələcəkdə əldə edəcəkləri vəsaiti gözləmədən həmin aktivləri sekyuritizasiya şirkətinə satmaqla daha tez likvid vəsait əldə etməyə imkan verir. Bu şirkətlər isə əldə etdikləri aktivlər əsasında istiqrazlar emissiya edir. Həmin istiqrazlar üzrə ödənişlərin əsas mənbəyini sekyuritizasiya edilmiş aktivlərdən daxil olan vəsait təşkil edir. Bu mexanizm kreditorların likvidliyinin idarə olunması imkanlarını genişləndirə, uzunmüddətli və nisbətən qeyri-likvid aktivlərin qiymətli kağızlara çevrilməsi yolu ilə maliyyə resurslarının dövriyyəsini sürətləndirə və yeni maliyyələşmə imkanları yarada bilər.

O, hər bir sekyuritizasiya prosesinin Mərkəzi Bank tərəfindən təsdiq edilmiş sekyuritizasiya planı ilə müşayiət olunmasını da mühüm amil kimi qiymətləndirib. “Sekyuritizasiya yalnız maliyyə təşkilatlarının likvidlik imkanlarının artırılması ilə məhdudlaşmır. Bu mexanizm kapital bazarının inkişafına, maliyyə alətlərinin şaxələndirilməsinə və investorlar üçün alternativ imkanların yaradılmasına da dəstək verə bilər”, - deyə deputat əlavə edib”.

Deputat milli iqtisadiyyatın real sektoruna investisiya axınlarının gücləndirilməsi məqsədilə bir sıra təkliflər də irəli sürüb.

O, sekyuritizasiya prosesində faiz şərtlərinin müxtəlifliyinin təmin edilməsini və real sektorda uzunmüddətli investisiya layihələrinə yönəldilən maliyyə vəsaiti üçün güzəştli şərtlərin tətbiqini məqsədəuyğun hesab edib.

Onun fikrincə, bu təkliflərin reallaşdırılması üçün monetar və fiskal tənzimləmə mexanizmlərinin tətbiqi iqtisadi fəallığın artmasına müsbət təsir göstərə bilər.

Deputat, həmçinin sekyuritizasiya prosesində tərəflərin investisiya layihələri üzrə birgə fəaliyyətinin stimullaşdırılmasını təklif edib.

Sonda Samir Vəliyev müzakirəyə təqdim olunan qanun layihəsində əksini tapan yanaşmaları dəstəklədiyini bildirib.

Günel Elxan