“ABŞ-ın əsas məqsədi İranı yeni nüvə müqaviləsinə məcbur etməkdir” Siyasət

“ABŞ-ın əsas məqsədi İranı yeni nüvə müqaviləsinə məcbur etməkdir”

"ABŞ İrana qarşı atılmalı addımların əksəriyyətini atıb. Bundan sonra iqtisadi və siyasi sanksiyalar daha da sərtləşdirilə bilər". Bunu politoloq Natiq Miri deyib. Politoloqun sözlərinə görə, ABŞ sanksiyalar vasitəsilə İrana özünün yeni – 12 maddəlik şərtlərinin qeyd olunduğu müqaviləni qəbul etdirməyə çalışır: "ABŞ-ın əsas məqsədi İranı yeni nüvə müqaviləsinə məcbur etməkdir. Lakin zənginləşdirilmiş uranın həcminin artırılacağı ilə bağlı verdiyi son açıqlama göstərir ki, İran dünyanı təhdid edən nüvə proqramından imtina etmək fikrində deyil. İranın bu addımı nüvə müqaviləsində iştirak edən digər dövlətləri də çətin vəziyyətə salır. Avropa İttifaqı üzvləri hər nə qədər bu müqaviləyə imza atsalar və İrana qarşı təzyiq vasitələrinə qoşulmağa tərəddüd etsələr də, ABŞ-ıın tətbiq etdiyi sanksiyalar qəbul olunmağa başlanılıb. Əgər bu sanksiyalar beynəlxalq səviyyədə qəbul olunursa, İranın nüvə müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməməsi təəccüblü olmamalıdır.
Bu baxımdan, İran uranın zənginləşdirilməsini və bu proqram üzrə gələcəkdə nüvə silahının əldə edilməsinə çalışacağını bəyan edir. Buna görə də düşünürəm ki, Avropa İttifaqı İrana münasibətdə ehtiyatlı davranmalıdır.
Əks halda, İran dünyanı təhdid altında saxlayan proqramının icrasını genişləndirəcək və dünyanın başı üzərini təhlükə alacaq. Çünki təkcə İsrail və ABŞ yox, Avropa da İranın nüvə silahı əldə etməsinə qarşıdır. Əgər Avropa İttifaqı ABŞ-ın bu təzyiqlərinə qoşulsa, İran nüvə silahı əldə etmək prosesini sürətləndirəcək".
Natiq Miri təzyiqlərin yeni mərhələsində İrana qarşı hərbi əməliyyatların başlayacağı ehtimalını da istisna etməyib: "ABŞ birbaşa bu əməliyyatlarda iştirak etməsə də, regiondakı bir sıra ərəb dövlətləri əməliyyatlara başlaya bilərlər. ABŞ Səudiyyə Ərəbistanı, Misir və BƏƏ-ni İrana qarşı hərbi əməliyyatlara təhrik edə bilər. İsrail də həmin dövlətləri dəstəkləyəcək. Hesab edirəm ki, Avropa İttifaqı bu məsələyə həll yolu tapmasa, qlobal təhlükə ocağı yaranacaq".