“Azərbaycan multikultural dövlət kimi, ölkənin bütün sahələrdə modernləşməsini həyata keçirir” Siyasət

“Azərbaycan multikultural dövlət kimi, ölkənin bütün sahələrdə modernləşməsini həyata keçirir”

Arye Qut: "Avropa İttifaqı ilə NATO-nun güclü və nüfuzlu tərəfdaş qismində bu prosesdə iştirakı, ona töhfə verməsi vacibdir"

"Avropa İttifaqı (Aİ) və NATO ilə siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlığın inkişafı, möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Şübhəsiz ki, bu qurumlarla əməkdaşlıq Azərbaycana bir çox məqsədlərə çatmaqda kömək edə bilər. Məhz bu üzdən Bakı bu təşkilatlara daxil olan ölkələrlə ikitərəfli münasibətlərin inkişafına da maraq göstərir. Bakı-Brüssel əməkdaşlığının səmərəlilik, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı anlaşma və hörmət əsasında qurulması çox vacibdir". Bu fikirləri İsrailli jurnalist Arye Qutun "The Jerusalem Post" qəzetində çıxan yazısında yer alıb. Yazıda həmçinin bildirilir: "Təxminən 1 həftə əvvəl Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Tərəfdaşlıq prioritetləri"nə dair danışıqları uğurla başa çatdırıblar. "Tərəfdaşlıq prioritetləri"nin paraflanması mərasimində Azərbaycanın dövlət başçısı İlham Əliyev ilə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da iştirak ediblər.
"Tərəfdaşlıq prioritetləri" Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişafı baxımından vacib sənəddir. Bu anlaşma Bakı-Brüssel əməkdaşlığının ümumi prioritetlərini müəyyən edir. Bu, yaxın illərdə Azərbaycan-Aİ əməkdaşlığını daha da gücləndirəcək.
Aİ Şərqi Avropa ölkələrilə əlaqələrdə fərqləndirmə prinsipinə sadiqdir. Bunu onun "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində müəyyən edilmiş "Tərəfdaşlıq prioritetləri"də əks olunmuş 4 əməkdaşlıq sahəsi də təsdiqləyir.
İnstitutların gücləndirilməsi və yaxşı idarəçilik:
Korrupsiya ilə mübarizə, dövlət idarəçiliyində islahatlar, cinayətkarlıq və terrorçuluğa qarşı mübarizədə keyfiyyətin artırılması buraya daxildir.
Son illərdə Azərbaycanda təkcə sosial-siyasi ab-hava dəyişməyib, həm də müasir idarəçilik institutu güclənib. Buna misal olaraq, "elektron hökumət"i göstərmək olar. Bu gün respublikada dövlət idarəçiliyində və ictimai xidmətlərdə "Elektron hökumət"dən istifadə edilir. "ASAN Xidmət"in yaradılması ilə bu sahədə daha böyük irəliləyişə nail olunub.
"ASAN Xidmət" "vahid pənəcərə" prinsipilə idarə olunur. Burada 10 dövlət qurumu və təxminən 30 özəl şirkət öz xidmətlərini təklif edir. Ümumilikdə bu Dövlət Agentliyində 230-dan çox xidmət təklif olunur: doğum, ölüm, nikah haqqında şəhadətnamələrin, şəxsiyyət vəsiqəsinin, ümumvətəndaşlıq pasportunun, sürücülük vəsiqəsinin verilməsi, mülkiyyətin qeydə alınması, miqrantın statusunun təyin edilməsi və s. Qurum bank əməliyyatları və sığorta, hüquqi, tibbi, turizm və səyahətlə bağlı xidmətlər də göstərir".
A.Qut hesab edir ki, "ASAN Xidmət" mərkəzlərindəki xidmətlər "vahid məkan" anlayışına əsaslanır: "Vətəndaş bir mərkəzdə, bir inzibati binada müxtəlif dövlət-özəl xidmətlərdən faydalana bilir. Yeni və qərəzsiz orqan olan bu agentlik statusuna uyğun olaraq standartları müəyyən edir, xidmətləri optimallaşdırır, xidmət təklif edən qurumlara nəzarəti həyata keçirir və onların fəaliyyətini qiymətləndirir.
İqtisadi inkişaf və bazar imkanları:
Ölkə iqtisadiyyatının dayanıqlı şaxələndirilməsi, Ümumdünya Ticarət Təşkilatına üzvlüyə dəstək, biznes və investisiya mühitin yaxşılaşdırılması buraya daxildir.
Enerji sahəsində əlaqələr, bu sahə ilə bağlı effektli münasibətlər, ətraf mühit və iqlimlə bağlı addımlar:
Aİ ilə Azərbaycan arasında "Cənub Qaz Dəhlizi" layihəsi sayəsində enerji sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Buna görə bu bəndə Azərbaycanın ticarət, logistika və nəqliyyat mərkəzi kimi fəaliyyətinə dəstək verilməsi, enerji resusrlarının idarə edilməsinə yardım daxildir.
Lakin Azərbaycan Aİ ilə enerji sahəsindən kənar da strateji əməkdaşlığa can atır. "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" hələ 2006-ci ildə imzalanıb. Memoranduma əsasən, digər sahələrdə də strateji əməkdaşlığı genişləndirmək mümkündür. Enerji resursları ilə zəngin, karbohidrogen ixrac edən Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində Aİ-yə yardım etmək niyyətilə siyasi iradə nümayiş etdirib. Bakı bu layihənin işə düşməsində maraqlı olduğunu hər addımda göstərir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə nəinki tədarük marşrutlarının şaxələndirilməsi, eləcə də, ən əsası bu tədarükün şaxələndirilmiş mənbələrini təqdim etməklə töhfə verir.
"Tərəfdaşlıq prioritetləri" 2018-2020-ci illərdə Bakı ilə Brüssel arasında maliyyə sahəsində əməkdaşlıq üçün də siyasi təməldir. Tərəflər "Tərəfdaşlıq prioritetləri" çərçivəsində gündəmdə olan ümumi işlərin görülməsinə sadiqliklərini bəyan edib.
Sənəd yeni ikitərəfli razılaşma üzrə aparılan danışıqlarla yanaşı, Bakı ilə Brüsselin əlaqələri genişləndirmək niyyətində olduqlarını da açıq-aydın göstərir. Bu, Azərbaycan xalqı və Aİ üçün müsbət nəticələnək və tərəflər bundan mənfəət əldə edəcək.
Bu arada Azərbaycan NATO ilə də siyasi dialoq aparır. "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində aparılan dialoq ümumi maraqların yer aldığı geniş sahəni əhatə edir. Müxtəlif format və səviyyələrdə keçirilən siyasi dialoqun əsas mövzuları tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Əfqanıstanda təhlükəsizliyin təmin olunmasına töhfə, enerji təhlükəsizliyi və sairdir. Qarşılıqlı anlaşmaya əsaslanan yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlığın tərəqqisinə xidmət edir. "Sülh naminə tərəfdaşlıq" (1996-cı il), "Planlaşdırma və icmal prosesi" (1997) və "Fərdi Tərəfdaşlıq Planı" (2004) Azərbaycanla NATO-nun fərdi tərəfdaşlığının əsas prinsip və məqsədlərini müəyyən edən sənədlərdir.
Bununla aynaşı, Azərbaycan sülhməramlıları 2002-ci ildən etibarən Əfqanıstanda NATO hərbçilərilə çiyin-çiyinə xidmət edir. 2018-ci ilin yanvarından Azərbaycan bu "Qətiyyətli dəstək" missiyasındakı hərbçilərinin sayını 30% artıraraq 120 nəfərə çatdırıb.
Bakı "Qətiyyətli dəstək" missiyasına nəqliyyat və logistik dəstək də göstərir. Ötən ilin oktyabrından Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyinin göstərilməsinə də böyük kömək olub.
Azərbaycan prezidenti İlham Əliyev Şimali Atlantika Şurasının NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının, potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə keçirilən görüşündə deyib: "Ermənistanın təcavüzündən əziyyət çəkən və bu təcavüz nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-i işğal olunmuş, 1 milyon soydaşına qarşı məlum acınacaqlı etnik təmizləmə törədilmiş Azərbaycan işğalın və dağıntının iqtisadi və humanitar nəticələrini yaxşı anlayır. Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir. Azərbaycan Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinin aradan qaldırması, ölkədə sülh və inkişafın əldə edilməsi işinə köməyini bundan sonra da davam etdirəcək".
Azərbaycan islam dünyasında dünyəvi, tolerant və multikultural dövlət kimi, ölkənin bütün sahələrdə modernləşməsini qətiyyətlə həyata keçirir. Aİ ilə NATO-nun güclü və nüfuzlu tərəfdaş qismində bu prosesdə iştirakı, ona töhfə verməsi də vacibdir".