Rusiya əleyhinə düzəliş qəbul olunmayıb Siyasət

Rusiya əleyhinə düzəliş qəbul olunmayıb

ATƏT PA komitəsində Ermənistan yenə də hərbi müttəfiqini müdafiə etdi

ATƏT PA-nın Bakıda keçirilən 23-cü sessiyası çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında Rusiyanın müəllifi olduğu "Terrorçuluğa qarşı mübarizə" adlı qətnamə layihəsi müzakirə edilib.
APA-nın məlumatına görə, Latviya, Litva və İsveç parlamentarları tərəfindən layihəyə Ukrayna hadisələri ilə əlaqədar düzəliş təklif olunub.
Latviya nümayəndə heyətinin rəhbəri xanım Vineta Porina çıxışında bildirib ki, Rusiya bu gün faktiki olaraq ATƏT məkanında - Ukraynanın şərqində terrorçuluğu dəstəkləyir: "Biz bunun qarşısını almalıyıq".
Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan Rusiyanın müəllifi olduğu qətnaməni dəstəkləsə də, düzəlişin əleyhinə çıxıb: "Rusiyada 1,5 milyon erməni yaşayır və onlar heç vaxt millətçilik zəmində təzyiqə məruz qalmayıb".
Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə bildirib ki, terrorçu qruplara ayrı-ayrı dairələr tərəfindən dəstək verilir: "Onlar istədikləri sərhədi maneəsiz keçə bilirlər. Azərbaycan hər zaman terrora qarşı aparılan mübarizədə iştirak edib, Azərbaycan qanunvericiliyi də buna tam dəstək verir. Amma bəzi ölkələr terrordan öz məqsədləri, qanuni hakimiyyətin devrilməsi və iqtisadi maraqları üçün istifadə edirlər. Ona görə də biz təklif edirik ki, bu məsələ təkcə müzakirə mövzusu olmamalıdır, əməli işlər görülməlidir".
Rusiyadan olan deputat Aleksey Puşkov isə düzəlişdə Rusiya ilə bağlı hissəni əsassız adlandırıb: "Bu gün Ukraynanın şərqində vuruşanlar, siz dediyiniz kimi, Rusiyadan gedənlər deyillər, yerli xalqın nümayəndələridir. Amma Əfqanıstanda, İraqda, Suriyada, Liviyada və sair yerlərdə minlərlə terrorçu qruplaşmalar cəmləşib. Niyə onlarla bağlı heç nə qəbul edilmir?"
Müzakirələrdən sonra səsvermə nəticəsində 29 lehinə, 30 əleyhinə və 10 bitərəf olmaqla, düzəliş qəbul edilməyib. Azərbaycan düzəlişlərlə bağlı səsvermədə iştirak etməyib, Ermənistan isə əleyhinə səs verib.
Daha sonra qətnamənin özü səsə qoyulub. 44 lehinə, 21 əleyhinə və 2 bitərəf olmaqla qətnamə qəbul edilib. Azərbaycan və Ermənistan sənədin lehinə səs verib.