“Azərbaycan bu təşəbbüsü irəli sürməklə təkcə təhlükələrin mövcudluğunu bəyan etmir” Siyasət

“Azərbaycan bu təşəbbüsü irəli sürməklə təkcə təhlükələrin mövcudluğunu bəyan etmir”

Bahar Muradova: "Həm də buna qarşı dialoq platformasını ortaya qoyaraq öz nümunəsini təqdim etmiş olur"


VI Bakı Beynəlxalq Humanitar Forumunun bağlanış mərasimindən sonra müxtəlif xarici ölkələrdən olan nümayəndələr mədəni proqram çərçivəsində paytaxtın mədəniyyət ocaqları və muzeylərini ziyarət ediblər. Qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyi ilə də tanış olublar. Məlumat verilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi milli dəyərlərimizin və ümumbəşəri mədəni irsin qorunub saxlandığı zəngin bir xəzinədir. Muzey 1936-cı ildə təşkil edilib, 1937-ci ildə ilk ekspozisiyanın açılışı olub. Muzeyin ekspozisiyası, qədim Şərq və Azərbaycan, eləcə də Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən sənət əsərləri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.
Qonaqlar Azərbaycan Xalça Muzeyini ziyarət ediblər. Onlara Azərbaycan xalçaçılığının tarixi, xalçaçılıq məktəbləri, xalçaların hazırlanması haqqında, eləcə də muzeyin yaranması və fəaliyyəti barədə məlumat verilib.
Muzey zəngin irsimiz olan xalçaların saxlanc yeri, onların yüksək səviyyədə təqdimatı məkanı olmaqla bərabər, həm də milli xalça sənətinin tədqiq olunduğu elm və mədəniyyət ocağı kimi fəaliyyət göstərir.
Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilib. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.
Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti kimi mən VI forumun iştirakçı dövlətlərinin və onların sayının çoxluğundan görürəm. Kəmiyyət mahiyyət olmasa da, mahiyyəti gücləndirən amil kimi çıxış edir. O bildirib ki, forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də digər natiqlər Azərbaycanın getdikcə humanitar multikultural və mədəniyyətlər, sivilizasiyalararası əlaqələrin intensivləşdiyi mərkəzə, Bakının humanitar tədbirlərin paytaxta çevrildiyini vurğuladılar: "Bunun özü faktdır. Bura təkcə tədbirin özünün keçirilməsi deyil, onun qarşıya qoyduğu hədəflər, müzakirə edilən məsələlər, hər zaman vacib olan gündəliyidir".
B.Muradova söyləyib ki, forumun gündəliyinin məqsədi dünyada bəşəriyyətin üzləşdiyi çətinliklər, o cümlədən ölkələrin və xalqların rastlaşdığı problemlərin bu kimi çox tərəfli əlaqələr, münasibətlər vasitəsilə aradan qaldırılmasına töhfə verməkdir: "Prezident İlham Əliyevin forumun açılış nitqində vurğuladığı kimi, həm İslam ölkələrini, həm də Avropanı bürüyən bir sıra ciddi problemlər var ki, insanlar onlardan əziyyət çəkirlər və bu problemlərin mövcudluğu humanitar fəlakətlərə, onların getdikcə daha da dərinləşməsinə şərait yaradır. Odur ki, bizə qarşı yönələn təhlükəli çağırışlara bizim birgə cavabımız olmalıdır. Bakı prosesi məhz bu birgə cavabın axtarışında öndə gedən forumdur. Bakı 10 illik yubileyinə çox böyük nailiyyətlərlə gəlib".
Milli Məclisin sədr müavini söyləyib ki, tədbirdə çıxış edən bir sıra beynəlxalq təşkilatların rəsmilərinin öz çıxışlarında forumu yüksək dəyərləndirmələri sübut edir ki, Azərbaycan bu təşəbbüsü irəli sürməklə təkcə təhlükələrin mövcudluğunu bəyan etmir, həm də buna qarşı dialoq platformasını ortaya qoyaraq öz nümunəsini təqdim etmiş olur: "Azərbaycan göstərir ki, özünün yerləşdiyi ağır və çətin regionda və ümumiyyətlə, dünyada gedən ictimai siyasi kataklizmlərin fonunda ölkəmiz daxilində həm multikultural, həm etnik, dini və mədəni tolerantlıq əldə etmək mümkündürsə, nədən dünya bundan istifadə etməsin. Hesab edirəm ki, bu təcrübələrin öyrənilməsi və yayılması baxımından belə forumların keçirilməsi çox əhəmiyyətlidir. Burada bu kimi dəyərlərə xidmət etməyi özü üçün həyat yolu seçənlərin birliyi yaranır ki, ölkəmiz də bu işə çox ciddi töhfə vermiş olur".
Deputat Aydın Hüseynov bildirib ki, VI Bakı Beynəlxalq Humanitar Forumu xalqlar arasında dialoqun möhkəmlənməsi və inkişafı üçün yeni ideyalar, fikir mübadiləsi və qarşılıqlı etimadın yaranmasına meydan açır. Deputat deyib ki, bu cür tədbirlər keçirməklə Azərbaycan dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir:
"Baxmayaraq ki, bu gün Azərbaycan özü erməni işğalından əziyyət çəkir, ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün var, ölkəmiz nəinki regionda, o cümlədən dünyada sülhün bərqərar olması istiqamətində mühüm işlər görür. Azərbaycan artıq dünya üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərin keçirildiyi, vacib məsələlərin müzakirə edildiyi məkana çevrilib".
A.Hüseynov vurğulayıb ki, Azərbaycan indiyə qədər dinamik inkişafı ilə sivilizasiyalararası dialoqun qurulması üçün qlobal tədbirlərə uğurla ev sahibliyi edir: "Bakıda artıq 6-cı ildir ki, Beynəlxalq Humanitar Forum keçirilir. Hər bir forumda dünyanı düşündürən qlobal problemlərin həlli yollarının tapılması istiqamətində səmərəli müzakirələr aparılır, geniş əhatəli məsələlər müzakirə edilir, çağırışlar olur".
Millət vəkili deyib ki, Bakı Forumuna maraq hər il artır və artıq 6-cı dəfə ölkəmizdə keçirilməsi onu deməyə əsas verir ki, bu tədbir dünyanın siyasi-ictimai elitasını birləşdirən diskussiya və dialoq məkanı kimi tanınır.
Livanın NNA agentliyinin direktoru xanım Laura Süleyman diqqətə çatdırıb ki, Bakı Beynəlxalq Humanitar Forumu bir sıra məsələlərin müzakirəsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan forumda iştirak etdiyimdən məmnunluq duyuram. Azərbaycanda humanitar əməkdaşlığa dair bir sıra tədbirlərin keçirildiyini deyən agentlik direktoru söyləyib ki, Forum problemlərin həllinin, inkişafın yollarının müzakirə edilməsi üçün mühüm platformadır.
L.Süleyman qeyd edib ki, dünyanı yalnız humanizm qoruya və xilas edə bilər: "Bu baxımdan müasir dövrdə belə mövzulara diqqət yetirilməsi çox önəmlidir. Azərbaycanın bu təşəbbüsünü alqışlayır və ölkənizin humanitar məsələlərə böyük diqqət yetirdiyinə görə təşəkkürümü bildirirəm". Forumda media ilə bağlı mühüm məsələlərin müzakirə olunduğunu deyən qonaq vurğulayıb ki, "Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiyası cəmiyyətin yanlış məlumatlandırılmasının ağır fəsadları haqqında məlumatlandırılması baxımından böyük önəm daşıyır: "Ümumiyyətlə, Forum bütün dünya üçün böyük əhəmiyyət daşıyır".
Millət vəkili Elman Məmmədov söyləyib ki, Bakı Beynəlxalq Humanitar Forumu artıq dünyada tanınmış bir əhəmiyyətli tədbirdir.
Onun sözlərinə görə, Forumda nüfuzlu şəxslərin iştirak etməsi tədbirin artıq dünyada böyük əhəmiyyət kəsb etməsinin sübutudur:
"Forumda dünyanın 90-a yaxın ölkəsi, 20-dən çox nüfuzlu beynəlxalq təşkilat təmsil olunub. Bu onu göstərir ki, Azərbaycan ərazisinə və əhalisinin sayına görə o qədər də böyük ölkə olmasa da, bu gün dövlətimizin dünyada baş verən proseslərlə, aparılan dialoqlarla, həmçinin digər proseslərlə bağlı mövqeyi həlledici mövqe kimi tanınır".
Deputat vurğulayıb ki. Azərbaycan bu cür möhtəşəm tədbirlərə ev sahibliyi etməklə öz fikrini, həqiqətlərini dünya ictimaiyyətinə çatdırır:
"Azərbaycan artıq dünyada istiqamət göstərməyi bacarır, yeni dünyanın necə olması, yeni nəslin necə formalaşması barədə mövqeyini bildirir, xalqlar, dinlər, mədəniyyətlər arasında yaxınlaşmaları, birgəyaşayışın necə təmin olunmasının nümunəsini göstərir".
E.Məmmədov hesab edir ki, Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycana beynəlxalq səviyyədə uğur gətirən bir möhtəşəm tədbirdir.