Prezident dünyaya lazımi mesajları verdi Siyasət

Prezident dünyaya lazımi mesajları verdi

Tofiq Abbasov: "Azərbaycan lideri birmənalı şəkildə qeyd etdi ki, etinasızlıq göstərilsə erməni silahlı birləşmələri güc yolu ilə ölkə ərazilərindən rədd etmək ediləcək"
Qabil Hüseynli: "Prezidentin səsləndirdiyi fikirlər çox mühüm və tariximizə işıq salan çıxış idi"

Diplomatik xidmət orqanları rəhbərlərinin 5-ci müşavirəsində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin öz prinsipiallığı və müstəqilliyi ilə seçildiyini deyib: "Azərbaycanın uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə xarici arenada öz sözümüzü deməyə, maraqlarımızı müdafiə etməyə imkanlar açıb".
Dövlət başçısı bu siyasətin beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılandığını, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayının artığını, Azərbaycanın özünü dünyada etibarlı dost və tərəfdaş kimi təsdiq etdiyini vurğulayıb. Gənc müstəqil dövlət üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilməyi tarixi adisə adlandıran İlham Əliyevin sözlərinə görə, bu, ölkənin qısa müddətdə nə qədər böyük yol keçdiyini göstərdi: "Azərbaycan iki il ərzində bu nüfuzlu təşkilatda beynəlxalq hüququ və ədaləti müdafiə etdi və bundan sonra da hər zaman müdafiə edəcək".
Ölkənin beynəlxalq imicinin çox müsbət olduğunu qeyd edən prezident, diplomatik orqanların uğurlu fəaliyyətinin bu amildə roluna diqqət çəkib. O, xarici siyasətlə bağlı əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu xatırladaraq təəssüflə vurğulayıb ki, bu istiqamətdə nəticələr yoxdur. Dövlət başçısı Azərbaycanın məsələni dinc yolla həll etmək istəyini bildirib və qeyd edib ki, bununla yanaşı, Ermənistanın qeyri-konstruktiv mövqeyi, eləcə də beynəlxalq hüququn işləməməsi və güc amilinin əsas rol oynaması məsələnin hərbi yolla həllini istisna etmir. Bu səbəbdən də ordu quruculuğu ilə bağlı aparılan ardıcıl siyasət düzgündür.
Prezident bəyan edib ki, diplomatların fəaliyyəti ilk növbədə Qarabağla, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına istiqamətlənməlidir. O, bir daha vurğulayıb ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması qətiyyən mümkün deyil və Azərbaycan buna heç vaxt imkan verməyəcək.
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin iştirakı ilə keçirilən beşinci müşavirə əhəmiyyətli məqamlarla yadda qaldı.
Müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb. "Əsas məsələ ondan ibarətdir ki, müşavirə zamanı Azərbaycanının diplomatik korpusları, xarici ölkələrdə fəaliyyət göstərən səfirlərimiz və Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edilir. Qarşıda duran fəaliyyət proqramı müəyyənləşdirilir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev diplomatlar qarşısında təxminən bir saat çıxış edib. Bütün məsələlər ətrafında Azərbaycanın mövqeyini bir daha bəyan edib. Səfirlərə, XİN əməkdaşlarına tövsiyə və tapşırıqlarını verib".
Onun sözlərinə görə, Azərbaycanın yürütdüyü xarici siyasətin hücum xarakteri daşıması, Azərbaycanın maraqlarının müdafiə olunması qarşıdakı il ərzində də diplomatlarımız üçün əsas istiqamətlərdən olacaq.
Novruz Məmmədov bildirib ki, müşavirədə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin mövqeyi, aparılacaq danışıqlar və görülən işlərdən danışılıb.
"Prezident İlham Əliyev müşavirədəki çıxışının 30 dəqiqəsini məhz Dağlıq Qarabağ münaqişəsinə həsr etdi. Bununla bağlı Azərbaycanın beynəlxalq aləmdə yerinin, mövqeyinin getdikcə güclənməsi, beynəlxalq təşkilatlarda iştirakı, regionda liderliyi, irimiqyaslı layihələrin həyata keçirilməsi, xarici ölkələrə sərmayələrin qoyulması, eyni zamanda BMT Təhlükəsizlik Şurasında, Qoşulmama Hərəkatında və digər mühüm beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin həllinin daim diqqətdə saxlanılması bir daha vurğulandı".
PA rəsmisinin sözlərinə görə, Prezident İlham Əliyev münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini bir daha bəyan edib. Bundan əlavə toplantıda Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsi, beynəlxalq aləmə daha sıx inteqrasiyası, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi məsələləri də müzakirə olunub.
Politoloq Tofiq Abbasovun fikrincə üzdə olan budur ki, Ermənistan vaxt udmaqla məşğuldur. Onun sözlərinə görə, bu ölkənin siyasi rəhbərliyi neçə illərdir ki, söz verib vədindən qaçır, müxtəlif yollarla danışıqlar prosesini iflic edir, Minsk qrupunun həmsədrlərinə müxtəlif bəhanələri gətirməklə mətləbdən kənara çıxır: "Madrid prinsiplərinin yenilənmiş variantı regiondakı mövcud vəziyyəti konstruktiv şəkildə dəyişməyə bütün imkanı vəd edir. Buna baxmayaraq İrəvan həmin paketi də ona qədərkilər kimi bada verdi.
Məqsəd ondan ibarətdir ki, 2015-ci ilin aprelinə qədər işğal olunmuş Azərbaycan torpaqları qaytarılmasın və qondarma soyqırımın yüzilliyində Ermənistana pərdəarxası vəd edilmiş imtiyazlar reallaşsın. İstisna etmək olmaz ki, məxvi xilas planı beynəlxalq erməni lobbisis tərəfindən həm razılaşdırılıb, həm də müvafiq dəstək alıb. Odur ki, Ermənistanı iqtisadi və sosial baxımdan zəlil vəziyyətə salmış ölkə rəhbərliyi hesab edir ki, bu cağa qədər və indi ölkə əhalisinin payına düşən çatışmazlıq və istirablar sonda böyük qənimətlərlə kompensasiya olunacaq. Hər halda, baş verənlər belə düşünməyə əsas verir". O, həmçinin əlavə etdi ki, Azərbaycan Prezidenti nə baş verdiyini gözəl anlayır: "Rəsmi Bakı dəfələrlə bildirib ki, bu münaqişədə zərər çəkən, böyük itkilərlə üzləşən Azərbaycandır. Ona qarşı edilmiş təcavüz hələ uzun illər öz mənfi izini nəsillərin həyatına göstərəcək. İndi və gələckdə ağrılı problemlərin təsirini azaltmaqdan ötrü bir yol var, bu da işğala son qoymaqdır. Beynəlxalq təsisatlar, ümumilikdə birlik bu işdə həm acizlik göstərir, bəzi hallarda isə ermənipərəst mövqe tutur. Buna görə də Azərbaycan lideri birmənalı şəkildə qey edir ki, əgər ATƏT-in Minsk qrupu, digər instansiyalar bundan sonra da belə etinasızlıq göstərsələr, yeganə yol güc vasitəsi ilə erməni silahlı birləşmələrini ölkə ərazilərindən rədd etmək olacaq... Hər qanunda istisnalar olur, sözügedən normativ aktlara da bu məlum səbələrdən şamil oluna bilər. Silah gücünə Azərbaycanın işğal altında olan torpaqlarını milli qüvvələrlə azad etmə Azərbaycanın suveren hüququdur və bu məsələdə qeyri-adi bir məqam yoxdur...".
Siyasi şərhçi Anar Turan vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirləri yaranmış təhlükəli vəziyyətin reallığını əks etdirir: "Ermənistan göstərdiyi qeyri-konstruktiv mövqe ilə nə BMT-nin qətnmamələrinə nə də beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur. ATƏT, Avropa Şurası da yalnız tövsiyyələrdən, ibarət xəbərdarlıqla kifayətlənmiş və etdiyi etirazlar hələ ki kağız üzərindədir. Bu baxımdan Azərbaycan belə olduqda çıxılmaz vəziyyətdə qalır. Ya müharibə etməlidir, ya da öz torpaqlarının işğalı ilə barışmalıdır. Azərbaycan indiki durumunda bununla çətin ki razılaşsın. Çünki, hazırki inkişaf tempimiz və əldə etdiyimiz naliyyətlər, güclü hərbi potensialımız belə düşünməyə əsas verir. Ermənistan və onun havadarları bu barədə daha tez düşünsələr zənnimcə onlara daha faydalı olar.".
Politoloq Qabil Hüseynli deyib ki, prezident İlham Əliyevin XİN-də diplomatlarla görüşü zamanı səsləndirdiyi fikirlər çox mühüm və tariximizə işıq salan çıxış idi: "Prezident çıxışı zamanı Qarabağ məsələsinə də toxunaraq, detallı şəkildə bəzi məqamların izahını verdi. O qeyd etdi ki, əgər danışıqlar öz bəhrəsini verməsə, digər yollar üzərində də düşünməli olacağıq. Bu kontekstə ölkə başçısı bildirdi ki, biz regionumuzda ötən əsrdə və hazırda baş verən hadisələri dünyaya çatdırmağı bacarmalıyıq. Dünya bilməlidir ki, indiki Ermənistanın ərazisi də vaxtilə Azərbaycana məxsus olub. Təcrübə göstərir ki, Birinci Dünya müharibəsindən sonra Ermənistan respublikasının yaranması üçün faktiki olaraq torpaq sahəsi olmayıb. Həmin ərazi Azərbaycan torpaqlarının hesabına yaradılıb. Məlumdur ki, bu dövlətin heç paytaxtı da yox idi. İrəvanda yaşayan əhalinin 80 faizindən çoxu azərbaycanlılar idi. İngilis generalı Tomson da başqa olmaqla bir qrup şəxs, Azərbaycanı İrəvanı ermənilərə güzəştə getməyə məcbur etdi. Azərbaycan tərəfi İrəvanı 99 il müddətinə ermənilərə icarəyə verdi. Prezidentimiz də bu tarixi faktları sadalamaqla, diplomatların nəzərinə çatdırdı ki, ərazimizdə ikinci erməni dövlətini yaratmağa çalışanların hazırkı dövlətləri də Azərbaycanın ərazində yaradılıb. Bütün bunların hamısını prezident qeyd etməklə, dünyaya lazımi mesajları verdi".

Əli