Dövlət büdcəsi qəbul olundu Siyasət

Dövlət büdcəsi qəbul olundu

Dünən Milli Məclisin plenar iclası keçirilib. İclasda "2019-cu ilin dövlət büdcəsi haqqında" qanun layihəsi ilə yanaşı digər qanun layihələri də müzakirə edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında deyib ki, "2019-cu ilin dövlət büdcəsi haqqında" qanun layihəsi ətrafında xeyli müzakirələr aparılıb. Müzakirələrdən sonra isə bəzi təkliflər nəzərə alınıb". Deputat bildirib ki, ilk dəfə olaraq 2019-cu ilin dövlət büdcəsinin xərcləri 410 milyon manat artırılıb.
İclasda Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi yekunlaşıb. Parlament 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərini 23 milyard 168 milyon manat, xərclərini 25 milyard 190 milyon manat, büdcə kəsrini 2 milyard 22 milyon manat səviyəsində təsdiqləyib. 2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 316,0 mln. manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı ARDNF-dan transfertlərin, 3 702,6 mln. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı isə digər gəlirlərin payına düşür.
Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.
Qanun layihəsi səsverməyə çıxarılaraq yekun –III oxunuşda qəbul edilib.
Milli Məclis "2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsini də üçüncü oxunuşda qəbul edilib.
Sənəddə göstərilib ki, 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub.
Xatırladaq ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat olub.
İclasda Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarı da səsə qoyulub.
Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.
Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib.
Qanun layihəsi səsverməyə çıxarılaraq yekun –III oxunuşda qəbul edilib. Daha sonra digər qanun layihələrinin müzakirəsi aparılıb.
Milli Məclisin sədri Oqtay Əsədov Vergi Məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib ki, Vergilər Nazirliyi inqilabi islahatlar həyata keçirir. Oqtay Əsədov deputatların vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirərkən qeyd edib ki, islahatlar mərhələli şəkildə aparılır: "Birdən-birə yükləmək olmaz".
Deputat Fazil Mustafa Milli Məclisin iclasında Gəncədə yeni universitet yaradılmasını təklif edib. O bildirib ki, Gəncəyə ölkə başçısı tərəfindən insanların ayağına gedən bir icra başçısı təyin olunub və bu təqdir olunası haldır: "Amma Gəncə kimi bir şəhərə həftədə 3 dəfə təyyarə uçur. Əgər biz regionların inkişafını istəyiriksə, o zaman hökumət Gəncəyə ən azından gündə bir dəfə təyyarə uçuşunu təmin etmək barədə düşünməlidir. Digər bir məqam isə ondan ibarətdir ki, regionların inkişafı məqsədi ilə sahibkarlara güzəştlər tətbiq edilməlidir. Gəncə kimi ikinci şəhərdə elə bir universitet yaradılmalıdır ki, hamı oranı seçmək üçün mübarizə aparsın. Biz regionları inkişaf etdirməklə Bakının yükünü azalda bilərik. Odur ki, hökumət bu istiqamətdə ciddi addımlar atmalıdır".
İclasda "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi geniş müzakirələrə səbəb olub.
Qanun layihəsi ətrafında çıxış edən deputat Tahir Kərimli sənəddə "effektiv" sözünün "səmərəli" sözü ilə əvəzlənməsini istəyib.
"Biz gəlin, dilimizə hörmət edək. Əgər biz özümüz özümüzə hörmət etməsək, heç kim bizə hörmət etməyəcək. Bu dil bizə ata-babalarımızdan qalıb. Biz də bu dilin saflığının qorunması üçün əlimizdən gələni etməliyik. Təklif edirəm ki, parlamentdə dil monitorinq mərkəzi yaradılsın. Qanun layihələri cənab prezidentə təqdim olunmazdan əvvəl həmin mərkəzdə baxılsın".
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə deputatın çıxışına münasibət bildirib: "Tahir müəllim, burada nəzərdə tutulan "effektiv" sözü tibbi bir anlayışdır".
Daha sonra isə çıxış edən spiker Oqtay Əsədov deyib ki, qanun layihəsinin mahiyyəti qalıb bir kənarda, hamı dilin qorunmasından danışır: "Birincisi, biz dilimizi qorumalıyıq. Bu, ən vacib məsələdir. Mən və parlament rəhbərliyi də dilin qorunmasının tərəfdarıyıq. Dilin qorunması ilə hər hansı monitorinq qrupunun yaradılmasına ehtiyac yoxdur. Biz özümüz bununla məşğul oluruq. Bu məsələ ilə gələcəkdə də məşğul olmaq lazımdır. Amma xahiş edirəm, gündəliklə bağlı məsələlərə münasibət bildirək".
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov əlavə edib ki, dərmanlarla bağlı terminləri hər gün Azərbaycan dilinə tərcümə etməyə çalışsaq bizim işimiz çətin olar: "Ona görə də bizi başa düşmək lazımdır. "Effektiv" sözü dərmanın insan orqanizminə necə təsir etməsinə aiddir".
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov da deputat Tahir Kərimlinin dilçiliklə bağlı qaldırdığı məsələyə reaksiya verib. O deyib ki, dilin qorunması ilə bağlı qaldırılan fikirlə hamı razıdır: "Biz dilimizi ana südü kimi qorumalıyıq".
Deputat Fazil Mustafa həmçinin "Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib ki,
"Azərbaycanda ən ciddi problem yeni tikilən mənzillərlə bağlıdır. Bu vaxta qədər tikilən binalarda hər hansı məsələ ilə bağlı sakinlər söz sahibi deyil". Fazil Mustafa mənzil fırıldaqçılığında bütün məsuliyyətin sahibkarın üzərində qalmasının doğru olmadığını bildirib: "Sahibkarın boynuna o qədər yük qoyular ki, onlar on illərlə gəlir götürmür. Bununla yanaşı, eyni mənzilin bir neçə şəxsə satılmasında təkcə sahibkar məsuliyyət daşımır. Həmin sahibkara yenidən bu işlə məşğul olmağa imkan yaradılır. Hərənin bir himayəçisi olanda nə olar ki? Mənzilinin pulunu verən hər kəs mülk sahibi olmalıdır. Mənzil firıldaqçılığı aradan qaldırmaq üçün bu, şərtdir. Onsuz da bina tikiləndən sonra liftin, mərtəbələrin təmirini də mənzil sahibləri edir. Hesab edirəm ki, kosmetik dəyişikliklə məsəli həll edə bilmərik. Daha ciddi təkliflər irəli sürməliyik".
Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli