
İşğal edilən rayonların qaytarlması məsələsinin gündəmə çıxarılmasında məqsəd nədir?
Cavid
Bu günlərdə ABŞ rəsmiləri - ABŞ-ın Ermənistandakı səfiri Con Heffern və bu ölkənin Bakıdakı səfiri Riçard Morninqstar bir-birinin ardınca Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oxşar açıqlamar veriblər. Rəsmilər bildiriblər ki, hazırda işğal altında olan Dağlıq Qarabağ ətrafı 7 rayon Azərbaycana qaytarılmalıdır və müanqişənin yekun həlli yolu tapılmalıdır.
Bir müddət əvvəl isə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" adlı məruzə ilə çıxışında bu məsələ ilə bağlı oxşar bəyanat vermişdi. Elə o zaman da ABŞ-ın Azərbaycandakı səfiri Morninqstar bildirmişdi ki, danışıqlarda münaqişənin nizamlanmasına nail olmaq üçün gərəkli olan 6 prinsip öz əksini tapıb: "Səfir Ceyms Uorlik çox aydın şəkildə bəyan edib ki, Dağlıq Qarabağ ətrafında işğal altında olan 7 rayon Azərbaycana qaytarılmalıdır".
Birləşmiş Ştatlar təmsilçilərinin bəyanatlarına rəsmi Bakı sərt reaksiya verib. Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qeyd edib ki, səfirin belə açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir: "Azərbaycan üçün bu, qəbuledilməzdir. Bu, həm də, Vyana konvensiyasının tələblərinin pozulmasıdır. Müsahibənin tonu düz deyil. Səfir öz sözünü deyə bilər, amma səfir bizə dərs keçə bilməz. Azərbayacan müstəqil siyasət yürüdən dövlətdir. Biz ABŞ səfirinin müsahibəsində bu tonu qəbul etmirik".
Politoloq Vəfa Quluzadə hesab edir ki, Qərb 90-cı illərdən Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır. Amma Rusiya ilə toqquşmaq istəmir: "Beynəlxalq ictimai rəy deyir ki, Dağlıq Qarabağa yüksək status verilməlidir. Azərbaycan da bunu təklif etmişdi və Ermənistan o zaman buna razılıq vermişdi. Lakin Rusiya bu məsələyə mane oldu. İndi münaqişəni həll etmək üçün onlar Ermənistanı hansı yolla sülhə aparmağa vadar edəcəklərindən danışmalıdırlar. Qərb Rusiyaya təzyiq etməlidir ki, o, Cənubi Qafqazda sülhə maraqlı olsun. Hazırda Rusiya bu işdə maraqlı deyil. Rusiya imperiyadır. İmperiyalar, adətən, dağılır. Bu federasiya dağılacaq. Nə qədər tez dağılsa, bizim xeyrimizədir".
Politoloq Elxan Şahinoğlu isə məsələyə fərqli prizmadan yanaşaraq bildirir ki, Azərbaycan münaqişənin mərhələli həllində maraqlıdır: "Amerikalı diplomatların 7 rayonun qaytarılması ilə bağlı səsləndirdiyi fikirləri müsbət dəyərləndirmək olar. Bu, münaqişənin həllində vacib amildir. Birinci mərhələdə, mütləq mənada, işğal altında olan torpaqlar geri qaytarılmalıdır. Təhlükəli məqam ondan ibarətdir ki, Ceyms Uorlik Dağlıq Qarabağın statusunun müvəqqəti olmaması ilə bağlı fikirlər səsləndirir. Bu, o deməkdir ki, müvəqqəti statusun birinci mərhələsində referendum keçirilməsinə yaşıl ışıq yandırılır. Ona görə də, Morninqstarın, Uorlikin dediklərinin birinci hissəsi ilə, yəni işğal altında olan rayonların boşaldılması məsələsi ilə razılaşmaq olar. Amma sonrakı məqamlarla bağlı təhlükəli fikirlər səslənir və biz də bununla razı deyilik. Gələcəkdə keçiriləcək referendum müqabilində sadəcə 7 rayonun qaytarılması bizim maraqlarımıza uyğun deyil".
Deputat Elman Məmmədov isə xatırladıb ki, hər zaman danışıqlarda iki həll varinatından söhbət gedib: "Birincisi paket həll variantı, ikincisi isə mərhələli variantdır. Səfirin təklifi həmin mərhələli varianta aiddir. Yəni ilkin olaraq 7 rayonun geri qaytarılması, sonra isə Dağlıq Qarabağın statusunun müzakirə edilməsidir. Statusun müzakirəsi isə ondan ibarətdir ki, Azərbaycan tərkibində Dağlıq Qarabağa beynəlxalq təcrübədə mövcud olan, hətta mövcud olmayan ən yüksək səviyyədə muxtariyyət hüququ verilməsi məsələsinə baxılır. Biz hər zaman bu istiqamətdə fikrimizi açıq bəyan etmişik. Səfirin təklifi baş tutarsa, hesab edirəm ki, danışıqlar mərhələsində yüksək bir irəliləyiş olar. Çünki illər uzunu belə təklifləri çox eşitmişik. Həmsədr dövlətlərdən biri, yaxud hər üçü, yaxud da ATƏT-in Minsk qrupu bütövlükdə belə vədlər çox verib. Hər zaman "6+1", "5+2", ya da "paket" varianti təklif edilib. Biz bu təkliflərin əksəriyyətilə müəyyən şərtlər daxilində razılaşmışıq. Ancaq həmsədr dövlətlərin sözləri, regiondakı milli maraqları bir-birinə uyğun gəlmir. Baş tutarsa, biz də sevinərik ki, nəhayət, uzun illərdir yubadılan proses başlayır".
Politoloq Fərhad Mehdiyev hər iki diplomatın fikirlərini şərh edərkən deyib ki, ABŞ-ın fəallaşması Rusiyanın bu məsələdə sükanı ələ alması cəhdləri ilə bağlıdır: "Rusiya müəyyən rayonları Azərbaycana qaytarmaqla əvəzində Azərbaycanı Avrasiya İttifaqında görmək istəyir. Bu prosesdə Amerika üstünlüyün Rusiyaya keçməsi ilə razılaşa bilməz. Rusiya isə öz sülhməramlılarını Qarabağa yerləşdirmək istəyir, bunun üçünsə Ermənistana təzyiqlərini artırıb. İrəvana mesaj verilir ki, "Moskva arxandan çəkilsə, Bakı səni əzəcək". Lakin Rusiya qoşunlarının Qarabağa yerləşdirilməsi bizə sərf etmir. Çünki rus qoşunları burda lazım olandan çox qalacaq".
Politoloq qeyd edib ki, Qarabağ münaqişəsi hərbi yolla həll edilməsə, əraziyə sülhməramlıların yerləşdirilməsi qaçılmaz olacaq: "İndiki məqamdan bu o qədər də pis variant deyil, çünki torpaqlar işğal altında qaldıqca İrəvan erməniləri ora köçürdür, bölgəni erməniləşdirir. Bu da gələcəkdə pis nəticə verə bilər. Təbii ki, mən 7 rayonun qaytarılacağını hesab etmirəm. Güman ki, bu, mərhələli formada ola bilər. Bizə sərf edən variant rayonların qaytarılması, Qarabağa isə Rusiyanın deyil, beynəlxalq sülhməramlının yerləşdirilməsidir".
F.Mehdiyev qeyd edib ki, rəsmi Bakı yaranmış vəziyyətdən öz xeyri üçün istifadə etməlidir.
Deputat Astan Şahverdiyev isə səfirin bu təklifini məqbul saymır: "7 rayonun geri qaytarılmasının arxasında nə durur? Mənə bu sualın cavabı maraqlıdır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və bu qərar dəyişməz olaraq qalacaq. Riçard Morninqstarın təklifi yeni deyil, hələ 1993-cü ildən başlayaraq belə təkliflər irəli sürülüb. Mən təklif edərdim ki, səfir özündən təzədən "Amerika açmasın"!. Qarabağlı deputat kimi mövqeyim belədir".
"Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov səfirin təklifinin real olmasına şübhə ilə yanaşır: "Dövlət başçısı İlham Əliyev birmənalı olaraq prinsipial mövqeyini açıqlayaraq bildirib ki, Azərbaycan özünün bir qarış torpağını da güzəştə getməyəcək, öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Sonuncu olaraq diplomatik korpusla görüş zamanı yenə də həmin mövqeyi ortaya qoydu. Bu gün ABŞ səfiri Riçard Morninqstarın "7 rayon qaytarılacaq, Qarabağ məsələsinə sonra baxılacaq, Laçın dəhlizi saxlanılacaq" kimi təklifləri dəfələrlə ATƏT-in həmsədrləri ilə müzakirə olunub və biz öz mövqeyimizi ortaya qoymuşuq.
Hesab edirəm ki, Morninqstar "Azadlıq" radiosuna verdiyi qalmaqallı müsahibəsindən sonra bir növ Azərbaycan xalqını sakitləşdirmək, müəyyən mənada xalqımız tərəfindən narazılıqla qarşılanan məsələni kompensasiya etmək istəyir. Elə bu səbəbdən də tərəflər arasında olan Dağlıq Qarabağ münaqişəsilə bağlı öz mövqeyini ortaya qoyur. Azərbaycan problemin tezliklə həllinin tərəfdarıdır. Artıq ermənilər "status- kvo"nun qorunub saxlanılmasına çalışır və havadarları da onlara dəstəkdirlər. Bu mümkün olan bir şey deyil. Respublikamızın iqtisadiyyatının, ordusunun gücləndiyi, Serj Sərkisyanın nüfuzunun aşağı düşdüyü bir vaxtda ermənilər Azərbaycanın qüdrətini hiss edir. Serj Sərkisyan demək olar ortalıqda qalıb, səfər etdiyi ölkələrdə belə dövlət rəsmiləri onunla görüşmək istəmirlər. Düşünürəm ki, onlar bu məsələdən nəticə çıxarmaldırlar.
Səfirin bu təklifində Azərbaycana can yanğısından çox bizi sakitləşdirmək, ermənilərə ürək-dirək vermək istəyini hiss edirəm. Çünki söhbət 7 rayondan yox, Azərbaycanın işğal altında olan bütün ərazilərindən getməlidir. Laçın dəhlizi, Dağlıq Qarabağa status verilməsi sonrakı mərhələnin məsələsidir.
Ona görə də bu məsələni hərə öz bildiyi kimi meydana qoymamalı, təklif verib mövqe göstərməməlidir. Hesab edirəm ki, ABŞ Azərbaycanın ona dost münasibətini bilir, respublikamızda baş verən proseslərdən xəbərdardır. Öz nüfuzundan istifadə edərək Azərbaycanın baş problemində fəallığını artırmalıdır. Eyni zamanda bu həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi onun üzərinə götürüdyü öhdəlikdir, borcdur".